İran Azərbaycanın bu qədər sürətlə öz torpaqlarını işğalçılardan təmizləyəcəyinə və Rusiyanın sözügedən mərhələdə səssiz qalacağına inanmadı. Azərbaycan İranla sərhəd olan və Ermənistan tərəfindən işğal edilən rayonlarını da azad etdi. Buna görə İkinci Qarabağ müharibəsində proses Azərbaycanın xeyrinə inkişaf etməyə başladıqdan sonra İran Azərbaycan sərhədinə qoşun yığmağa başladı.Bunu
Axar.az-a açıqlamasında İran üzrə siyasi ekspert
Çağatay Balçı bildirib.
O qeyd edib ki, Qarabağdakı erməni separatçılarının tör-töküntülərinə müxtəlif mallar daşıyan İran yük maşınlarının Azərbaycan tərəfindən haqlı olaraq saxlanılması bu ölkəni qıcıqlandırıb:
“Erməni separatçılarına Gorus-Qafan yolunun Azərbaycandan keçən hissəsi ilə qanunsuz olaraq müxtəlif yükləri daşıyan İran maşınlarının Azərbaycan polisi tərəfindən saxlanılması, digər tərəfdən İran dövlət idarələrinin sürücülərə verdiyi məlum sənədlərin ortaya çıxması bu ölkəni qıcıqlandırıb. Bildiyimiz kimi, bəhs etdiyimiz sənədlərdə Xankəndi Ermənistan ərazisi kimi göstərilib. İranı narahat edən digər bir səbəb isə Türkiyə və Azərbaycanın son dövrdə keçirdiyi çoxsaylı hərbi təlimlərdir. İran indi başvermə ehtimalı olan 3-cü Qarabağ müharibəsinə hazırlıqsız yaxalanmaq istəmir. Ancaq İran bilməlidir ki, Türkiyə və Azərbaycanın ortaq təlimləri hansısa üçüncü dövlətə qarşı yönəlməyib. Azərbaycan isə Ermənistanın işğalı altındakı torpaqlarını azad etməklə öz ərazi bütövlüyünü və suverenliyini bərpa edib”.