İranın absurd təhdidləri artan xətlə davam edir - SENSASİON DETALLAR...

30-09-2021, 10:22   



Ekspert: “Tehran sadəcə regionda dəyişən geosiyasi nizamı qəbul etmək istəmir, ”sionist" söhbəti bəhanədir"

İranın Azərbaycanla bağlı absurd hədələri son günlər bir qədər də artırıb. İranlı deputatların və İran XİN-in mətbuat katibinin bəyanatlarında Tehranın Azərbaycanın Qərblə, İsraillə əməkdaşlığından narazı qaldığı, narahat olduğu açıq şəkildə ifadə edilir. Siyasi analitiklər isə hesab edir ki, İranın “sionist rejiminin təzahürü” söhbəti sadəcə bəhanədir. İranın ölkəmizi hədələməsi ilk hal deyil və müstəqillik tariximizin bütün mərhələlərində biz onların hədə-qorxuları ilə üz-üzəyik.
Politoloq Yeganə Hacıyeva bu barədə “Yeni Müsavat”a şərhində bildirdi ki, 44 günük Vətən müharibəsindən sonra İranın Azərbaycana artan hədələrinin xronologiyası və hədələri edən qrupların İranın mövcud siyasətində yeri məsələnin heç də Tehranın Azərbaycanın Qərblə, İsraillə əməkdaşlığından narahat olması və ya  “sionist rejiminin təzahürü” söhbəti kimi bəhanələr deyil: “Bizə qarşı təhdidlər öncə hərbçilərdən, ardınca ayətullahlardan, sonra deputatlar və XİN rəsmisindən gəldi, indi isə İranın Azərbaycandakı şəbəkəsi vasitəsilə həyata keçirilir.  Öncə onu qeyd edim ki, nə özünü islamın keşikçiləri kimi qələmə verən hərbiçilərin, nə də İran ayətullahlarının Gəncədə, Bərdədə, Tərtərdə müsəlman şiə qardaş və bacılarının öldürülməsində səsini eşitmədik. Bu 30 il ərzində ermənilər işğal altındakı məscidlərimizə donuz bağlayanda, mal tövləsi kimi istifadə edəndə də onlar səssiz idilər.
Müharibədən öncə silah daşınmasında ən mühüm keçid İran-Ermənistan Norduz sərhəd keçidi idi və Ermənistan Norduzdan keçirib gətirdiyi raketlərlə Gəncədə, Bərdədə, Tərtərdə müsəlman şiə qardaş və bacılarını öldürdu, Gəncədə İmamzadəyə raket atdı, amma onda da nə bu islam keşikçilərinin, nə də ayətullahların səsi gəlmədi.
yegane.jpg (67 KB)
Yeganə Hacıyeva
Halbuki Azərbaycan tərəfi heç vaxt İrana qarşı hər hansı bir koalisiyada yer almayıb. Heç vaxt ərazimizdən İrana qarşı istifadəyə imkan verilməyib.
Baxmayaraq ki, bir analitik kimi İranın pozisiyası və məqsədləri mənə aydındır, amma sıravi Azərbaycan siyasət izləyicisi üçün məsələ daha çox Azərbaycanın Gorus-Qafan yolunun bağlamasından sonra aydınlaşmağa başladı. İranın Azərbaycan sərhədlərində apardığı təlimlər isə bir çox mətləblərin üstünü açdı, çünki bu ərazilərdə 30 ilə yaxın  işğal dövründə İran  hərbi təlimlər keçməmişdi".
Ekspert qeyd etdi ki, bütün bunlarla paralel İran hərbi dairələrinə və dini liderə yaxınlığı ilə seçilən medialarda “İrəvanın müraciət olarsa,  Gorus-Qafan yolunda İran və Ermənistan arasında yükdaşımaların təhlükəsizliyinin təmin edilməsi məqsədilə İran silahlı qüvvələrinin müdaxiləsi də mümkündür” kimi məlumatlar da tirajlandı. Son 6 ayda isə  regional mövzular ətrafında, Cənubi Qafqazdakı yeni reallıqda daha çox Ermənistanın maraqlarına faydalı olan, Azərbaycanın regionda apardığı layihələrin əleyhinə olan fikirlər  “İran hakim dairələrindəki mənbə”, “İranın diplomatik idarələrindəki mənbə”, nəhayət, “İnqilab Keşkiçiləri Korpusundakı mənbə” adı ilə mütəmadi olaraq tirajlanır: “Son bir neçə gündə isə İran hədələrini yeni texnoloji alətlər - internet resurslar və sosial platformalar üzərindən ölkədaxili  hibrid informasiya əməliyyatlarına start verməsi müşahidə olunur.
Məntiqi olaraq sual yaranır ki, Azərbaycanın öz işğal edilmiş torpaqlarını azad etməsi İranın təhlükəsizliyi üçün hansı hədələri formalaşdırıb ki, İran bu qədər açıq oynamağa başlayıb?
Qarabağın uzun illər  İran üçün çirkli daşımalar, sanksiyalardan yayınmalar və s. kimi istifadə faktını nəzərə almaya bilmərik. Amma əlbəttə, əsas səbəb bu deyil.
Əsas səbəb kimi İranın Cənub-Şimal nəqliyyat xətti ilə bağlı gözləntiləri kimi görsənsə də, davranışları daha ciddi məqamların mövcudluğu ilə bağlı olmasından xəbər verir. İstər Ermənistan, istər İranın bütün maneələrinə baxmayaraq, 44 günlük Vətən müharibəsindən sonrakı yeni reallıq regionda sülh və stabillik  üçün dəyişiklikləri şərtləndirdi və region böyük dəyişikliklər ərəfəsindədir. İran bu proseslərdən məqsədli şəkildə özünü təcrid yolunu tutub. Bunun əsasında isə İran hakimiyyətindəki ənənəvi dini-hərbi dairələrin ölkənin resursları üzərində nəzarəti itirməmək məqsədi və qorxusu durur. İran Zəngəzur dəhlizinə qarşı açıq şəkildə çıxır və hərbi təlimləri, cənub sərhədlərimizə ordu yığması buna əsaslanır. İran regionda dəyişən geosiyasi nizamı qəbul etmək istəmir. Yəni bir sözlə, “sionist” söhbəti bəhanədir".
Etibar SEYİDAĞA,
“Yeni Müsavat”
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.