Ölən qadının anası: Qızım dedi ki, həmin gün məni çox pis döydülər

3-09-2021, 08:40   


  •  
“Həmin vaxt yoldaşından kömək istəyib, o da kömək etməyib”
Bir neçə gün öncə azyaşlı qızı ilə birgə yaşadığı evin damından yıxılaraq həyatını itirən Aytən Niftəliyevanın anası Mehriban Süleymanova Meydan TV-yə danışıb. Ana nəvəsi və qızının ölümündə kürəkəni Rəhman Niftəliyevi və onun ailəsini günahkar sayır.
Qızının həyatından danışan Mehriban Süleymanova bildirib ki, uzun müddətdi Aytənlə həyat yoldaşının münasibətləri pis idi. Ən son, avqustun 29-da onlara gələndə boşanacağını bildirib:
“Bir günlük qonaq gəlmişdi. Həmin gün mənə dedi ki, bizim birgə yaşayışımız alınmır. Deyəsən mən boşanacağam. Qızım şikayətləndi ki, aylardır Rəhman onu ailəsi kimi saymır, evə gec gəlir, bəzən gəlmir və həyatında başqa qadın var. Mən də dedim ki, ailədə söz-söhbət olur, düzələr, get evinə, yaxşı olar. Avqustun 30-da taksi ilə yola saldım, getdi. Sonra Rəhmanın telefonundan zəng etdi ki, evdəyəm, çatmışam, narahat olma. Öz telefonunu yoldaşı əlindən almışdı”.
Ananın sözlərinə görə, elə həmin gün kürəkəni ona zəng edib. Deyib: “Bezmişəm, qızınla boşanmaq istəyirəm, gəl onu apar”.
“Mən də qaynatasına zəng etdim. Ardından qaynanası məni yığdı. Təhqir etdi, kobud danışdı. Axırda da dedi ki, sənin qızın dəlidir, gəl onu apar. Mən taksiyə minənədək bir də zəng etdi, “tez gəl”, - dedi. Uşağın ağlamaq səsi gəlirdi, anladım ki, onu döyüblər. Qızım hələ nişanlı vaxtından döyülürmüş, ərə gedəndən sonra da şiddət davam edib. Uzun müddət bizdən gizlədib. Hətta Rəhman ona hamilə olduğu vaxt da dəfələrlə əl qaldırıb, balama zülm edirmiş. Özü də deyirmiş ki, kiməsə desə, daha pis döyəcək. Qızım da qorxusundan yalvarırdı, “mama, qurban olum, səsinizi çıxarmayın”, - deyirdi. Mən avqustun 30-da gedib ora çatanadək zəng etdilər ki, qızın özünü atdı. Getdim ki, uşağı da, qızımı da xəstəxanaya aparırlar. İkisi də sağ idilər. Həmin gün mənə dedilər ki, guya Aytən özünü və uşağını öz yataq otağından atıb”, - ana deyir.
Mehriban Süleymanovanın dediyinə görə, qızı ayılandan sonra həyat yoldaşı və onun ailəsinin dediklərini təkzib edib. Polisə ifadəsində damdan yıxıldığını bildirib:
“Dedi: “Məni həmin gün çox pis döydülər. Mən də uşağı götürüb dama çıxdım”. Yuxarıda ayağı sürüşüb, uşaq qucağından yıxılıb. Qızım da uşağın əlindən tutub yuxarı çəkmək istəyəndə özü də sürüşüb. Həmin vaxt yoldaşından kömək istəyib. Yoldaşı kömək etməyib, nəticədə, ana-bala damdan yıxılıb bu hala düşüblər. Nəvəm elə həmin gün həyatını itirdi, qızım da ondan 2 gün sonra, bu gün səhər öldü”.
