İçində 28 nəfər olan təyyarə radardan itib

6-07-2021, 13:45   

Petropavlovsk-Kamçatskıdan Palana şəhərinə uçan təyyarə eniş zamanı dispetçerlə əlaqəni itirib
Rusiyanın uzaq şərqindəki Kamçatka yarımadasında göyərtəsində 28 nəfərin olduğu AN-26 təyyarəsi radardan itib. Bu haqda iyulun 6-da xəbər agentlikləri yerli rəsmilərə istinadla xəbər yayıb.
Petropavlovsk-Kamçatskıdan Palana şəhərinə uçan təyyarə eniş zamanı dispetçerlə əlaqəni itirib.
Təyyarədə 22 sərnişin və altı heyət üzvünün olduğu bildirilir.


Dənizə düşmə versiyası
Təhqiqat başladılıb, hadisə yerinə axtarış missiyası göndərilib. Azı iki təyyarənin və xilasedicilərin hazır vəziyyətə gətirildiyi xəbər verilir.
Təyyarə Kamçatka Aviasiya Müəssisəsi adlı şirkətə məxsus olub, 1982-ci ildən istismarda idi. Şirkətin direktoru Aleksey Xabarov “Interfax” xəbər agentliyinə təyyarənin texniki baxımdan saz vəziyyətdə olduğunu deyib.
Bəzi media orqanları təyyarənin dənizə düşməsi versiyasını irəli sürüb, amma bu hələlik, rəsmən təsdiqlənməyib. Palana şəhəri Oxotsk dənizi sahilində yerləşir.
Yerli rəsmilər sərnişinlərin çoxunun Palanadan olduğunu deyiblər. Onların içində dörd yerli hökumət üzvü, şəhərin başçısı Olqa Moxiryova da var. Palananın əhali sayı 3 minə yaxındır.


Təyyarə qəzaları
Kamçatka Aviasiya Müəssisəsinə məxsus Antonov An-28 təyyarəsi 2012-ci ildə Petropavlovsk-Kamçatskdan Palanaya uçarkən dağa dəyib. O zaman təyyarədəki 14 nəfərin 10-u həlak olub. Həlak olan hər iki pilotun qanında alkoqol aşkarlanıb, TASS yazır.
Son illər Rusiyada ölümlə nəticələnmiş bir neçə təyyarə qəzası baş verib, səbəb kimi zəif baxım və təhlükəsizlik standartları göstərilib.
2019-cu ilin mayında Aeroflot-a məxsus Suxoy Superjet təyyarəsi Moskva aeroportuna enərkən qəza edərək alışıb, təyyarədəki 41 nəfər həlak olub.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.