Avropa İttifaqının ikili maliyyə siyasəti: Dağıdılan Azərbaycan, pul alan isə Ermənistan olacaq

4-10-2021, 18:57   


Avropa İttifaqının ikili maliyyə siyasəti: Dağıdılan Azərbaycan, pul alan isə Ermənistan olacaq

Avropa İttifaqı delimitasiya prosesində iştirak etmək və hər iki tərəfi razılığa gətirməklə bağlı niyyətini ifadə etsə də, Ermənistan Avropa İttifaqının təklifini qəbul edib-etməyəcəyi ilə bağlı qərar verməyib.
Lakin burada əsas məqamlardan biri də Avropa İttifaqının iqtisadi yardımı ilə bağlıdır.\
İspaniyanın "EFE" informasiya agentliyinə müsahibə zamanı bu məsələyə toxunan Prezident İlham Əliyev bildirib ki, Avropa İttifaqı ilə iqtisadi yardım məsələsi ətrafında da müzakirələr aparılır:
“Bizə məlumdur ki, Avropa İttifaqı Ermənistan üçün 2.6 milyard avro həcmində iqtisadi yardım paketinin hazırlanması prosesindədir. Bu proses artıq başa çatmış da ola bilər. Əlbəttə, bizim gözləntimiz ondan ibarətdir ki, həmin həcmdə məbləğ eyni şərtlərlə Azərbaycana da təklif edilsin. İstər qrant, istərsə də kredit - burada bərabərlik olmalıdır. Çünki işğaldan əziyyət çəkmiş olan ölkə bizik. Bizim 10 min kvadratkilometr sahəyə malik olan, tamamilə dağıdılmış ərazimiz, yüzlərlə şəhər və kəndlərimiz var. Bu səbəbdən biz, əlbəttə ki, həmin iqtisadi yardım paketinin qeyri-balanslı olmasına dair öz narahatlığımızı ifadə etdik”.
Maraqlıdır, niyə ölkələrə göstərilən yardımda obyektiv mövqe qorunmur və Avropa İttifaqının iqtisadi yardım baxımından hər iki ölkəyə fərqli mövqedən yanaşmasını doğuran səbəblər nədir?
Millət vəkili Azər Badamov Cebhe.info-ya bununla bağlı açıqlamasında bildirdi ki, ölkə başçısı müsahibəsində Avropa İttifaqı ilə bağlı çox mühüm bir məqama toxunub:

“Avropa İttifaqı Ermənistana 2.6 milyard avro maliyyə yardımı ilə bağlı açıqlama vermişdi. Ancaq Azərbaycana bu məbləğ 400 milyon avro ilə məhdudlaşdı. Ölkə başçısı müsahibəsində bir daha Avropa İttifaqına səsləndi ki, burada ayrı-seçkilik olmaz. Ermənistana ayrılan vəsait qədər Azərbaycana da ayrılmalıdır. Hər iki ölkəyə baxışlar eyni olmalıdır. Hətta yeri gələndə Azərbaycana daha çox maliyyə vəsaiti ayrılmalıdır. Çünki işğala, dağıntılara məruz qalan və hazırda öz ərazilərini yenidən quran, dirçəldən məhz Azərbaycandır. Bu gün Azərbaycanın daha çox maliyyəyə ehtiyacı var. Əgər Avropa İttifaqı ədalətli mövqedən çıxış edirsə, bu amillər nəzərə alınmalıdır”.
Millət vəkilinin sözlərinə görə, Avropa İttifaqı bu günə qədər ikili standartlardan yanaşıb:
“Məhz Avropa İttifaqının ikili yanaşmaları işğalın 30 ilə qədər uzanmasına gətirib çıxarıb. Ölkə başçısının da Avropa İttifaqına səsləndirdiyi fikirləri də bu ədalətsizliyin aradan qaldırılmasına, yanaşmanın doğru edilməsinə bir çağırış kimi başa düşmək olar”.
A.Badamovun deyib ki, Avropa İttifaqı müharibənin Azərbaycan ərazisində getdiyini, bizim torpaqların dağıntılara məruz qalmasını nəzərə almır, əgər alsaydılar, belə yanaşma ortaya qoymazdılar:
“Onlar Fransanın timsalında Ermənistana dayaq olmaq olmaq istəyirlər. Ermənistana daha çox yardımlar edərək onları ayaq üstə saxlamağa çalışırlar. Onlar bilməlidirlər ki, maliyyə yardımı ilə Ermənistanı ayaq üstə saxlaya bilməyəcəklər. Ermənistanı ayaq üstə saxlayan və inkişaf etdirən ancaq Azərbaycanla qonşuluq münasibətlərində yaşamaqla, regionda sülhə imza atdırmaq istiqamətdə hərəkətləri ilə olmalıdır. Avropa İttifaqı yaddan çıxarmamalıdıır ki, 2,6 milyard avro Ermənistanın korrupsioner rejimi tərəfindən mənimsənilib insanlara heç nə verilməyəcək.
Əgər regionda uzunmüddətli sülh olarsa, Ermənistanda yaşayan insanlar da öz gələcəklərini daha yaxşı, rahat qurmaq imkanı əldə etmiş olarlar. İkili standart ortadan qalxmalıdır. İşğala, terrora, dağıntılara məqruz qalan Azərbaycandır və əgər düzgün, ədalətli yanaşma olsa, maliyyə yardımını Azərbaycana ayırmalı, Ermənistana heç nə verməməlidir”.
Nigar Abdullayeva
Cebhe.info
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.