“AZƏRBAYCAN MƏCBUR OLUB GÜCDƏN İSTİFADƏ EDƏ BİLƏR...” - “Yeni Baş Qərargah rəisinin ilk olaraq Ankaraya getməsi də bir mesajdır”

15-09-2021, 09:07   



Azad İsazadə: “Laçın dəhlizini texniki baxımdan istənilən an bağlaya bilərik”
"Ordumuzda türk hərbi məktəbləri bitirən, türk yönümlü zabitlərin dominantlığı artıb"
44 günlük müharibədən sonra Azərbaycan Ordusu bir gün belə dayanmayıb, xüsusi təyinatlılarımız da daxil olmaqla ordu birliklərimizin bir hissəsi Ermənistanla dövlət sərhədində, işğaldan azad edilən ərazilərmizdə, bir hissəsi isə hərbi poliqonlarda durmadan təlimlər keçir. Ordumuzun müharibədən sonrakı aktivliyi mümkün yeni müharibə və təhlükə ehtimallarını gündəmə gətirir. Müharibədən sonra Azərbaycan generallarının dəfələrlə Türkiyəyə, türk generallarının isə Azərbaycana səfərləri də gözdən yayınmır.
“AzPolitika.info” bu mövzu ətrafında I Qarabağ müharibəsinin iştirakçısı, hərbi ekspert Azad İsazadə ilə söhbətləşib:

- Azad müəllim, ordumuz oluqca aktiv şəkildə hərbi hazırlıq səviyyəsini yüksəldir. Laçında, Konyada və Xəzərdə Azərbaycan-Türkiyə birgə hərbi təlimləri keçirildi, eləcə də Bakıda Pakistan, Azərbaycan və Türkiyə silahlı qüvvələrinin birgə təlimləri başlayıb. Sizcə, bu aktivlik nə ilə bağlıdır, regionda müharibə ehtimalı qalırmı?
- Real təhlükə gözləniləndir. Başa düşməliyik ki, düşmənimizə böyük zərbə vurmuşuq, amma o, yenə də nəyəsə ümid edir. Digər tərəfdən, hətta regionda sabitlik olsa və bizi heç bir təhlükə gözləməsə belə, ordu təlimlərə cəlb olunmalıdır.
Hər bir təlimin iki məqsədi var. Birincisi, ordunun real döyüş qabiliyyətini qaldırmaqdır. Sabah müttəfiqlərimizlə birgə əməliyyat keçirməyə ehtiyac yaranarsa, ən azından təcrübəmiz olsun, texniki vasitələrdən eyni formada istifadə edək. İstər Pakistan, istərsə də Türkiyə Ordusu Azərbaycan Ordusundan fərqlidir. Buraya təchizat, taktika və digər məsələlər aiddir. Biz, təlimlər zamanı həmin orduların bizdən fərqli cəhətlərini öyrənir və birgə fəaliyyət imkanlarını müəyyən edirik. Bu mənada təlimlərdə sözsüz ki, müdafiə qabiliyyətinin artırılması məqsədi güdülür.
İkincisi, hərbi hazırlıq məqsədilə yanaşı təlim həm də hərbi-siyasi gedişdir. Qarşı tərəfə nümayiş etdiririk ki, biz bunu bacarırıq, gücümüz var. Bəzən bu təlimlərə hərbi ataşeləri də dəvət edirlər ki, gücümüzü bilsinlər. Və ya təlimlərdən videoroliklər hazırlanıb nümayiş etdirilir. Bütün bunlar təsadüfi deyil. Bu təlimlər gizli olmur, öncədən elan olunur. Yəni təlimlər eyni zamanda düşmənə güc nümayişidir.
