Ötən gün YAP-ın Binəqədi rayon təşkilatının sabiq sədri Rasim Göyüşovun virtual intim görüntüləri yayılıb. Bu xoşagəlməz məsələ gündəmə gəldikdən sonra aydın olub ki, sosial şəbəkə istifadəçiləri arasında eyni üsulla “tora salınan” başqa şəxslər də var. Artıq bu tələyə düşən insanların sayı çoxaldığı üçün, həmin şəxslərin iş mexanizmi də müəyyənləşib.
Belə ki, şantajçılar sosial şəbəkə hesabına cəlbedici və açıq-saçıq gənc qız fotolarını qoymaqla əvvəlcədən seçdikləri kişilərə dostluq göndərirlər. Öncədən telefonda ekrangörüntüsünü videoya çəkən proqramı aktivləşdirdikdən sonra, həmin şəxslərə görüntülü zəng edirlər. Zəngə cavab verilən andan proqram aktivləşir və erotik hərəkətlər edən “qadın” qarşı tərəfin diqqətini cəlb etməyə və onu mümkün qədər daha uzun müddətdə videozəngdə saxlamağa çalışır. Artıq bu günədək bir neçə tanınmış şəxsin bu formada videosu sosial şəbəkələrdə yayılıb. Onlardan biri Naxçıvanda tanınmış bir dindar olub.
"Bu yaxında Naxçıvanda bir dindar da həmin tora düşüb. Hazırda utandığından o heç evdən bayıra da çıxa bilmir, nəinki məscidə namaz qılmağa", - redaksiyamıza bildiriblər.
Dələduzların toruna həmçinin Azərbaycanın iri banklarından birinin Tovuz filialının rəhbəri də düşüb, - redaksiyamıza bildiriblər.
Zəng edilən kişinin erotik hərəkətlər edən gənc qıza reaksiya verib-verməməsindən asılı olmayaraq, zəngin əvvəlindəki bir neçə saniyə həmin şəxslərin artıq “tora düşməsi” üçün bəs edir. Çünki qarşılaşdığı görüntünü anlamağa çalışan, yaxud elə buna maraq göstərən şəxs bir neçə saniyə də olsa, videoya baxmağa məcbur olur. Əgər zəng edilən kişi həmin gənc qıza maraq göstərib daha da irəli gedərsə, onun sonrakı taleyi sosial şəbəkələrdə, xəbər saytlarında manşet olur.
Amma burada maraq göstərməmək də kişiləri xilas etmir. Çünki videozəngi qəbul etdikdən sonra çəkilən bir neçə saniyə də həmin şəxsi şantaj etməyə bəs edir. Daha sonra saxta hesab arxasında olan şəxslər zəng etdiklərinin kişinin qeydə alınan videosunu özünə göndərib yayacaqları ilə hədələyib böyük məbləğlərdə pullar tələb edirlər.
Maraqlıdır ki, bir neçə həftə əvvəl Azərbaycan prezidentinin siyasi məsələlər üzrə keçmiş köməkçisi Əli Həsənov da şantaja məruz qaldığını demişdi. Keçmiş məmur, tualetdə gizli şəkildə çəkilmiş, erotik videolar ilə düzəldilmiş görüntülərlə şantaj edildiyini iddia etdi. Çox güman ki, Əli Həsənov da elə bu tora düşmüşdü.
virtualaz.org