İran son 30 ildə Ermənistanın işğalçılıq siyasətinə və Qarabağdakı separatçı rejimə dəstək verib.Tehran rəsmiləri işğalçıya dəstək verməklə yanaşı, Azərbaycana da ərazi iddiaları irəli sürüb. Ancaq Azərbaycan bu müddətdə İranla açıq qarşıdurmadan imtina edərək mehriban qonşuluq və əməkdaşlıq prinsipinə üstünlük verməyə çalışıb. Rəsmi Bakı İran rejiminə “qırmızı xətt”i keçməməyin vacibliyini göstərən ciddi siyasi mesajlar da verib. İranın yol verdiyi özbaşınalıq hallarının qarşısını almaq üçün diplomatik etiket qaydalarına uyğun xəbərdarlıqlar edilib, rəsmi Bakı əsasən ad çəkmədən yaranmış problemi yoluna qoymağa üstünlük verib.
Lakin son vaxtlar İran rejiminin Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə müdaxilə hərəkətlərinin artması Azərbaycanı Tehran hakimiyyəti ilə açıq mətnlə danışmağa vadar edir. İranın Gorus-Qafan yolu ilə Qarabağdakı separatçı rejimə naməlum yüklər göndərməsindən sonra Azərbaycanı dövlət səviyyəsində məsələyə münasibət bildirməli oldu.
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin “Anadolu” Agenliyinə müsahibəsində İranın yol verdiyi qanunsuz hərəkətlər barədə danışıb. Dövlət başçısı konkret olaraq İranın adını çəkib və qarşı tərəfi bu davranışa son qoymağa çağırıb:
“Lakin 11 avqust - 11 sentyabr aralığında 60 İran TIR-ı qanunsuz şəkildə Qarabağa hərəkət etdi. Bunun qarşısını almaq üçün biz artıq praktik addımlara keçdik. Bizim davranış və addımlarımız məsuliyyətlidir, dostluq münasibətlərinə əsaslanmaqdadır. İlk dəfə sözlə xəbərdarlıq, ikinci dəfə rəsmi nota, üçüncü dəfə nəzarət məntəqələri, gömrük, sərhəd, polis.Beləliklə, biz Azərbaycan ərazisindən keçən yola nəzarət etməyə başladıq və sonrasında Qarabağa gedən TIR-ların sayı sıfıra düşdü. Baxın, məsələni bu həddə çatdırmağa gərək vardı? Orada, Rusiya sülhməramlılarının nəzarətindəki Qarabağ bölgəsində cəmi 25 min insan yaşayır. Bu bazar o qədərmi önəmlidir? Bu ticarət dost və qardaş olaraq gördüyünüz ölkəyə açıq hörmətsizlik edəcək qədər önəmli idimi? Biz əlbəttə, beynəlxalq konvensiyalar və beynəlxalq hüquqla müəyyən edilən bütün vasitələrdən istifadə etdik. Bəziləri deyirlər ki, sadəcə, İran maşınlarından gömrük vergisi alırsınız. Biz indi xarici ölkələrə daxil olanda gömrük vergisi ödəyirikmi? Ödəyirik. Onlar da Azərbaycan torpaqlarından keçirsə, vergi ödəməlidirlər”, - Prezident İlham Əliyev belə deyib.
Yəni rəsmi Tehran üçün bəlkə də Azərbaycan polisinin Gorus-Qafan yolunun Qubadlı rayonundan keçən hissəsində yük maşınlarını saxladığı kimi, Prezident İlham Əliyevin İranın adını çəkməsi də gözlənilməz oldu. Bu, ilk növbədə, Azərbaycanın bölgədə geosiyasi mövqeyinin güclənməsi ilə izah oluna bilər. Yəni İranın təzyiqləri qarşısında susmağa üstünlük verə bilən zəif Azərbaycan dövləti yoxdur. Azərbaycan bölgədə siyasi şərtləri diqtə edən tərəfə çevrilib.
