AZAL prezidentinin xanımından şikayətçi olan iş adamı bəraət aldı
6-07-2021, 09:15
Zərifə Həmzəyevanın zorla şirkəti onun əlindən aldığını deyən İlqar İsmayılovla bağlı hökm verildi Nəsimi Rayon Məhkəməsində “Azərbaycan Hava Yolları” QSC-nin rəhbəri Cahangir Əsgərovun həyat yoldaşı Zərifə Həmzəyevanın adı keçən işlə bağlı hökm elan edilib. “Premium Bank”ın təsisçisi, kosmetik məhsulların istehsalıyla məşğul olan “Gazelli Group”un rəhbəri Zərifə Həmzəyeva həm də “İdeal” mağazalar şəbəkəsinin keçmiş sahibi İlqar İsmayılovun əlindən bu şirkəti zorla almaqda ittiham olunur. İş adamı dövlət orqanlarına məktublarında şirkətin əlindən necə alındığını yazıb, mətbuata müsahibələrində bu haqda danışıb. O bildirib ki, əvvəlcə öz iradəsilə qarşı tərəfin təklifini qəbul edib, şirkətin 50 faizini 2011-ci ildə onlara satıb. Sonra qalan payı da tələb ediblər, o, imtina edəndə isə müxtəlif təzyiq vasitəsinə əl atıblar. İş adamının sözlərinə görə, “Premium Bank”da adına kredit müqaviləsinin saxtalaşdırılmasından tutmuş, 2017-ci ildə sifarişlə həbs olunmağa qədər müxtəlif təzyiqlərlə üzləşib. Sonda “İdeal”da qalan payını da onlara verməyə məcbur olub. İlqar İsmayılovun sözlərinə görə, onu maddi baxımdan çökdürmək, asılı vəziyyətə salmaq üçün “Premium Bank”dakı 5 milyonluq kredit müqaviləsi saxtalaşdırılıb. Zərifə Həmzəyevanın hüquqşünası və nümayəndəsi Məharət Hüseynli bu fikirlərə görə İlqar İsmayılova qarşı xüsusi ittiham qaydasında iddia qaldırıb. İş adamının Cinayət Məcəlləsinin 147 (böhtan) və 148-ci (təhqir) maddələrilə cəzalandırılması tələb olunub. Məharət Hüseynlinin iddiasına Nəsimi Rayon Məhkəməsində hakim Azər Tağıyevin sədrliyilə baxılıb. İyulun 5-də İlqar İsmayılov və vəkilləri İlhamə Həsənova, Gülnar Quluzadənin, həmçinin xüsusi ittihamçının vəkili Asif Məmmədovun iştirakıyla keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, İlqar İsmayılova qarşı Cinayət Məcəlləsinin 147 və 148-ci maddələrilə irəli sürülmüş ittihamlar əsassız hesab edilib. İttiham sübuta yetirilmədiyinə görə onun haqqında bəraət hökmü çıxarılıb. İlqar İsmayılov hazırda həbsdədir. O, 2011-2017-ci illərdə vəzifəsindən sui-istifadə edərək, 680 min manata yaxın vəsaiti mənimsəməkdə təqsirləndirilir. Ona qarşı Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda məınimsəmə) və 308.2 (vəzifədən sui-istifadə etmə) maddələri ilə ittiham irəli sürülüb. Lakin iş adamı ittihamları qəbul etmir. O bildirib ki, “İdeal”dakı payını və əmtəə nişanını vermək istəmədiyinə görə ilk dəfə 2017-ci ildə şərlənib həbs olunub, o zaman 3 ay 10 gün həbsdə saxlanıb. Şirkətdəki payından və əmttə nişanı hüququndan imtina etməsi haqda sənədləri imzalayandan sonra həbsdən buraxılıb. 3 il dözsə də, sonra hüququnu tələb etməyə başlayıb. Ardınca yenidən həbs olunacağı barədə xəbərdarlıq edilib. İlqar İsmayılov həbsindən bir neçə gün əvvəl “Facebook” hesabından paylaşımında da yazmışdı ki, 2017-ci ildə AZAL rəhbərinin kabinetində Cahangir Əsgərovun özü və həyat yoldaşı Zərifə Həmzəyevanın hədə və tələbilə Samir Əliyev adlı şəxsi “İdeal Kompani”nin direktoru təyin etmək məcburiyyətində qalıb. “İdeal”ın idarəçiləri 2020-ci ildə “Sabina” mağazalar şəbəkəsini də alıb. Bu iki şirkət “Adore Company”ə daxil edilib. “Adore Company”nin rəhbərliyində bir neçə ay əvvəl dəyişiklik olub. Bu ilin yanvarında şirkətin direktoru Samir Əliyev Nərmin İsmayılova əvəzləyib. “Premium Bank”dan isə saxta kredit müqaviləsi haqda deyilənləri təkzib ediblər. Bankdan bildirilib ki, İlqar İsmayılovun müxtəlif dövlət orqanlarına göndərdiyi şikayətlər araşdırılıb və onun iddiaları təsdiqini tapmayıb. Bankdan onu da qeyd ediblər ki, 5 milyonluq kredit müqaviləsi gerçək olub, İlqar İsmayılovun həmin vəsaiti almadığı haqda söylədikləri həqiqətəuyğun deyil. “Premium Bank” 1993-cü ildə yaradılıb. Əvvəl onun adı “AZAL Bank” olub, 2008-ci ildə “Silk Way”a dəyişib. 2018-ci ildən isə “Premium Bank” adlanır.