Maltada yaşayan keçmiş arvadını öldürmək üçün killer axtaran və böyük məbləğdə pul ödəməyə hazır olan nüfuzlu azərbaycanlının bu ölkədə güclü əlaqələri var. virtualaz.org xəbər verir ki, bu haqda Malta KİV-ləri yazır.
Xatırladaq ki, ötən gün “The Times of Malta” nəşri Maltada yaşayan qadının keçmiş ərinin bu ölkənin hüquq-mühafizə orqanlarına təqdim etdiyi şikayəti barədə yazıb. Kimliyi açıqlanmayan qadın bildirir ki, keçmiş əri Maltada işləyən azərbaycanlıya onun qətlini həyata keçirmək üçün killer tapmaq sifarişi verib. Və bunun üçün yüksək məbləğ ödəməyə hazır olduğunu deyib. Lakin həmin azərbaycanlı bu planı qadına danışıb. Qadın həmin şəxsin iki videoyazısını da dəlil olaraq prokurorluğa təqdim edib. Habelə bildirib ki, keçmiş əri bir neçə ay əvvəl onun mənzilinə gizli kamera və səsyazma qurğusu yerləşdirilməsini təşkil edib.
Prokuror Piter Pol Zammit qadının bu şikayətini araşdırmaq üçün məhkəməyə göndərib. Və iş üzrə məhkəmə təhqiqatının aparılması üçün vəsatət verib.
“Newsbook” adlı Malta internet-nəşri yazır ki, həmin qadın Rusiya vətəndaşıdır. Hazırda Malta vətəndaşı ilə evlidir. Keçmiş ərinin onu öldürmək üçün killer axtardığını qadına çatdıran azərbaycanlı isə Maltada işləyir və onlarla qonşuluqda yaşayır. Həmin şəxs (azərbaycanlı) rus dilində danışdığı videoda təsvir edir ki, qadının keçmiş ərinin killer tapmaq barədə xahişindən şoka düşüb.
Və o, Azərbaycanda uzun müddət həbsdə olmuş qardaşı vasitəsilə killer tapmağa çalışdığı haqda görüntü yaradaraq vaxt udmağa çalışıb.Bildirilir ki, qadın bundan əvvəl də keçmiş ərinin onu öldürmək planları barədə Malta polisinə şikayət edib, lakin Malta hakimiyyəti şikayətlərə məhəl qoymayıb, keçmiş ərinin tərəfində olub. Hazırda Malta polisi şikayət üzrə araşdırma aparır, amma məhkəmə araşdırması hələ başlamayıb.Qadın israr edir ki, onun keçmiş ərinin Maltada güclü əlaqələri var. Bu deyilənləri videoda çıxış edən şəxs də təkrar edib. Qadın keçmiş ərinin-Azərbaycan vətəndaşının Maltaya aparılmasını və dindirilməsini tələb edir.
virtualaz.org