“Həmin “Buk-M1-2” zenit-raket kompleksləri Gümrü bazasından alınmışdı...” - 44 GÜNLÜK MÜHARİBƏ BARƏDƏ SENSASİON ARAŞDIRMA

8-09-2021, 09:00   


Azərbaycan ordusunun qələbəsi, Ermənistan ordusunun darmadağın edilməsi və işğal altındakı torpaqlarımızın  azad olunması, Yerevanın kapitulyasiyası ilə başa çatan 44 günlük Qarabağ müharibəsi hələ də xarici hərbi ekspertlər tərəfindən təhlil edilir, araşdırılır. O cümlədən dünyanın aparıcı ölkələri Azərbaycan ordusunun ortaya qoyduğu yeni nəsil müharibə təcrübəsini öyrənir, bu təcrübə əsasında silahlanma konsepsiyasını dəyişdirir və pilotsuz aviasiyanın tətbiqi əsasında yeni silahlanma konsepsiyasına keçirlər.
virtualaz.org xəbər verir ki, Rusiyada fəaliyyət göstərən strategiyaların və texnologiyaların analizi Mərkəzi bu müharibə barədə sensasion sayıla biləcək araşdırmasını dərc edib. Araşdırmada Ermənistan ordusunun müharibənin ilk günlərindəcə necə darmadağın edildiyinə dair bir sıra məqamlar yer alır.

Kitab şəklində dərc edilən “Qafqazda fırtına” adlı araşdırma mərkəzin direktoru və hərbi analitik Ruslan Puxovun redaktəsi ilə hazırlanıb. Kitabda müharibədən əvvəlki vəziyyət, geniş beynəlxalq kontekst və nəhayət sentyabr ayında başlayan irimiqyaslı müharibənin gedişi təhlil olunur.
Araşdırmada qeyd olunur ki, Azərbaycan ordusu sürətlə havada hökmranlığı ələ aldı və zərbə pilotsuz aparatlarından, o cümlədən məşhur “Bayraktar TB2”-lərdən geniş istifadə etməyə başladı. Mərkəzin analitikləri qeyd edirlər ki, Azərbaycanın havada hökmranlığı sürətlə ələ keçirməsi Ermənistanın Qarabağda qurduğu hava hücumundan müdafiə sisteminin böyük hissəsinin elə müharibənin birinci günündə sıradan çıxarılması sayəsində mümkün olmuşdu.

Analitiklər bunu belə əsaslandırırlar ki, müharibə başlayanda Ermənistanın Hava Hücumundan Müdafiə sistemi “kifayət qədər müasir” deyildi.
“Ermənistanın HHM sistemlərindən ancaq “Verba” daşınan zenit-raket kompleksləri, “Buk-M1-2” və “Tor-M2KM” zenit-raket kompleksləri 1990-cı illərin ortalarından sonra işlənib hazırlanmışdı. 2000-ci illərin ölçülərinə görə, hətta “Buk-M1-2” o qədər də müasir sistem hesab edilə bilməz, çünki silahlanmaya 1998-ci ildə “Buk” ailəsindən olan zenit-raket komplekslərinin modernizasiyası xəttində aralıq sistem kimi daxil edilmişdi. Öz imkanlarına görə bu kompleks 2008-ci ildə silahlanmaya daxil olmuş “Buk-M2” və 2016-cı ildə silahlanmaya qəbul edilmiş “Buk-M3” komplekslərindən xeyli geri qalırdı, çünki sonuncuların daha müasir radarları və təkmilləşdirilmiş raketləri var”,-araşdırmada bildirilir.

Üstəlik Ermənistanın həmin kompleksləri nə vaxt alması ilə bağlı da müəyyən şübhələr var. Belə ki, 2020-ci ilin payızında müharibə başlayana qədər Ermənistanın “Buk-M1-2” zenit-raket komplekslərinə malik olması bu sistemlərin 2017-ci ildə Yerevanda keçirilən hərbi paradda nümayiş olunması faktına əsaslanırdı.
“Lakin həqiqət bir qədər dolaşıq ola bilər: yerli mənbənin sözlərinə görə, Qarabağ müharibəsi başlayana qədər Ermənistan faktiki olaraq bu sistemlərə malik deyildi. Paradda nümayiş etdirilən “Buk-M1-2” zenit-raket kompleksləri Gümrüdəki Rusiya hərbi bazasından müvəqqəti alınmışdı və Ermənistan ordusunun kamuflyajında rənglənmişdi,  paraddan sonra isə geri qaytarılmışdı. Mənbənin sözlərinə görə, müharibə başlayandan sonra Rusiya həmin kompleksləri Ermənistana təklif etdi, amma onlar təmir tələb edirdi və dərhal istifadə etməyə yaramırdı”,-Mərkəzin araşdırmasında bildirilir.

Araşdırmada deyilir ki, bu versiyanı dolayısı olaraq 2020-ci il dekabrın 13-də “Armenia Today” nəşrinə müsahibəsində qondarma “dqr təhlükəsizlik şurasının katibi” olmuş general Samvel Babayan da təsdiq edib. Bildirib ki, müharibə başlayanda ermənilərin sərəncamında olan 6 “Buk” kompleksindən cəmi 1-i işlək vəziyyətdə idi, qalan 5-i isə təmir olunmalıydı və Rusiyadan təmir briqadasının gəlişini gözləyirdi. Təmir briqadası isə ən tezi noyabrın əvvəllərində gələ bilərdi.
Nəticədə Ermənistan ordusu “Buk-M1-2” komplekslərini Qarabağda döyüşə ata bilmədi.
“Habelə “Verba” daşınan zenit-raket komplekslərinin Ermənistan ordusu tərəfindən istifadəsinə dair şübhələr var. Xəbər verilmişdi ki, 2016-cı ilin aprel müharibəsindən sonra Ermənistan Rusiyadan böyük partiya “Verba”, habelə “İqla-S” sifariş edib, amma yerli mənbə bildirir ki, 2020-ci ilin payızında müharibə başlayanda “Verba” raketlərinin təchizatı hələ həyata keçirilməmişdi”,-Mərkəz bildirir.
Ermənistanın silahlanmasında yer alan bütün HHM sistemlərindən ancaq “Tor-M2KM” müasir pilotsuz uçan aparatlarla mübarizə üçün qismən yararlı hesab edilirdi.

“Yerli mənbə “Tor-M2KM” zenit-raket komplekslərinin sayını da göstərir-müharibə başlayanda 6 belə zenit-raket kompleksi (bir batareya yarım) Qarabağda yerləşdirilmişdi. Nəticədə müharibənin əvvəlində erməni tərəfi 280 kilometrlik cəbhə xəttini bağlamaq üçün 6 “Tor-M2KM”zenit-raket kompleksinə malik idi, amma “Ohanyan xətti”nin yarılması nəticəsində cəbhə xətti sürətlə böyüdü oktyabrın sonlarına doğru 470 kilometr təşkil edirdi. Nəzərə alanda ki, “Tor-M2KM” komplekslərinin raketlərinin maksimal mənzili cəmi 15 kilometr təşkil edir, o zaman bütün ərazini bu miqdarda qurğu ilə müdafiə etmək müharibənin heç bir mərhələsində mümkün deyildi”,-araşdırmada deyilir.
virtualaz.org
P.S. Mərkəzin araşdırmasından digər məqamları daha sonra oxuculara çatdıracağıq.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.