Rusiyanın xarici işlər nazirinin bizdən olmaması, bizə tərəf olmaması mühüm deyil, pisi odur ki, Lavrov birmənalı ermənilərdən tərəfdir…
Rusiyanın ən odioz nazirlərindən biri olan Sergey Lavrov vəzifəsindən istefa verəsi olmadı. “Vahid Rusiya” Partiyasının seçki siyahısında ilk beşlikdə yer alan xarici işlər naziri parlament seçkilərində Dövlət Dumasına mandat qazansa da, Prezident Putin onun yenidən nazir kreslosunda oturmasını məsləhət bildi.Sirr deyil ki, Lavrov artıq neçə ildir işdən getmək istəyirdi, bir neçə dəfə dövlət rəhbərliyinə də yorulduğu haqda mesajlar vermişdi. Onun həm ABŞ, həm də Britaniyada mal-mülkü var. Ola bilsin ki, ömrünün ahıl vaxtında təyyarələrdə ölkə-ölkə gəzmək yox, istirahətə çəkilib xatirələr yazmaq istəyirdi.
Rusiyanın ən vacib nazirliyinə 17 ildir rəhbərlik edən Lavrovun görəvdə qalmasının Putinə nə üçün lazım olmasının səbəbi aydındır. Rusiya uzun illərdir hər tərəfdən basqılara məruz qaldığı üçün onun nazirlikdən getməsi Kreml üçün problemdir, üstəlik, yeni naziri türklər demişkən, lazımı kvama(səviyyəyə) gərtirmək üçün zaman lazımdır. Lavrov diplomatiyada bişmiş kadrdır, hələm-hələm beləsini tapıb Rusiyanın xarici siyasət idarəsinə rəhbərliyi tapşırmaq asan deyil. Putin yenilikçi deyil, gələnəkçidir. Onun üçün köhnə diplomat Lavrov vazkeçilməzdir- çünki işinin ustasıdır, Qərbə münasibətdə sərt üslubunu daima saxlayır və Rusiya üçün vacib problemli məsələləri(məsələn, elə Qarabağı) “qazanın dibi” kimi bilir. O səbəbdən Putin onu əlindən buraxmadı və belə görünür ki, Lavrovla hələ bir müddət də davam edəcək.
Bir qonşu ölkənin xarici işlər nazirinin vəzifədə qalıb-qalmaması bizim üçün niyə bu qədər önəmlidir? Söhbət Rusiyadan və onun xarici işlər naziri olan Lavrovda gedirsə, burada əlavə şərhə ehtiyac qalmır. Lavrovun bizdən olmaması, bizə tərəf olmaması mühüm deyil. Pisi odur ki, Lavrov erməni kökənlidir və ermənidən tərəfdir. Lavrov Tiflisdə ermənilərin sıx məskunlaşdığı Avlabari rayonunda doğulub. Onun uşaqlığı isə rayonun Ararat küçəsində keçib. Atasının Tiflis ermənisi olduğu və əsl soyadının Kələntərov (Kələntəryan) olduğu artıq illər öncə bilinən faktdır. Nazir “qanım doğurdan da erməni qanıdır, amma bu mənə işimdə mane olmur” desə də, ona inanmırıq. Təsadüfi deyil ki, Lavrov Smolenski meydanında yerləşən sovet XİN-in binasının daxilində də erməni lobbi qrupunun aparıcı simasıdır.
Lavrov üçün diplomatiya “incə sənət” ola bilər, amma iş erməni məsələsinə gələndə, o, çaşır, qan da, erməni məfkurəsinə bağlılığı da özünü göstərir. Məsələn, Rusiya Prezidenti birmənalı deyir ki, Azərbaycan bizim strateji tərəfdaşımızdır. Lavrov isə Ermənistanı dost adlandırıb, “Azərbaycan bizim qonşumuzdur” deyəcək qədər diplomatik sayıqlığını itirir. Qarabağ probleminin həllinə dair “Lavrov planı”nı xatırlayırsızmı? Prezidentlərin Kazan şəhərində 2012-ci ildəki görüşü zamanı ortaya atılmış həmin sənədin digər irəli sürülmüş “həll modellərindən” elə də böyük fərqi yox idi. Lavrov da digər vasitəçilər kimi, Ermənistan üçün daha münbit və əlverişli şərait yaratmağa çalışırdı ki, işğalçı siyasət nəhayətdə ərazimizdə “ikinci erməni dövlətinin” yaranması ilə nəticələnsin. Lavrov ola bilsin ki, ermənilərin xəyal etdikləri “Böyük Ermənistan”ın nə vaxtsa yaranacağına inanmırdı, hadisələrə daha ayıq gözlə baxa bilirdi, amma o zaman da, indi də çalışır ki, Ermənistana nəfəs versin, dirçəltsin, onları yenidən meydana çıxartsın. Onun dünya erməni lobbisinin, diaspor qruplarının təsir altında olduğu da özünü tez-tez göstərir...
Azərbaycanın qələbəsi ilə yekunlaşan 44 günlük müharibədən sonra da Lavrov danışıqlarda ən fəal iştirak edən fiqurdur. Onun açıqlamalarında Kremlin rəsmi mövqeyindən yenə də sapmalar nəzərə çarpır. Ermənistanın rəsmi şəxsləri onunla tez-tez görüşürlər, amma inanmaq çətindir ki, Lavrov onlarla bağlı qapılar arxasında da eyni “konstruktivliyi” göstərir. Ermənilər onu özününkü bilirlər, ona ürək qızdırırlar, Azərbaycandan şikayət edirlər. O da yəqin ki, Ermənistanı müharibədən sonra düşdüyü ümidsiz vəziyyətdən çıxarmaq üçün çalışacağını vəd edir. Təkcə vəd edirmi?
Bu günlərdə Lavrov sevinərək xəbər verdi ki, həmsədrlər yenidən fəaliyyətə başlayır və Xankəndinə də gedəcəklər. Rəsmi Bakı ATƏT bayrağı altında yenidən Minsk Qrupunun danışıqlara qoşulmasına razılıq verdi, amma həm də onu da bəyan etdi ki, Qarabağa heç bir statusdan söhbət gedə bilməz. Diplomatiyada “üzü-üzlər görmüş” Lavrov isə sevincək görünürdü, çünki həmsədrlərin Xankəndinə getməsi artıq ermənilərin çoxdan arzuladığı prosesdir. Bunun davamı da olacaq. Lavrovun ötən gün Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla telefon danışığı proseslərin yenə başqa axara gedə biləcəyinin anonsu sayıla bilər. Mirzoyan Lavrova deyib ki, “Ermənistanın ATƏT-in Minsk Qrupu həmsədrlərinin mandatı çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin tanınmış prinsiplər və elementlər əsasında bərpasından məmnundurlar”. Əcəba, “Dağlıq Qarabağ münaqişəsinin tanınmış prinsiplər və elementlər əsasında” nə demək? Bu o deməkdir ki: 1) Dağlıq Qarabağ münaqişəsi bitməyib və davam edir. 2)Münaqişənin yeni həll planları vacibdir.
Ermənistan neçə vaxtdır buna çalışırdı, nəhayətdə də nail oldular. Lavrov sayəsində həm də. Həmin erməniyanlı nazirin...
Nazim SABİROĞLU,Musavat.com