Rusiya hökumətinin rəsmi mətbuat orqanı olan “Rossiyskaya qazeta” Azərbaycana qarşı təxribata yol verib.APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, qəzetdə yayımlanan “Şamxor: Rus dəstəsi 195 il əvvəl Fars ordusunun avanqardını əzdi” ((“Шамхор: русский отряд разбил авангард персидской армии 195 лет назад”) adlı məqalədə Azərbaycanın XIX əsrin əvvəllərinə dair tarixi faktlar saxtalaşdırılıb.
Oleq Qalitskix adlı müəllifin məqaləsində 1826-cı ilin sentyabrın 15-də, bəzi mənbələrə görə sentyabrın 3-də baş verən Şamxor döyüşündən bəhs edilir. Rusiya-İran müharibəsi zamanı indiki Şəmkir ətrafında baş vermiş döyüş haqqında yazan rusiyalı müəllif Azərbaycan xanlıqlarını Şərqi Ermənistan (“Восточная Армения”) adı altında təqdim edib.Türk qacarlar sülaləsinin nümayəndəsi şahzadə Abbas Mirzəni fars sülaləsinin nümayəndəsi kimi təqdim edən müəllif yazır: “Öz növbəsində, hakim Fars sülaləsi 1804-1813-cü illərdəki Rusiya-Fars müharibəsinin nəticələrini geri qaytarmağa ümid edirdi, hansı ki, bu müharibənin nəticəsində Persiya Rusiyanın Gürcüstan, Dağıstan və Şərqi Ermənistan üzərində hökmranlığını tanımışdı”.
Göründüyü kimi, müəllif tarixi faktları saxtalaşdıraraq həmin zaman mövcud olmayan Gürcüstan, Dağıstan və Şərqi Ermənistan terminlərindən istifadə edir. Belə ki, 1804-1813-cü illərdə Rusiya ilə İran arasında gedən müharibə nəticəsində imzalanan Gülüstan müqaviləsinə görə, İrəvan, Naxçıvan və Talış xanlıqları istisna olmaqla bütün Şimali Azərbaycan xanlıqları Rusiya imperiyasının tərkibinə daxil olmuşdu. Həmin müqavilədə “Şərqi Ermənistan” termininə rast gəlinmir.
Daha sonra müəllif Abbas Mirzənin Qarabağa hücumundan və Şuşa qalasını mühasirəyə almasından yazır.
Qədim Azərbaycan şəhəri olan Şuşanı erməniləşdirərək “Şuşi” kimi təqdim edən “tarixçi-jurnalist” Şuşa qalasının “erməni və Rusiyaya sadiq azərbaycanlı əhalisinin dəstəyi ilə Abbas Mirzənin qoşunlarına müqavimət göstərdiyini” qeyd edir. Qalitskix burada daha bir tarixi faktı saxtalaşdırıb. Belə ki, onun qeyd etdiyi kimi, həmin dövrdə Şuşanın erməni əhalisi olmayıb. Həmin dövrdə ermənilər Şuşaya ancaq ticarət etmək üçün gəliblər.Qərəzli rusiyalı müəllifin məqaləsi başdan ayağa ziddiyyətli məqamlarla doludur. Bu ziddiyyətin meydana gəlməsinə səbəb isə onun tarixi faktları saxtalaşdırmaq cəhdləridir.
Müəllif məqalədə Qarabağ, İrəvan xanlıqlarının adlarını çəkir. Lakin həmin xanlıqlarının xanlarının azərbaycanlı olduğunu qeyd etmir. 1828-ci ilin 10 fevral tarixində imzalanan Türkmənçay müqaviləsinə toxunan müəllif bu müqaviləyə əsasən, “Şərqi Ermənistanda erməni özünüidarəçiliyinin yaradılması” haqqında razılığa gəlindiyini yazır”.
Yenə tarixi faktları saxtalaşdıran Qalitskix Türkmənçay müqaviləsinin XV maddəsinə əsasən, on minlərlə erməni ailəsinin İrandan Şimali Azərbaycan ərazisində köçürüldüyündən yazmır.Sentyabrın 15-də Rusiya hökumətinin mətbuat orqanı olan, bütün rəsmi məlumatların dərc olunduğu “Rossiyskaya qazeta”da yayımlanan Azərbaycana dair tarixi faktların saxtalaşdırılmasının əks olunduğu məqalənin müəllifi Oleq Qalitskix barədə APA-nın Moskva müxbiri araşdırma aparıb.
Məlum olub ki, Qailtskix Rusiyanın erməni diasporunun güclü olduğu Krasnodar diyarının Soçi şəhərində yaşayır. Məlum məqalənin sifarişçilərinin kim və ya kimlər olduğunu tək elə bu fakt müəyyən edir.Ona görə də Bakının daşnak-bolşevik işğalından azad olunan günün 103-cü ildönümündə, Bakıda və işğaldan azad olunan Şuşada bu münasibətlə hərbi yürüşlərin təşkil olunduğu gündə erməni diasporunun sifarişi ilə Qalitskixin Rusiya tarixi üçün o qədər də əhəmiyyətli olmayan “Şamxor döyüşü”ndən məqalə yazması heç də təəccüb doğurmur.
Təəccüb doğuran məqam Rusiya hökumətinin rəsmi mətbuat orqanı olan “Rossiyskaya qazeta”nın bu məqaləni yayımlamasıdır.