İslamda, eləcə də digər dinlərdə “özünə rəva bilmədiyini başqasına da rəva bilmə” prinsipi var. Ancaq özünü islam təəssübkeşi kimi göstərən, lakin çox vaxt rəqibləri tərəfindən saxtakarlıqda, din istismarçılığında, məzhəbçilikdə və s. günahlandırılan İran rejimi deyəsən bu cür prinsiplərə, dini tələblərə qətiyyən məhəl qoymaq fikrində deyil...Bir anlıq təsəvvür edək ki, İranın hansısa bölgəsi təcavüzkar dövlət, separatçılar, terrorçular, qanunsuz hərbi birləşmələr və s. tərəfindən 30 ildir işğal olunub. Bu işğal zamanı on minlərlə iranlı gənc, yaşlı, qadın, uşaq qətlə yetirilib. İranın həmin əraziləri viran qoyulub, tarixi abidələri məhv edilib və s.
Və bütün bunlara baxmayaraq, qonşu müsəlman Azərbaycan İranın bütün xahiş və xəbərdarlıqlarına rəğmən həmin işğalçının, terrorçunun məskunlaşdığı İran ərazisinə, onun yuvasına(hələ silah-sursat və mal-material, yanacaq və digər strateji məhsulları bir kənara qoyaq), sadəcə ərzaq, yaxud geyim əşyaları daşıyır. Görəsən, belə yükləri daşıyan azərbaycanlı sürücü İran hakimiyyətinin əlinə düşsə, ona hansı cəzanı kəsər?
Kimsənin şübhəsi olmasın ki, belələrini dərhal “şəriət məhkəməsinə” çəkib, dar ağacından asarlar, yəqin ki, düz də edərlər. İranın terrorçularla və onlara yardım edənlərlə necə davrandığı yaxşı məlumdur. Yaxşı, belə olan halda, nədən onlara olar da, bizə olmaz? Axı onlar özlərinə rəva bilmədiklərini bizə rəva bilirlər! Doğrudur, biz kimisə asıb-kəsməyə hazırlaşmırıq...Amma faktdır ki, istər 30 illik işğal, istərsə də müharibə və ondan sonrakı dövrdə rəsmi və qeyri-rəsmi formada İrana bəlkə də yüzlərlə dəfə xəbər edilib ki, sizin yük maşınları bizim işğal olunmuş ərazilərimizdə sülənirlər.
Son olaraq, ölkə başçısı səviyyəsində konkret faktlara söykənərək, Laçın dəhlizi ilə separatçılara müxtəlif təyinatlı yüklər daşıyan İran maşınlarıyla bağlı etiraz bildirildi. Ancaq İrandan səs çıxmadı.Lakin Xankəndiyə gedən və həyasızcasına yol sənədinə də son təyinat nöqtəsi kimi “stepanakert” yazılan yük maşınlarının iki sürücüsü tərəfimizdən saxlanılan kimi, Tehran əl-ayağa düşdü, onların azad olunmasını tələb etdi. Hansı ki, bu şəxslər və onları göndərənlər konkret cinayət əməli törədiblər. Eyni şeyi azərbaycanlı sürücülər etsəydilər, onları sərhədi qanunsuz keçməkdə və terrorçuluğa dəstəkdə günahlandırar, hətta terrorçu elan edərdilər...
Ümumiyətlə, son ayların və xüsusilə son günlərin hadisələri göstərir ki, İran Azərbaycana qarşı apardığı məkirli siyasət və atdığı addımlarla Rusiyanı da ötüb keçərək, açıq şəkildə təcavüzkar Ermənistanın yanında durduğunu nümayiş etdirir. Bunu təsdiqləyən faktları saydıqca bitirmək mümkün deyil.Son olaraq, İranın Azərbaycanın Xəzər dənizindəki təlimlərinə münasibətini və özünün Azərbaycanla sərhəddə planlaşdırdığı və təbii ki, qonşu müsəlman ölkəyə “gövdə nümayişi” xarakteri daşıyan hərbi təlimlərini göstərmək olar. Nədənsə, Qarabağın 30 illik işğalı dövründə həmin sərhədlərdə hərbi təlim keçirməklə yox, ərazilərimizdəki separatçılar vasitəsilə Ermənistana və digər ölkələrə müxtəlif “qaranlıq” yüklər ötürməklə məşğul olan, yüz cür oyundan çıxan İran rejimi, 44 günlük müharibədəki qələbəmizdən və suveren sərhədlərimizin bərpasından sonra bu sərhədlərdə artıq ikinci təlimini keçirir. Niyə, səbəb nədir, Azərbaycan İran ərazisi üçün hansısa təhdidmi törədib?...
Yeri gəlmişkən, bu təlimlərlə bağlı bildirilir ki, orada İranın hərbi hava müdafiə qüvvələri də iştirak edəcək. O qüvvələr ki, ABŞ raketi əvəzinə Ukraynanın sərnişin təyyarəsini vurur, İraqdakı ABŞ hərbi bazasının əvəzinə az qala Yəməndəki susuz səhralıqları nişan alır. İndi kim təminat verə bilər ki, həmin bu “havadan müdafiə sistemləri” səhvən İrana aid hədəfləri vurub da, bunun günahınıl qonşularının üstünə atmayacaq?...Tehranın son “qəhrəmanlıqlar”ının üzərinə İranın Ermənistandakı, ermənilərə ermənilərdən çox ürəyi yanan səfirinin açıqlamalarını da əlavə etmək olar. Bir müddət əvvəl Azərbaycanla sərhəddə gəlib, durbinlə Azərbaycan mövqelərinə, əsgərlərinə baxan, ermənilərə ürək-dirək verən səfir Abbas Zohuri bu dəfə canfəşanlıq göstərərək, Ermənistan hökumətini tezliklə Gorus-Qafan yoluna alternativ yol çəkməyə çağırıb. Yəqin ondan ötrü ki, İran rejimi yenə də asanlıqla Qarabağdakı separatçı erməni qardaşlarına yanacaq, top-tüfəng daşıya bilsin...
Bütün bunlar onu göstərir ki, İranda prezidentlər, hökumətlər, nazirlər, və s. dəyişsə də, Tehranın əsrlər boyu davam edən Azərbaycan siyasətində heç bir dəyişiklik yoxdur. Azərbaycanın 44 günlük müharibədəki şanlı qələbəsi isə bu siyasəti daha da aqressivləşdirib. Çünki Azərbaycan dövlət, ordu, iqtidsadiyyat, cəmiyyət və s. olaraq böyüdükcə, onu istəməyənlərin bizə olan kin-küdurəti də böyüyür. Qoy böyüsün, yetər ki, biz də yolumuzdan dönməyək, böyüməkdə, güclənməkdə davam edək!Cəlal Məmmədov“AzPolitika.info”