Ötən həftə Prezident İlham Əliyev Cəlilabad və Şəmkirə yeni icra başçılarını təyin edəndə “qızım sənə deyirəm, gəlinim, sən eşit!” eyhamı ilə bütün məmuriyyətə növbəti xəbərdarlığını etdi. Onlara xalqla işləməyi, özbaşınalıqlara son qoymağı, vətəndaş müraciətlərinə həssas olmağı tapşırdı, əli əyrilərin isə həbsə gedənlərin aqibətini yaşayacağını yada saldı.
Anaxeber.info-nun verdiyi xəbərə görə, dövlət başçısının bu çıxışından sonra icra hakimlərinin fəaliyyəti yenidən monitorinq olunub və ən odioz fiqurlar, ən çox şikayət edilən və mediada adı tez-tez çəkilən məmurların siyahısı tərtib edilib. Məlum olub ki, yerli əhalinin hədsiz dərəcədə narazı qaldığı əyalət başçılarından biri Bərdənin “firon”u Vidadi İsayevdir.
Onun İsmayıllı, Quba və Gəncə hadisələrinə bənzər səviyyəyə çatacaq idarəçiliyi camaatı o qədər boğaza yığıb ki, təhlükəli tendensiya yaranıb.
Xüsusən Vətən müharibəsindən sonra Bərdədəki şəhid ailələrinə, o cümlədən qazilərə etinasız münasibətinə görə böyük nifrət qazanmış V.İsayev üçün iki yol qalıb: ya vəzifədən gedir, ya da hərəkətlərinə düzəliş edir...
Lakin ilkin mərhələdə eksperiment üçün Bərdənin icra başçısına bir şans verilib. Məlumata görə, Bakıya - Prezident Administrasiyasına çağırılaraq danlanan, töhmət alan V.İsayevə qəti surətdə göstəriş verilib ki, hərəkətlərini korrektə eləsin, şəhid ailələrinə diqqət ayırsın, evlərinə baş çəksin, ən azından bu ərəfədə siyasi rəhbərliyin qəzəbinə tuş gəlməsin.
PA-ya çağırılan icra başçısına deyilib ki, son təyinatlarla bağlı çıxışında Prezidentin söylədiklərini qulaqardı etmək olmaz və onun vəziyyəti gərgindir.
Ona görə təqdimatının müsbət olmasını istəyirsə, Bərdədə fəaliyyətini yaxşıya doğru dəyişməyə başlasın. V.İsayevə o da deyilib ki, əhali ondan ciddi şəkildə narazıdır, heç kimi saymır və belə davam edə bilməz.
Bu təlimatlardan sonra rayona qayıdan icra başçısının bəzi şəhid ailələrini ziyarət etdiyi deyilir. Amma işin əcaib tərəfi odur ki, V.İsayevin gələcəyi qabaqcadan şəhid ailəsinə məlumat verilir, hətta şəhidin məzarını ziyarətə gediləcəyi üçün gül alınması ailənin boynuna qoyulur. Yəni icra başçısı bir gül alıb şəhidin məzarına aparmağı da özünə rəva bilmir, ailə xərcini çəkir.
V.İsayev PA-dan aldığı töhmətdən sonra bu davranışları ilə gərginliyin azalmasına, guya vətənpərvər məmur imici formalaşdırmağa çalışır.
Amma reallıq ondan ibarətdir ki, Bərdədə idarəetmə dəyişmir: rayonun qarış-qarış, səki-səki satılmasından tutmuş kiçik məmurlardan aylıq xərac yığılmasına, qəbula gələn vətəndaşların qapıdan qovulmasına qədər problemlər uzanır. V.İsayev şəhid ailələrini, qaziləri özündən döndərib.
Çünki qapısına gələni qovub, problemi olana kömək etməyib, hətta ardıcıl müraciət edənləri hədələyib, rayonda şəhid parkını, “20 Yanvar” guşəsini sökdürüb, 44 günlük müharibədə şəhid olanların ailələri, qazilərlə maraqlanmayıb, indiyə qədər məzarlarına baş çəkməyib.
Və indi PA-dan gələn tələbə əsasən özünü gözə soxmağa çalışır. Amma 10 noyabrdan bəri icra başçısı hansı şəhid qapısını döyüb, hansı qazinin işlə təmin olunmasına kömək edib? Günü kabinetində və restoranda keçən, masasındakı aylıq “yığım” kitabçasına göz atmaqdan başqa heç bir missiyası olmayan rayonun icra başçısının indi qayğıkeş məmur cildinə girməsi səmimi görünmür, yerli camaatda ikriah hissi doğurur.
V.İsayev artıq bütün qırmızı xətləri keçib və PA tərəfindən ona verilən növbəti etimadı doğruldacağı inandırıcı görünmür. Bərdənin idarəçiliyində dəyişikliyə ehtiyac var. Bu bölgə üzrə demək olar ki, bütün icra başçıları yenidir: Gəncə, Yevlax, Goranboy, Ağstafa və s. Amma Bərdə İH rəhbəri postu sanki İsayevə əbədi bağışlanıb. O da rayonu tar-mar etməsinin, özünə və oğluna biznes qurmasının fonunda şəhidlərin evlərinə baş çəkir, doğum günlərində məzarlarını ziyarət edir.
Son günlərdə Bərdə İH-nin saytına nəzər yetirmək kifayətdir, bu günədək şəhid ailələrini saymayan İsayev indi onların dərdinə şərik çıxan olub.
Bir müddət əvvəl də yazmışdıq - 44 günlük müharibədə erməni terroruna məruz qalan şəhərlərdən biri Bərdə oldu. Şəhərin ortasına qadağan edilmiş kasset tipli raket atdılar, xeyli mülki insan öldü, yaralılar oldu. Amma görün icra başçısı həmin şəhid sivillərin və yaralıların evinə baş çəkdimi?
Bundan sonra V.İsayevə verilən şans limiti bitir: ya Prezident onu vəzifəsindən azad edəcək, hətta korrupsioner əməllərinə görə cinayət işi belə açılması istisna deyil, ya da etdiyi yanlış idarəetməni dəyişərək əməllərini kompensasiya etmək üçün Bərdədə əhaliyə xidmət göstərəcək.
Anaxeber.info