Ərdoğan-Putin görüşü yeni müharibənin qarşısını alacaq?

21-09-2021, 17:06   


Ərdoğan-Putin görüşü yeni müharibənin qarşısını alacaq?

Rusiya Hərbi Dəniz Donanması Suriyadakı Tartus hərbi bazasına “Kalibr” raketləri ilə silahlanmış dörd sualtı qayıq göndərib.
“Varşavyanka” layihəsindən olan bu sualtı qayıqlar dizel-elektrik mühərrikləri ilə təchiz olunub. Bu haqda Rusiya mənbələri bildirir. Daha bir sualtı qayıq isə Aralıq dənizinin neytral sularında üzür. Sualtı qayıqların göndərilməsi Suriyanın şimalında, İlibdə vəziyyətin yenidən gərginləşdiyi bir vaxta təsadüf edir. Xəbərlər var ki, Suriya ordusu bölgəni müxalif yaraqlılardan təmizləmək üçün yeni irimiqyaslı əməliyyatlar planlaşdırır.
Hətta bəzi mənbələr Əsəd ordusunun hücumunun “hər an başlaya biləcəyini” deyirlər. Belə xəbərlər Bəşər Əsədin bir neçə gün əvvəl Moskvaya sürpriz səfərindən sonra yayılmağa başlayıb. Həmin görüşdə Rusiya Prezidenti Vladimir Putin Suriyanın əsas probleminin “dəvət olmadan bu ölkənin ərazilərinin bir hissəsində yerləşən xarici hərbi qüvvələr” olduğunu demişdi. Habelə, son günlər Rusiya aviasiyası İdlibdə müxalif qruplaşmaların mövqelərinə tez-tez zərbələr endirir. O cümlədən, regiondakı Türkiyə ordusu mövqelərinin bilavasitə yaxınlığına raketlərin atılması faktları qeydə alınıb.
Bütün bunlar Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiyaya yaxın günlərdə baş tutacaq səfəri ərəfəsində baş verir. Gözlənilir ki, Ərdoğanla Putinin danışıqlarının əsas mövzusu Suriya olacaq. Qeyd edək ki, Rusiyanın dəstəyi ilə Bəşər Əsəd ordusunun 2018-ci ilin noyabr ayından başlayaraq İdlib üzərinə hücumu Türkiyə ilə Suriya arasında müharibəyə gətirib çıxarmışdı. Rusiyanın bu döyüşlərdə Əsəd ordusuna açıq dəstək verməsi Suriyanın şimalında sülhün təmin olunmasına dair 2017-ci ilin avqust ayında Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan arasında imzalanmış Soçi Bəyannaməsinin pozulmasına səbəb oldu.
Nəticədə, Türkiyənin keçirdiyi hərbi əməliyyatlar zamanı Suriya ordusunun 3500 nəfərdən artıq silahlı qüvvəsi və 2000-ə yaxın hərbi texnikası məhv edildi. 2019-cu il fevralın 27-də Moskvada Rusiya və Türkiyə prezidentləri arasında imzalanmış birgə bəyannaməyə uyğun olaraq, Suriya ordusu hücum əməliyyatlarını dayandırdı. İdlib vilayətinin cənub və şərq hissəsində sabitliyin təminatı isə o vaxtdan Rusiya və Türkiyənin patrul xidməti tərəfindən birgə həyata keçirilir. Ona görə də İdlibdə yeni hərbi əməliyyatların başlaması Moskva razılaşmasının pozulması deməkdir. Bəşər Əsəd rejiminin nəzarət edə bilmədiyi əsas bölgələrdən biri İdlib vilayəti olduğundan rəsmi Dəməşq bu bölgədə hakimiyyəti bərqərar etməyə çalışır. Bu isə növbəti Türkiyənin də iştirak etdiyi müharibənin başlanmasına gətirib çıxara bilər.
“Oğuz” Müstəqil Araşdırmalar Qrupunun rəhbəri Vüqar Zifəroğlu Cebhe.info-ya açıqlamasında bildirib ki, Rusiya Suriyada atacağı istənilən addımların Türkiyə ilə münasibətlərə təsirini nəzərə almalıdır. Çünki Rusiya Türkiyənin Suriya ilə münasibətlərində ciddi iştirak edən tərəfdir. Rəsmi Moskva bu qüvvə ilə hesablaşmalıdır:

“Mən inanmıram ki, Rusiya Türkiyənin maraqlarına zərbə vuracaq hansısa addımlar atsın və ya Əsəd rejiminin belə hərəkət etməsinə icazə versin. Ola bilər ki, Prezident Ərdoğanla Putinin Moskva görüşündə Suriya məsələsi ilə bağlı bir sıra məqamlara aydınlıq gətirilsin. Çünki Rusiya və Türkiyə İranla birlikdə “Astana” formatının yaradıcılarıdır. Faktiki olaraq, İdlibdə hər hansı qarşıdurmanın baş verməsi “Astana” formatının laxlaması deməkdir. Bu isə Qərbin timsalında bölgədə maraqları olan digər qüvvələrin yaranmış vəziyyətdən istifadə etməsinə gətirib çıxaracaq. Qərbin Suriyada müəyyən irəliləyişlər əldə etməsi isə nə Rusiyanın, nə də Suriyanın maraqlarına cavab verir. Bu baxımdan, hər bir addım Türkiyə ilə razılaşdırılacaq. Çox güman ki, onlar İŞİD-in və Qərbin dəstəklədiyi islami hərəkatların fəallaşmasından narahatdır. Hərbi əməliyyatların başlanması Türkiyənin böyük zəhməti və səyi hesabına yaradılmış düzənin dağılmasına gətirib çıxaracaq. Bundan da zərər çəkən ilk növbədə, Rusiya və Əsəd rejimi olacaq”.
Ekspert qeyd etdi ki, rəsmi Dəməşqin hücuma hazırlaşdığı barədə yayılan məlumatlar hələ tam həqiqəti əks etdirmir. Bu xəbər Türkiyə Prezidentinin səfəri öncəsi Rusiya tərəfindən siyasi nəbzin yoxlanılması məqsədi də daşıya bilər:
“Hesab edirəm ki, Moskva görüşü çox əhəmiyyətlidir və Suriyadakı vəziyyətlə bağlı vacib qərarlar qəbul olunacaq. Yəqin ki, Putin-Ərdoğan danışıqlarında Bəşər Əsədin mesajları Türkiyə Prezidentinə çatdırılacaq. Burada vasiçi Rusiyadır. Amma maraqlar uzlaşdırılmalıdır. Əsədin və ya Rusiyanın mövcud düzəni laxlatmaq cəhdi ilk növbədə, onların maraqlarına zərbə vuracaq. Çünki bölgədə mövcud olan yalnız Rusiya və Türkiyə deyil. Bunu həm Kreml, həm də Bəşər Əsəd yaxşı bilir”.
Müşfiq Abdulla
Cebhe.info
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.