Məsələn, iki dövlətin xüsusi təyinatlıları Laçında təlim keçir. Bu, o deməkdir ki, biz meşələrdə və dağlarda anti-terror əməliyyatı keçirməyə hazırıq. Hər bir təlim paralel mesajlar da göndərir. Yəni biz hazırıq, birdən hücum etmək haqda düşünsəniz, bilin ki, biz buna düşünüldüyündən daha çox hazırıq. Başqa sözlə, belə təlimlər həm də profilaktik rol oynayaraq, müharibənin qarşısını alır.
- Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general Kərəm Vəliyev Türkiyəyə səfər edib, Ankarada həmkarı Yaşar Gülər və Türkiyə Müdafiə naziri Hulusi Akarla müzakirələr aparıb. Sizcə, bu müzakirələrdə məqsəd nədir?
- Əslində, buna normal proses kimi baxmaq lazımdır. Amma diqqət etsəniz görərsiniz ki, bizdə çoxdandır Baş Qərargah rəisi yox idi. Keçmiş tarixlərə baxsanız görərsiniz ki, yeni Baş Qərargah rəisi və ya Müdafiə naziri təyin edildikdə çox vaxt ilk səfərini Rusiyaya edirdi. Bu dəfə Baş Qərargah rəisi ilk olaraq Ankaraya getdi. Məncə, bu da bir mesajdır. Aydındır ki, Ankarada hansısa əməliyyat müzakirə edilmir. Generallar görüşərək, sadəcə birgə fəaliyyət, əməkdaşlıq məsələlərini diqqətə gətirirlər. Əlbəttə, burada siyasi məna da var. Hətta prezident seçiləndə hamı gözləyir ki, görək yeni prezident ilk səfərini hansı ölkəyə edəcək. Belə səfərlər bir növ həmin dövlətin “biz hansı ölkə ilə daha yaxınıq, harada olmaq bizim üçün daha münasibdir” düşüncəsini ortaya qoyur. Bu, bütün dünyada belədir. İlk olaraq, Türkiyəyə getmək də protokol addımıdır, amma bunun arxasında böyük mesaj da var. Bu göstərir ki, hansı ölkə ilə daha yaxınıq və məncə, niyə yaxın olmağımızın da ətraflı şərhinə xüsusi ehtiyac yoxdur.

- Avqustun 25-də Türkiyə Ali Hərbi Şurası Azərbaycana 4 general göndərmək haqqında qərar verib. Sizcə, bu, nə ilə əlaqəlidir və həmin generallar ölkəmizdə hansı işlərlə məşğul olacaqlar?
- Xatırladım ki, hələ yayda elan olunmuşdu ki, Azərbaycan Ordusu Türk Ordusunun standartlarına uyğunlaşdırılacaq. Yəni islahatlar aparılacaq. Bundan bir müddət sonra Azərbaycan Quru Qoşunları formalaşdırıldı. Deməli, hansısa dəyişikliklər, islahatlar baş verir. Türk Ordusunun Azərbaycana general rütbəsində peşəkar mütəxəssislər göndərməsinə də bu islahatların davamı kimi baxmaq lazımdır. Aydındır ki, türk hərbi məsləhətçiləri Azərbaycanda 1992-ci ildən var. Bu, gizli məsələ də deyil. 1992-ci ildən Türkiyənin Azərbaycandakı səfirliyinin hərbi ataşe şöbəsinin tərkibində belə məsləhətçilər var idi. İndi bu proses daha da dərinləşir və həmçinin, rəsmi xarakter daşımağa başlayır. Əlbəttə, bunun Azərbaycan Ordusuna faydası olacaq.
- Bu günlərdə Azərbaycan Müdafiə Nazirliyi Rusiya Müdafiə Nazirliyi və Qarabağdakı sülhmərmalı kontingentin komandanlığına İranın yük maşınlarıyla bağlı müraciət etdi. Bunun ardınca Azərbaycan tərəfi Gorus-Qafan yolunun Azərbaycanın suveren ərazisindən keçən hissəsində post qurdu və İran avtomobillərinin yoxlanılmasına başlanıldı. Azərbaycanın bu addımlarını necə dəyərləndirmək olar?
