İran türk dövlətinə çevriləcək! – Sensasion detallar

14-09-2021, 16:42   




İran rejiminin müstəqil Azərbaycana qarşı qeyri-adekvat və düşmən münasibəti, hər zaman Azərbaycanı zəif görməyə çalışması və düşmən Ermənistanın ayaqda qalması üçün çalışması İran yük maşınlarının Qarabağ iqtisadi zonasının rus sülhməramlılarının məsuliyyət zonasında yerləşdirilən ermənilər üçün qanunsuz və Bakıdan iznsiz daşımalar həyata keçirməsindən sonra yenidən aktuallaşıb.
Xüsusilə İran rəsmilərinin Azərbaycan və Ermənistana yanaşması, “iki ölkə arasında balansı qorumaq öhdəliyi” kimi cəfəng siyasi bəyanatlar irəli sürməsindən sonra hər kəs haqlı olaraq Tehranın Azərbaycanı zəiflətmək, Ermənistanı gücləndirməklə, “balansı” - əslində isə Azərbaycan üçün daimi milli problemi qoruyub saxlamaq istəyində olduğunu bildirirlər.
İran – hər zaman Azərbaycana münasibətini bu cür büruzə verib: mümkün olduqca Azərbaycanı zəif, başı özünə qarışan, torpaqları işğal altında qalan görmək istəyib. Bir çox hallarda isə Azərbaycana qarşı torpaq iddialarını səsləndirməkdən və Azərbaycanı hədələməkdən də çəkinməyib.
İranın düşmən siyasəti Heydər Əliyevin cənub qonşumuzla əlaqələri inkişaf etdirmək və özündən əvvəlki hakimiyyətin kobud səhvlərindən imtina edən dövlətçi siyasəti zamanı da vaxtaşırı gündəmə gəlib. Hələ 1999-cu ildə İran hərbi donanmasının Azərbaycanın cənub su sərhədi nişanını çıxarıb tullaması, paralel olaraq İran qırıcılarının hava sərhədimizə nümayişkaranə girərək, Cəlilabada qədər gəlməsi və az qala rəsmi şəkildə hərbi meydan oxuması hər kəsin xatirindədir. Bunun səbəbi guya Xəzərin hüquqi statusu müəyyənləşmədən Azərbaycanın neft axtarışlarını genişləndirməsi idi. Lakin hər kəsə bəllidir ki, İran neft kontraktlarından və Bakı-Ceyhandan əndişələnmişdi və bu konrtaktların qarşısını ala bilmədiyi, Azərbaycana yaxın illərdə külli miqdarda vəsait daxil olacağı və deməli, güclənəcəyi qorxusunu nümayiş etdirirdi.
Həmin ərəfədə Türkiyə İran hərbi donanmasının özbaşınalığına qarşı Azərbaycana hərbi kater bağışladı, qısa müddət sonra isə İranın Cəlilabada qədər uzanan qırıcısının cavabı Bakı səmasında türk şahinlərinin şousu ilə cavablandırıldı.
Bu, NATO-nun ikinci ən böyük gücünün möhtəşəm iradəsi idi və əlbəttə ki, həmin vaxt bu, həm də NATO-nun reaksiyası sayıla bilərdi.
İranın Azərbaycana qarşı atdığı addımlar son 30 ildə saysız-hesabsızdır və əlbəttə ki, hər kəsi bu sual hər zaman narahat edib: müsəlman təəssübkeşi cildinə girən İran niyə Azərbaycana dəstək vermir, əksinə, əleyhinə fəaliyyət göstərir və xristian faktorundan daim istifadə edib, Qafqazda təxribatlarını və işğalını sürdürən Ermənistanı himayə edir?
O cümlədən, hər kəsə yaxşı bəllidir ki, İranın müstəsna dəstəyi olmasaydı, Ermənistan Qarabağı 30 il işğalda saxlaya bilməzdi və İranın 44 günlük savaşda “neytral” (üzdə guya neytral) qalmasının səbəbi də Azərbaycanın artan gücü, Türkiyənin regionda inanılmaz qədər böyüyən söz sahibi olması idi.
Hər bir dövlət kimi İranın da milli maraqları var və milli maraqlar gələndə bu islam ölkəsinin mömin müsəlman rəhbərləri şeytanın özü ilə qardaşlıq sazişi bağlamağa hazırdırlar – bu, bəllidir. Ancaq maraqlıdır, İran Azərbaycandan niyə qorxub-çəkinir ki, Bakıya düşmən, İrəvana qardaş olur?
