Ermənistan Gorus-Qafan yolunu İran TIR-ları üçün bağladı "BU VƏZİYYƏTİ PAŞİNYANA ÇATDIRIN, ƏGƏR O ƏSL BAŞ NAZİRDİRSƏ!.."

16-09-2021, 14:31   



Ermənistanın Milli Təhlükəsizlik Xidməti Gorus-Qafan yolunu İran yük maşınları üçün “müvəqqəti bağlayıb”. Bu haqda erməni KİV-ləri xəbər verir. Polis və xüsusi xidmət orqanı əməkdaşları İran TIR-larının sürücülərinə Azərbaycan ərazisindən keçməyən alternativ yolu təklif edirlər. Lakin həmin qrunt yol dardır və iri yük maşınları orada hərəkət edə bilmir.
Xəbər verildiyi kimi, Azərbaycan tərəfi bir neçə gündür Gorus-Qafan yolunda İran yük maşınlarını saxlayıb yoxlayır, onlardan yol vergisi tələb edir. Yol iki hissədə Qubadlı rayonunun ərazisindən keçir, Azərbaycan həmin hissələrdə sərhədçilərini yerləşdirib, Eyvazlı kəndi yaxınlığında isə gücləndirilmiş polis postu qoyub. Ötən gün Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanın Gorus-Qafan yolunda İran yük maşınlarını yoxlamasına haqq qazandırıb, yolun Azərbaycan ərazisindən keçdiyini təsdiqləyib.

Erməni KİV-ləri yazırlar ki, Azərbaycan tərəfi iranlı sürücülərdən daşıdığı yüklərin xarakterindən asılı olaraq 100-300 dollar arası yol vergisi tələb edir. Gorusa tərəf gedən iranlı sürücülərdən çoxu pullarının olmadığını deyərək bu vergini verməyiblər. Amma onlara xəbərdarlıq ediblər: geri qayıdanda həm gediş, həm gəliş üçün yol vergisini ödəməli olacaqlar.
Sürücülər deyirlər ki, erməni polisi və Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları onlara alternativ yolla getməyi təklif edirlər, amma TIR-lar çox böyükdür və belə dar yolla gedə bilmir. Bir çox sürücülər bu yolla getməyə cəhd edərkən qəzaya düşüblər.

“Sputnik Ermənistan” bildirir ki, Qafan tərəfdən gələn bir neçə yük maşınının sürücüsü Eyvazlı postunda 130 dollar ödədikdən sonra keçə bilib.
Digər məlumata görə, iranlı sürücülər Gorus-Qafan yolunun Ermənistandan keçən hissəsini (Eyvazlı yaxınlığında) bağlamağa hazırlaşırlar. Əmir adlı iranlı sürücü deyir ki,  benzin tankerinə görə ondan 360 dollar vergi (təhlükəli yük kateqoriyası) tələb edirlər, amma bu məbləği verməyə imkanı yoxdur.  Yolun həmin hissəsində hazırda onlarla TIR və yanacaq tankeri cəmləşib. Gorus-Qafan yolu ilə İrandan Ermənistana və geriyə yükdaşımalar iflic olub.
Erməni KİV-lərinin yazdığına görə yolda toplaşıb yaranmış vəziyyətə etiraz edən iranlı sürücülər deyirlər: "Bu informasiyanı Paşinyana çatdırın, əgər o əsl baş nazirdirsə!"
 virtualaz.org
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.