Bu ilin yanvarında İstanbulda məşhur azərbaycanlı kriminal avtoritet, “Lotu Quli” ləqəbli Nadir Səlifovun məzarı başında törədilən qətl işi üzrə istintaq tamamlanıb.“Lotu Quli”nin məzarı üstündə Əli Həşimovu öldürməkdə ittiham olunan Kənan İmanzadəyə prokurorluq ömürlük həbs cəzası tələb edir.
Bu hadisə həmin şəxslərin “Lotu Quli”nin İstanbul Esenyurt rayonundakı Gülvadi qəbiristanlığındakı məzarını ziyarət edərkən baş verib. Bakırköy Cümhuriyyət Prokurorluöğunun hazırladığı ittiham aktında bu qətlin təfərrüatları yer alır. Kənan İmanzadə ifadəsində bildirir ki, Rusiyadan zəng vuran dostu Əlinin onu öldürmək üçün killer qismində İstanbula göndərildiyini bildirib.
“Biz bu məsələni müzakirə etmək üçün mənəvi qardaşı hesab etdiyi Nadir Səlifovun məzarı başına getdik. Əli ilə mübahisə etdik, onu itələyərək yerə yıxdım. Daha sonra qaldıraraq qucaqladım. Əliyə silahı verərək sakitləşməsi üçün havaya atəş açmasını istədim. Ancaq Əli silahı başına dayadı. Silahı əlindən almaq istəyəndə atəş açıldı, mən qolumdan yaralandım. Xəstəxanaya gedəndə Əlinin öldüyünü eşitdim”,-o bildirib.
Lakin istintaq bu versiyaya inanmayıb və Kənan İmanzadənin Əli Həşimovu qəsdən öldürdüyü qənaətinə gəlib. Onun barəsində qəsdən adam öldürmə və icazəsiz silah gəzdirmə maddələri ilə ittiham irəli sürülüb, barəsində ömürlük həbs cəzası tələb edilib.
Hər iki şəxsin kriminal çevrələrə bağlı olduqları bildirilir. O vaxt yayılan xəbərlərdə deyilirdi ki, Əli Həşimovun Kənan İmanzadəyə borcu olub və o, borcunu həyatı ilə ödəyəcəyini deyərək özünü vurub.
“Lotu Quli” 2020-ci ilin avqustunda Antalyadakı otellərdən birində “Xan Bakinski” ləqəbli Xaqan Əhmədov tərəfindən güllələnib. (Virtualaz.org)