Ermənistan etibarsız və perspektivsiz dövlətdir, ilk fürsətdəcə Rusiya kimi, İrana da xəyanət edəcək. Tehranın bunu bilmədiyini düşünmək sadəlövhlük olardı.
Ancaq İranın azərbaycanlılardan çəkinməsi, Azərbaycanın qüdrətli dövlət olması ilə Güney Azərbaycanın milli-azadlıq hərəkatını stimullaşdıracağı düşüncəsi bu ölkə yetkililərinin düşmənçiliyini körükləyir.
İlk baxışda doğrudan da bu ehtimalın İranı narahat etməsi məntiqli görünür. Ancaq çox ciddi tarixi araşdırma aparılarsa, bunun ən az ehtimal olunan versiya olduğunu bilmək çətin deyil.
Məsələ ondadır ki, farslarla azərbaycanlıları – Qafqaz türklərini bir neçə min ilə dayanan mədəni, dini, ürfani təsəvvürlər bağlayır və həddən artıq yaxınıq. Azərbaycan türklərinin mədəniyyət baxımından farslar qədər yaxın olduğu hətta türk boyu tapmaq asan deyil.
İkincisi, türklər İran dövlətinə öz dövlətləri kimi baxıblar və tam min il İran dövlətinin qorunub-saxlanması üçün mücadilə aparıblar. Bu coğrafi ərazidə qurduğumuz türk imperiyalarının tarixinə baxmaq dediklərimizin sübutu üçün kifayətdir. Türklər İranda hakim olanda heç bir ayrı-seçkilik etməyiblər, əksinə, farslara ən yüksək mənsəblər veriblər, onların hətta dövlət idarəetməsində çoxluq təşkil etməsindən tutmuş, dillərində danışmağa qədər, heç bir qadağa tətbiq etməyiblər.
Farslar türklərin yönətdiyi İran dövlətinin əsas simaları olaraq qalıblar.
Yəni azərbaycanlıların İran dövlətini parçalaması mümkünsüz bir şeydir. Ancaq əlbəttə ki, İran dövlətində hakimiyyətə iddiası və haqqı olan azərbaycanlılardır.
Fars millətçiləri İranın dövlət kimi qorunması və inkişafında maraqlı olsaydı, mütləq şəkildə Azərbaycan dövlətinin yanında olar, münasibətləri ən yüksək səviyyəyə qaldırar, səmimi qardaşlıq edər, İran türklərinin doğal haqlarını tanıyar, onların mədəni muxtariyyətini qəbul edər və ölkədə ikinci dil kimi türk dilini qəbul edərdi.
İrandakı nüfuzu 40 milyona – ölkə əhalisinin az qala yarısına çatan Azərbaycan və digər türk toplumlarının enerjisinin, milli düşüncələrinin sıxılması o qədər kəskin şəkildə aparılır ki, bu “sıxılmanın” nəticədə böyük partlayışa səbəb olacağı şübhəsizdir. İran-fars rejimi əslində türklərə haqq tanımamaq, onların ana dilini belə qadağan etməklə azərbaycanlıları böyük bir qiyama sürükləyir, çevrilişə təhrik edir.
İran-fars rejiminin ən böyük səhvlərindən biri Azərbaycan dövlətinə yanaşmadır və bu, gec-tez Tehranın başında çatlayacaq.
Hətta bu qədər sıxılmada belə Cənubi Azərbaycanın milli azadlığını istəyənlər federasiya və azərbaycanlıların haqlarının dövlət səviyyəsində qəbulu, Azərbaycan dilinin ikinci dil olması, İran dövlətini bərabər qaydada yönətmək çağırışları edənlərdən qat-qat azdır və məncə, doğrusu da budur.
Cənubi Azərbaycan müstəqil dövlət olmayacaq, ancaq fars rejimi bu qədər millətçi siyasətini davam etdirəcəksə, İran bütövlükdə türk dövlətinə çevriləcək.
İranın fars-molla rejimi bu perspektivə hazırlaşmalı, bunun üçün Azərbaycan türklərinin haqqını tanımalı, normal dövlət modelinə keçməli, müsəlman ölkələrlə məkrli siyasətinə son qoymalı, Sasani düşüncəsindən ayrılmalı, Daranın vəsiyyətlərindən imtina etməlidir.
Nə qədər ki, Firdovsi və Pəhləvi düşüncəsi hakim olacaq, İran rejiminin böyük mənada sabahı olmayacaq.
Əlbəttə, rejim hələ cavandır, cəmi 42 yaşı var. Ancaq mütləq qocalacaq, mütləq – SSRİ kimi..


axar.az
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.