Buna baxmayaraq, İran mehriban qonşuluq və əməkdaşlıq əvəzinə qonşu ölkələrə təzyiq siyasətindən əl çəkmək istəmir. İran parlamentinin deputatı Ərdəşir Mütəhhəri Azərbaycanı hədələyərək özünün “Twitter” hesabında yazıb:
“Şimal qonşusunun paytaxtından İran sərhədinin sıfır nöqtəsinə qədər olan məsafə (dostluq çərçivəsindən kənara çıxmaq istəyirsə) İran hərbi qüvvələrinin bir top atəşi qədərdir!”Politoloq Nəsimi Məmmədli
Cebhe.info-ya açıqlamasında bildirdi ki, İran qonşularla, o cümlədən Azərbaycanla qarşıdurma siyasətindən əl çəkməlidir. İkinci Qarabağ müharibəsindən sonra yaranmış yeni geosiyasi vəziyyətdə əməkdaşlıq İrana fayda verə bilər. Əks təqdirdə, sərt ritorika və düşmənçilik siyasəti İranın əleyhinə işləyəcək:
“Müstəqillik dövründə sosial, iqtisadi və digər sahələrdə Azərbaycanın müxtəlif problemləri olub. Lakin Qarabağ münaqişəsi Azərbaycan xalqının ümummilli məsələsi kimi hər kəsi vahid mövqedə birləşdirir. Artıq Azərbaycan hakimiyyəti bu problemin həlli istiqamətində böyük uğurlara imza atıb. Bu, faktiki olaraq Prezident İlham Əliyevin adı ilə bağlıdır. Ona görə də istər Rusiyadan, istər İrandan, yaxud Qərbdən bu qələbəyə kölgə sala biləcək hər hansı addımlar varsa, Azərbaycan dövləti bu məsələdə güzəştsiz mövqe nümayiş etdirir. Bu, yalnız İrana qarşı deyil. Həm “İskəndər” raketləri ilə bağlı, həm sülhməramlıların fəaliyyətinə görə Rusiyaya qarşı da etirazlar bildirilmişdi. Eyni zamanda, ATƏT-in Minsk qrupunun lazımsız bir quruma çevrildiyi açıq şəkildə həmsədrlərin özünə deyildi. Yəni Azərbaycan cəmiyyətinin dəstəyilə ölkə hakimiyyəti böyük bir problemin həllinə xeyli dərəcədə nail olub.İkinci amil dünyada çoxqütblü dünya düzənin formalaşması ilə bağlıdır. Bu prosesdə Türkiyənin rolu getdikcə artır. Asiyada, Avrasiyada, qismən Avropada Türkiyənin rolu başqalarını narahat edəcək səviyyədə yüksəlməkdədir. Narahatlıq keçirən ölkələrdən biri də İrandır. İran quru sərhələrində yeddi dövlətlə qonşudur. Lakin Ermənistan istisna olmaqla, onların heç biri ilə normal münasibəti yoxdur. İraqla münasibətlərə gəlincə, bu, ölkədə sabit formalaşmış dövlət yoxdur. Azərbaycan, Türkiyə, Əfqanıstan, Pakistanla münasibətlər “soyuq”dur. İranda 35 milyondan artıq Azərbaycan türkü yaşadığına görə rəsmi Tehran bu məsələdə Azərbaycanı qıcıqlandıran addımlar atmağa çalışır. İran düşünür ki, zəif bənd olmamaq üçün Cənubi Qafqazda Türkiyənin fəal inkişafının arşısını alsın. Azərbaycan-Türkiyə münasibətlərinin inkişafına mane olsun. Lakin İran sanksiyalara məruz qalmış ölkə olsa da, Azərbaycan münasibətləri qoruyub saxlamağa, qarşılıqlı iqtisadi ticarət əlaqələrini genişləndirməyə çalışıb”.Politoloq bildirib ki, təəssüflər olsun ki, İran qonşuluq prinsiplərindən irəli gələn məsələləri həll etmir:
“Başqa bir səbəb İslam Əməkdaşlıq Təşkilatı ilə bağlıdır. İran hər zaman bəyan edir ki, İslam dövləti kimi Azərbaycanın mövqeyini dəstəkləyir. Amma faktlar göstərir ki, heç bir müsəlman təəssübkeşliyindən söhbət getmir. İran din qardaşlığının əleyhinə fəaliyyət göstərir. Bunlar münasibətlərin korlanmasına gətirib çıxarır. Əslində, İran Qərbin ciddi sanksiyalarına məruz qalmış, daxilində sosial-iqtisadi, etnik, mənəvi-psixoloji problemləri olan dövlətdir.Bu ölkədə on milyonlarla azərbaycanlı yaşayır. Bunu nəzərə alaraq İran gərək Azərbaycanla münasibətləri daha normal tənzimləsin. Hədə dili ilə danışmaq çox mənasızdır. Regionda İranla müttəfiq olacaq dövlət yoxdur. İranın kiçik bir hərbi xətası onun özü üçün böyük problemlərə səbəb ola bilər. Azərbaycan kifayət qədər güclü müttəfiqləri olan dövlətdir. Nəzərə almaq lazımdır ki, güclülər heç vaxt hədələmir, məsələni həll edir. Əgər İran hərbi ritorika ilə danışırsa, deməli, regionda ən zəif bənd də bu ölkədir. Zəif bənd İran xalqı deyil, İran rejimidir. Düşünürəm yaxın gələcəkdə bu rejim beynəlxalq təzyiqin qarşısında ciddi şəkildə sarsılacaq”.Nəsimi Məmmədli hesab edir ki, 44 günlük müharibədən sonra yaranmış yeni geosiyasi reallıq sanksiyalardan əziyyət çəkən İrana yeni iqtisadi və əməkdaşlıq imkanları açır. Lakin İran rejimi bu situasiyadan bəhrələnmək əvəzinə bölgədə ziddiyyət yaratmaqla məşğuldur:
“Postmünaqişə dövründə Türkiyə rəhbərliyi “3+3” əməkdaşlıq formatını təklif etdi. Bu, İranaın maraqlarına cavab verirdi. Ancaq İran dərhal Ermənistanla iş birlyinə girərək şimal-cənub nəqliyyat dəhlizi adı altında yeni bir layihə ortaya qoydu. Bu layihə Fars körfəzindəki Bəndərabbas limanından Ermənistan vasitəsilə Gürcüstana, oradan da Qara dənizdən keçməklə Bolqarıstanın və Yunanıstanın limanlarına açılan yolun inşasını təklif etdi. Təəssüflər olsun ki, Avropa Birliyi də bu marşrutun reallaşması üçün 600 milyon avro vəsait ayırıb. Bu onu göstərir ki, İran regional əməkdaşlıqda maraqlı görünmür. Rəsmi Tehranın yürütdüyü bu siyasət İranın özü üçün böyük bir problemə çevriləcək. İran problemlərini güc yolu ilə deyil, əməkdaşlıqla həll edə bilər. Amma bu əməkdaşlıqdan yayınmaq göstərir ki, İran hakimiyyəti rasional düşüncə imkanlarını itirib”.Müşfiq Abdulla
Cebhe.info