- Birincisi, məlum olub ki, İrandan Ermənistana getdiyi elan olunan yüklər sonradan Laçın dəhlizi vasitəsilə Xankəndində peyda olur. Yəni Azərbaycanın razılığı olmadan Azərbaycan ərazisinə İran avtomobilləri və malları daxil olurlar. Biz iki dəfə mesaj göndərdik və xəbərdarlıq etdik, amma nəticəsi olmadı. İran-Ermənistan dövlətlərarası yolunun 21 kilometri Azərbaycan ərazisindən keçir. Orada Azərbaycan gömrük prosedurlarını həyata keçirməli, qaçaqmalçılığa qarşı tədbirlər görməlidir. Bu, bizim qanunların tələb etdiyi funksional vəzifəmizdir. Yəqin ki, həmin ərazidə sərhədçilərimiz post qurub və böyük ehtimalla gömrük əməkdaşlarımız da orada xidmət aparacaq. Bununla paralel olaraq bizim Rusiya Müdafiə Nazirliyinə göndərdiyimiz məktubda rus sülhməramlıları qarşısında konkret məsələ qoyulur ki, Azərbaycan ərazisinə Ermənistandan daxil olan fiziki və hüquqi şəxslərin yoxlanılması məsələsi təşkil edilməlidir. Bunu Rusiya etməsə, Azərbaycanın Laçın dəhlizini bağlamağa tam ixtiyarı var. Sadəcə, biz əvvəllər ayrı-ayrı xarici siyasətçilərin, deputatların, erməni rəsmilərinin həmin dəhlizdən istifadəsinə etiraz edirdik. Amma bunlar birdəfəlik səfərlər idi. Lakin digər yandan məlum oldu ki, İran maşınları, yükləri rahat şəkildə bizim ərazimizdən keçir. Əlbəttə, qanun tələb edir ki, hətta bunlar humanitar təyinatlı yüklər olsa belə, yoxlanılmalıdır. Məsələ rüsumda deyil. Sadəcə, bu malları mütləq yoxlamaq lazımdır. Açığını deyək ki, bizim ərazimizdən keçən bu yoldan silah və eləcə də narkotik daşınması ehtimalı daim var. Başqa sözlə, bütün beynəlxalq hüquq normalarının bizə verdiyi qanuni səlahiyyətlər çərçivəsində bundan sonra həmin yüklər yoxlanılacaq. Buna təbii yanaşmaq lazımdır.
- Azərbaycan Qafan-Gorus yolunun Eyvazlı ərazisindən keçən hissəsində post qurduğu kimi, Laçın dəhlizində də eyni addımı ata bilərmi?
- Məntiqlə Laçın dəhlizində də post qurula bilər. Əvvəla, bura Azərbaycan sərhədidir. Laçınla Gorus arasında dövlət sərhədi var. Normalda buradan keçən malları Ermənistan öz tərəfindən, biz də öz tərəfimizdən yoxlayıb buraxmalıyıq. Hər iki tərəf arxayın olmalıdır ki, nə Azərbaycandan Ermənistana, nə də Ermənistandan Azərbaycana qeyri-rəsmi mallar daxil olmur.
Mənim fikrimcə, Azərbaycanın Laçın dəhlizində anoloji addımı atmasına imkan var. Azərbaycan texniki baxımdan istənilən an Laçın dəhlizini bağlaya bilər. Hətta bağlamasa da, bəyan edə bilər ki, dəhıizi bağlı elan edir və oradan keçənlərin təhlükəsizliyinə təminat vermir. Bu, o deməkdir ki, orada post qura bilməsək belə, o yolu vura bilərik.
Məsələn, Laçın və Gorus arasındakı sərhədə çıxa bilməsək belə, həmin dəhlizi bəlli yerlərdə bağlaya və texniki baxımdan yoxlanış həyata keçirə bilərik. Mən bunu mümkün hesab edirəm. Əlbəttə, Azərbaycan öz peykləri vasitəsilə Laçından keçən yük avtomobillərinin sayını bilir. Amma həmin avtomobillərin içində nələrin aparıldığını bilib-bilmədiyimizi deyə bilmərəm.