Ana deyir ki, qızının bədənindəki sümüklərin çoxu sınıbmış. Tərpənə bilmirmiş, amma normal izahat verə bilib:
“Mənim uşağıma zülm ediblər, indi işin altından çıxmaq istəyirlər. Xahiş edirəm, qızımın və nəvəmin qanının yerdə qalmasına izin verməyin. Mənim balamın 24 yaşı var idi, 3 il idi ailə qurmuşdu. 600 balla universitetə girmişdi, savadlı idi. Kimya mühəndisliyi üzrə təhsil almışdı. Heç qoymadılar gedib diplomunu alsın, qaldı işləməyə imkan verələr. Aylar əvvəl atası koronadan həyatını itirdi. Qarabağ veteranı idi. Heç yasına gəlməyə də icazə verməmişdilər Aytənə. Eləcə telefonda zəng edib ağlayırdı. Belə zülm edirdilər mənim balama”.
Bir gün öncə Aytən Niftəliyevanın həyat yoldaşı Rəhman Niftəliyev “İnstagram” səhifəsində açdığı canlı yayımda olanlarda günahının olmadığını deyib. O, Aytən Niftəliyevanı qızları Tahirəni öldürməkdə suçlayıb. Bildirib ki, həyatını itirməsə həbs olunmalıdır:
“Deyirsiniz, ana övladını necə ata bilər? Bəs atalar şərəfsizdirmi? Onlar övladlarını ata bilərmi? Demək çox asandır. Onun yeriməyi, bez taxması hamısı mənim gözümün önündədir. Mənimlə birgə ekspertizaya gəlin. Əgər mən qatiləmsə, mənim üzümə ən ağır söyüşləri söysünlər. “Qadın cinayəti”, - deyib cəmiyyəti yaralı yerindən vurmayın. Gəlin, qızımın qanının arxasınca birgə düşək. Mənə qarşı olmayın”.
Rəhman Niftəliyev bildirib ki, əlində həyat yoldaşı və qızının yıxılmasının kamera görüntüləri də var:
“Mən Tahirənin qatili olsam, bu sübut olsa, gəlin məni öldürün. Onsuz da balamı itirmişəm, mənim yaşamağa həvəsim qalmayıb. Əvvəlcə dedilər: “Aytəni özünü öldürməyə sövq etmisən”. İndi deyirlər: “Onları sən atmısan”. Bu gün dedikləri sabahkı ilə uyğun gəlmir. Amma bütün hər şey istintaqda üzə çıxacaq. Sadəcə səbrli olmaq lazımdır”.
Baş vermiş hadisə ilə bağlı Baş Prokurorluq da məlumat yayıb. Həmin məlumatda bildirilir ki, avqustun 30-da saat 14 radələrində paytaxtın Səbail rayonu ərazisində yaşayan 1997-ci il doğumlu Aytən İlham qızı Niftəliyeva və onun azyaşlı övladı 2020-ci il təvəllüdlü Tahirə Rəhman qızı Niftəliyeva yaşadıqları evin pəncərəsindən yıxılaraq çoxsaylı bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib:
“Hadisə ilə bağlı Səbail Rayon Prokurorluğuna məlumat daxil olub. Prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib. Göstərilən zəruri tibbi yardımlara baxmayaraq, Tahirə Niftəliyeva aldığı xəsarətlərdən avqustun 30-da, Aytən Niftəliyeva isə sentyabrın 2-də müalicə olunduqları xəstəxanada vəfat ediblər”.
Prokurorluq bildirir ki, faktla bağlı Səbail Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb:
“Cinayət işi üzrə müvafiq ekspertizalar təyin olunmuş, şahidlər dindirilib. Hazırda cinayət işi üzrə bütün xüsusatlar tam və hərtərəfli araşdırılır”.
Mehriban Süleymanovanın 3 övladı var. Aytən onun tək qızı olub. Ananın tək istəyi qızının və nəvəsinin ölümünün ədalətli araşdırılmasıdır:
“Xahiş edirəm, mənim qızımın qanının yerdə qalmasına imkan verməyin. Günahkarlar cəzasını çəksinlər. Onların sərbəst dolaşmağı cəmiyyət üçün təhlükəlidir”.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.