Şimal qonşumuzun mediası “qorxulu Tehran” mülahizələrini irəli sürərək Azərbaycanı qorxutmağa meyl edir, Kreml isə rəsmən susur; Elxan Şahinoğlu: “Tək Rusiya deyil, bir sıra dövlətlər hadisələri izləməyə üstünlük verir, hətta bizə müttəfiq ölkələr də işə qarışmırlar, çünki...”
Azərbaycanla İran arasında münasibətlərin gərginləşməsi, Tehranın sərhədimizdə irimiqyaslı hərbi təlimlərə başlaması Rusiya mediasının da diqqətindədir. Son günlər bu mövzuda Rusiyanın “İzvestiya”, “Kommersant” və “Moskovskiy Komsomelts” kimi tanınmış qəzetlərində məqalələr dərc olunur.“Yeni Müsavat”ın verdiyi xəbərə görə, bu məqalələrdə İranın Azərbaycan üzərində hərbi potensialının şişirdilməsi, hətta Bakının neft kəmərlərinin uzaq (və ya orta) mənzilli raketlərlə vurula biləcəyi kimi “qorxulu” ssenarilərdən açıq yazılır. İranın regionda güclü dövlət olduğunu heç kim inkar etmir. Amma hiss olunur ki, bu məqalələrdə Azərbaycanı qorxutmaq, İranın zəhmini artırmaq meylləri də var. Rusiya mediasının niyə belə bir ritorika seçməsi maraq doğurur. Əlbəttə, bölgədə hər zaman Moskva-Tehran sinxron hərəkət ediblər, olduqca az məsələlərdə mövqeləri üst-üstə düşməyə bilər. Lakin heç də Qərbdəki qədər müstəqil olmayan Rusiya mətbuatının bu leksikonda yazması, göz qorxudan mülahizələr irəli sürməsi Kremldəki hansısa mərkəzlərdən gələn təlimatlar da ola bilər.
Belə bir gərginlik fonunda isə Ermənistanın xarici işlər nazirinin Tehrana səfərə getməsi, İranın xarici işlər nazirinin isə oktyabrın 6-da Moskvaya gedəcəyi diqqət çəkir. Aydındır ki, bu gərginlikdə “əlini bir-birinə sürtən tərəf” Ermənistandır. Ancaq Rusiya bu konfliktin böyüməsindən məntiqlə heç nə qazana bilməz. Çünki bu qarşıdurmanın qızışması Moskvanı istər-istəməz proseslərin labirintinə qata bilər. Amma bütövlükdə Moskva Tehranın hərəkətlərini sükutla qarşılayır. Ekspertlər istisna etmir ki, Qarabağ müharibəsində parlaq qələbəsindən sonra regionda mövqelərini möhkəmləndirən Azərbaycanın İran tərəfindən “sıxışdırılmasına” Moskva müəyyən müddət seyrçi qalsın, necə ki, bu hiss olunur, Rusiya sanki İranın hərəkətlərini görməzdən gəlir. Hətta dil-dil ötən Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova da susub. Bu susqunluğun səbəbi nə ola bilər? Moskva konfliktin harasındadır?
Elxan ŞahinoğluPolitoloq Elxan Şahinoğlunun “Yeni Müsavat”a bildirdiyinə görə, tək Rusiya deyil, bir sıra dövlətlər hadisələri izləməyə üstünlük verir. Onun fikrincə, hətta bizə dost və müttəfiq ölkələr də işə hələlik qarışmırlar: “Çünki Tehran dildə təhdid etsə də, heç bir əməli addım yoxdur. Rusiya mətbuatında gedən yazılarda hansısa mərkəzlərin Azərbaycanı qorxutmaq istəyi var, amma İran bizə müharibə elan etməyəcək. Burada Ermənistan çalışır ki, İran-Azərbaycan gərginliyindən istifadə etsin. Xarici işlər naziri Mirozyan tələsik Tehrana qaçıb, ölkəsinin İranla əməkdaşlığı genişləndirməkdə maraqlı olduğunu bildirib. Bunun qarşılığında Tehran Gorus-Qafan yoluna alternativ yol çəkəcəyini İrəvana vəd edib. Yolu inşa edəcək İran şirkətinin nümayəndə heyəti artıq İrəvanda danışıqlara başlayıb. Ermənistanın bir ”xozeyni" varıydı, indi təzə ağa tapıblar. Amma İran günün birində Ermənistana əmr edəcək ki, kiminlə işləmək olar, kiminlə yox. İran bunu bizə edə bilmədi".