- Ermənistan tərəfinin Azərbaycanla sərhədlərin delimitasiya və demarkasiyasına hazır olması, habelə Ermənistanın dəmiryolları vasitəsilə İran və Rusiyaya, Azərbaycanın isə Naxçıvanla əlaqəsinin bərpa olunmasının mümkünlüyünə dair açıqlamasını necə şərh etmək olar, sizcə, rəsmi İrəvan real olaraq buna hazırdırmı?
- Hələlik bu, daha çox oyuna bənzəyir. Periodik olaraq Ermənistan tərəfindən bildirilir ki, onlar sülh müqaviləsinə hazırdırlar. Amma müqavilənin bağlanmasında Rusiyanın marağı olmadığından bu proses sanki yarıqapalı gedir və bu səbəbdən də tam informasiya əldə etmək olmur.
İkincisi, istisna etmirəm ki, Ermənistan danışıqlar yolu ilə vaxt udmağa çalışır. Unutmayaq ki, Qarabağla bağlı danışıqlar 28 ilə yaxın idi ki, gedirdi və ortada heç nə yox idi. Mümkündür ki, ermənilər belə açıqlamalar verməklə indi də danışıqların imitasiyasını həyata keçirmək və vaxt qazanmaq istəsin. Şəxsən mənim qənaətimcə, sülh müqaviləsinin imzalanmasında ermənilər daha çox maraqlı olmalıdır, nəinki Azərbaycan. Mən bunu Ermənistanın durumuna baxıb deyirəm. Amma nəzərə alın ki, bu həm də bir azərbaycanlının fikridir. Ola bilsin ki, ermənilər bir qədər fərqli düşünürlər.
- Sizcə, bölgədə yeni hərbi əməliyyatların başlaması riski nə dərəcədə realdır?
- Hazırda Azərbaycan bunda maraqlı deyil. Bizim torpaqları təmizləmək, əhalini yerləşdirmək, şəhərləri bərpa etmək kimi böyük işlərimiz var. Yəni müharibəsiz də kifayət qədər işimiz var. Amma bu poseslərə hansısa ayrı qüvvələr təhlükə yaradacaqsa, Azərbaycan məcbur olub azad edilən əraziləri qorumaq və əhalinin qayıtma prosesinin təhlükəsizliyini təmin etmək üçün gücdən istifadə edə bilər. Söhbət Azərbaycan ərazilərində qalan qanunsuz erməni silahlı dəstələrini zərərsizləşdirməkdən gedir. Hər halda, mən istisna etmirəm ki, Azərbaycan məcbur olacaq ki, gücdən istifadə etsin.
- Uzun illər əvvəl deyirdiniz ki, Azərbaycan Ordusunda sovet zabitləri ilə Türkiyədə təhsil alan zabitlər arasında ciddi rəqabət gedir. Bəs, indi orduda bu baxımdan vəziyyəti necə qiymətləndirirsiniz?
- Birincisi, situasiya kifayət qədər dəyişib. Ordumuzda türk hərbi məktəbləri bitirən zabitlərin sayı çoxalıb və onlar böyüyürlər, yeni vəzifələr və rütbələr alırlar. Onların arasında artıq generallar da var. Üstəlik, zamanında sovet ordusundan gələn zabitlər sonradan Türkiyədə xüsusi təlimlər keçiblər, türk ordu sistemi ilə tanış olublar. Belə zabitlərin də sayı çoxalır. Demək olmaz ki, rəqabət tam yoxdur, amma kifayət qədər azalıb. Mən statistika aparmamışam və konkret say deyə bilmərəm. Amma hiss edilir ki, türk yönümlü zabitlərin dominantlığı artıb.
Rasim Əliyev
“AzPolitika.info” 
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.