Rusiya seçkiləri ümumxalq rəsm dərsi kimi

20-09-2021, 08:55   


Müəllif: Leonid Şvets
Rusiyada Dövlət Dumasına, həmçinin yerli və məhəlli seçkilərdə səsvermənin üçgünlük proseduru başa çatır. Seçki kampaniyası və onun finalı adətən surprizlərlə və dramatik dönüşlərlə zəngin olur və hamının diqqətini bu demokratik yarışmaya yönəldir:  nəticə necə olacaq?  Ancaq Rusiyada çoxdan, son vaxtlar isə xüsusilə, vəziyyət fərqlidir, burada heç bir sürprizin olmaması, nəticələrin isə əvvəldən məlum olması üçün hər şey edilib. Məhz bu müəyyənlik hakimiyyətə özünü effektiv saymaq imkanı verir. Sürprizlər zəiflər üçündür. Elə demokratiya həmçinin.

Rusiyada çoxdan hər şey fərqli idi. İndi isə lap fərqlidir 
Əlbəttə, “Vahid Rusiya”nın səslərin neçə faizini toplayacağı müəyyən maraq doğurur, ancaq rəqabətli siyasi sistemlərdə olduğundan tamamilə fərqli anlamda. Belə ki, Rusiya misalında Kremlin nəzarətindən kənarda qalan siyasi qüvvələr seçkilərə, onların nümayəndələri majoritar dairələrə yaxın buraxılmayıb.
Uzun illərdir Dövlət Dumasında “Vahid Rusiya”ya kompaniya təşkil edən ənənəvi üçlük - Kommunist partiyası, Liberal-demokrat partiyası və “Ədalətli Rusiya” son dərəcə üzüyoladır və müstəsna loyallıqlarını sübut edib. Bu dəfə onların siyahısına Kremlin layihəsi olan “Yeni adamlar” da əlavə edilə bilər. Bu layihədən məqsəd köhnə brendlərə səs verməkdən tamamilə bezmiş şəxslərin səslərini toplamaqdır. Yeniləri istəyirsiniz? Buyurun, bu da onlar. 2016-cı ilin seçkilərində oxşar rolu İnkişaf partiyası, 2011-ci ildə isə “Haqq işi” partiyası oynamışdı. Düzdür, onlar Dumaya gedib çıxa bilməmişdilər.
Seçki kampaniyasından əvvəl müəyyən suallar vardı: Hakimiyyət 2018-cu ildə pensiya islahatlarını müdafiə edəndən sonra rusların rəğbətini itirən, üstəlik özünün əvəzlənməməsi ilə hamını yoran “Vahid Rusiya”ya fəal şəkildə dəstək verəcəkmi. Ancaq Vladimir Putin partiyanın fövqündəki lider kimi seçki prosesindən yüksəkdə durmağı seçməyərək birmənalı şəkildə “Vahid Rusiya”nın müdafiə edəndən sonra bəlli oldu ki, prezidentin dəstəklədiyi layihə az səs toplaya bilməz, bu ədəbsizlik olar.

Alternativ istəyirsiniz? "Yeni İnsanlar"a səs verin
Deməli, gərəkli nəticəyə mane ola biləcək hər şeyi ortadan götürmək lazımdır. Hakimiyyət də seçkilərdən əvvəlki bir ildə elə bununla məşğul oldu. Bu seçmənin sərtliyi həm də Belarusda prezident seçkilərindən sonrakı qızğın etirazlarla diktə olunurdu. Rusiyada həmin hadisələrin uzaqdan-uzağa bənzərinin təkrarlanmasına Kreml yol verə bilməzdi.
“Vahid Rusiya”nın yüksək nəticələrə hazırlanmasının gözlənilməz qurbanlarından biri Dmitri Medvedev oldu. O, hakim partiyanın formal lideri kimi özünün seçki siyahısına başçılıq edəcəyini gözləyirdi. Ancaq onun şəxsi reytinqi hazırda qətiyyən qaneedici deyil və yekun nəticələrə mənfi təsir edə bilər, odur ki, siyahıya daha populyar olan müdafiə naziri Sergey Şoyqu başçılıq etdi. Bu addımın çox vacib başqa nəticəsi də var: Medvedev partiya siyahısının seçkilərdə qalib gəlməsindən sonra Dövlət Dumasının spikeri vəzifəsini tutmaq imkanını itirdi. Bu isə onun Rusiya siyəsətində vacib dövr - 2024-cü ilə qədər və daha sonra üçün öz nüfuzunu artırmaq şanslarını dəfn etdi. Hazırda tutduğu elə də aydın olmayan Milli təhlükəsizlik Şurasının sədr müavini vəzifəsi ona həmin imkanları vermir.

Medvedev 2024-cü ildən sonra da perspektivlərini itirdi
Növbəti prezident seçkilərinin keçiriləcəyi 2024-cü il faktoru indiki seçkilərdə çox mühüm rol oynayır. Belə ki, həmin seçklər məhz indi formalaşan Dövlət Dumasının dövründə keçiriləcək və əgər Kremlə indi sürprizlər lazım deyilsə, üç il sonra heç lazım deyil. Ona görə də müxalifət və hətta potensial müxalifət meydanının təmizlənməsi dərindən və sərtliklə aparılır, seçkilərdən sonra da davam etdiriləcək.
Korrupsiya ilə mübarizə Fondunun (KMF) “ağıllı səsvermə” təşəbbüsü isə KMF-in darmadağın olması, fəalların inzibati və cinayət təqibləri, onların ölkədən sıxışdırılması ilə nəticələndi. “Ağıllı səvermə”də ümumxalq “yekdilliy”inin gözəl mənzərəsini pozmaq üçün seçicilərə “Vahid Rusiya”nın nümayəndələri istisna olmaqla qələbəyə daha şanslı istənilən namizədə səs vermək məsləhət görülürdü. Fondun rəhbəri Aleksey Navalnının zəhərlənməsi də total təmizləmələrin məntiqinə uyğun idi. Redaksiya siyasəti Ostankinonun informasiya siyasətinə uyğn gəlməyən bütün KİV-lər də darmadağın edilib.

Rusiyada ucadan düşünmək məsləhət deyil
Rəqabətli sistemlərdə seçkilər dəyişikliyin mümkünlüyünün sübutudursa, rəqabət olmayan sistemlərdə əksinə, onlar əhalini hər hansı dəyişikliyin gərəksizliyinə və qeyri-mümkün olduğuna inandırmalıdır: hər şey elə indi də gözəldir. Bu arada süni şəkildə əldə olunan nəticələr əhalinin öz rəhbərliyinin gözəl bu günlə bağlı əminliyini nə dərəcədə bölüşdüyünü dəqiq müəyyənləşdirməyə imkan vermir.
Əgər rəhbərlik özü də bu məsələdə tərəddüd edərək qaçılmaz və həyəcanlı dəyişikliklər gözləntisindədirsə, mühakimə yürütmək daha da çətinləşir. Bütün səylərə baxmayaraq və müəyyən dərəcədə həm də bu səylərə görə Rusiya böyük qeyri-müəyyənlik dövrünə qədəm basır. Və “Vahid Rusiya” nəticə kimi hansı rəqəmləri təqdim etsə də, bundan qeyri-müəyyənliyin dərəcəsi azalmayacaq. Tox sabitliyin zamanı arxada qalıb, irəlidə nələrin gözlədiyini ucadan söyləmək isə məsləhət bilinmir.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.