Analitik hesab edir ki, Paşinyan da Moskvada İrana yaltaqlanmaqla yeni üçbucaq yaratdığını düşünür: “Paşinyan Litvaya səfəri zamanı bu ölkənin erməni icmasının nümayəndələri ilə görüşdə deyib ki, Ermənistan İranın ona verdiyi dəstəyi heç zaman unutmayacaq. ”Birinci Qarabağ savaşında Ermənistan məhz İranın sayəsində blokadadan çıxdı və həyat yolu ilə problemlərini həll etdi" deyən Paşinyan Ermənistanın heç zaman İrana qarşı planlara qoşulmayacağına and-aman edib. Paşinyan bununla demək istəyib ki, Ermənistan Azərbaycandan fərqli olaraq İranın düşmənləri ilə dostluq etməyəcək, Bununla Azərbaycan-İsrail əlaqələrinə guya işarə edib. Amma Ermənistanın yeni ağa tapması Rusiyanın da xoşuna gəlməyəcək. Üstəlik, Rusiya İsraillə xoş münasibətdədir, Putin baş nazirlərdən ən çox Netanyahu ilə görüşüb. Yəni İrəvan öz aləmində elə güman edir ki, Rusiya-İran-Ermənistan üçbucağı yaradıb, amma alınmayacaq. Ermənistan qul psixologiyasından qurtula bilmir, Rusiyaya nökərçilik az idi, indi də ikinci ağaları - İrana sədaqət andı veriblər. Rusiyaya nökərçilik Ermənistanı 44 günlük savaşdan xilas etmədi, İrana qulluğun da Ermənistana bir faydası olmayacaq.
Sadəcə, biz fəallığı artırmalıyıq. Necə ki, İrəvan İran-Azərbaycan gərginliyindən öz məqsədləri üçün istifadə etməyə çalışır, rəsmi Bakı da Rusiya-Ermənistan-İran üçbucağının zəif nöqtələrini tapmağa çalışmalıdır. Digər tərəfdən, İranın Azərbaycana artan təzyiqi fonunda qonşu ölkəyə qarşı sanksiyalar tətbiq edən mərkəzlərin də gözlərini açmağa çalışmalıyıq. Ayrıca, Azərbaycanı cəzalandırmağa çalışan ermənipərəst amerikalı konqresmenlərə qarşı ABŞ-dakı daha güclü yəhudi lobbisi ilə təmaslarımızı genişləndirməliyik. İran Azərbaycana qarşı açıq kartlarla oynamağa başlayıbsa, biz də kartlarımızı açmalıyıq".
Qulamhüseyn Əlibəyli Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli qeyd etdi ki, Qafqaz məsələsində İran və Rusiyanın mövqeyi üst-üstə düşür. Onun sözlərinə görə, hər iki dövlət Ermənistanı müdafiə edir: “Onlar çalışır ki, Azərbaycan regionda söz sahibi olmaqdan çıxsın. Müharibədəki qələbədən sonra bunu həzm edə bilmirlər. Hətta deyərdim ki, Tehranla Moskva bir hərəkət edirlər. Ancaq beynəlxalq münasibətlərdə hər bir gərginliyin sonu olur. Çünki tərəflər nəhayətdə hərbi qarşıdurmadan çəkinirlər”.
Partiya sədri hesab edir ki, İranda Azərbaycana güc göstərmək istəyirlər: “Gərginlik bir müddət davam edəcək, amma qızğın müharibə olacağını gözləmirəm. Nəticədə tərəflər diplomatik danışıqlarla razılaşacaqlar, İran Azərbaycanın öz torpaqlarını işğaldan azad etdiyi ilə barışaraq regiondakı yeni reallığı qəbul etməli olacaq. Sadəcə, Rusiya özünü elə göstərir ki, iki ölkənin işinə qarışmır. Digər tərəfdən, bu gərginlikdə Kreml tərəf saxlamaq da istəməz. Çünki İranla münasibətləri yaxşıdır, Azərbaycanla da Qarabağ məsələsinə görə müzakirələr aparır, davamlı təmasdadır, indi vəziyyəti körükləməyə ehtiyac görmür”.
Emil SALAMOĞLU “Yeni Müsavat”