İran-Azərbaycan münasibətlərindəki son prosesləri hər kəs izləyir və Tehranın artan hərbi-siyasi ritorikası, doğrusu, bir çox dünya politoloqlarının da diqqətindədir. Niyə İran birdən-birə hərbi-siyasi ritorikaya keçdi və Bakıdan Naxçıvana uçan hərbi təyinatlı təyyarələrə hava məkanını bağladı, bu gün isə sərhədimizdə dron sürüsü uçurdur?Bu sözləri
Axar.az-a açıqlamasında Teleqraf Media Qrupunun rəhbəri, politoloq
Aynur Camalqızı İranın Bakıya qarşı son addımlarını şərh edərkən deyib.
Onun sözlərinə görə, beynəlxalq politoloqlar belə İranın “qəfil hərbi ritorikası”ndan təəccübləniblər və prosesin mahiyyəti haqda müxtəlif fikirlər səsləndirirlər:
“Amma burda təəccüblənməli bir məsələ yoxdur. İranın Bakıya qarşı münasibətində zaman-zaman “regional güc” kimi davranma “ənənəsi” var. Xəzərdə neft yataqlarının istismarı ilə məşğul olan gəmilərimizə qarşı İran 2000-ci ildə hərbi katerlərini göndərmiş, hətta atış açmışdı. Yada salaq ki, həmin dövrdə geoloji işlər BP ilə birgə görülürdü və demək, İranın bu cür aqressiyasının hədəfində Böyük Britaniya da vardı. Həmin vaxt İran hərbi təyyarələri hava sərhədimizi pozaraq, Cəlilabada qədər gəlmişdi. O zaman Türkiyə Azərbaycana dərhal hərbi kater bağışladı, az sonra isə Bakı səmasında Türk Şahinlərinin hərbi şousu nümayiş olundu. Bu, İran hərbi hədəsinə qarşı qardaş Türkiyənin və dolayısı ilə NATO-nun ilk həmləsi idi”.
Politoloq İranın hazırda özünün uğurlu diplomatiyasından heç də istifadə etməməsinin təəccüblə qarşılanmasına da münasibət bildirib:
“Azərbaycan qonşularına, xüsusilə İrana qarşı heç vaxt ərazisindən istifadəyə imkan verməyib və Tehran rəsmiləri bunu çox gözəl bilirlər. Hətta 2005-ci ildə “rəngli inqilab” hədəsi altında İlham Əliyev Qərbin İrana qarşı planında Azərbaycanın yer almasına qəti şəkildə razı olmamış və buna qarşı siyasi iradəsini ortaya qoymuşdu.
Yəni İran Azərbaycandan ona qarşı hər hansı real təhdid – adını sionizm qoysalar da – olmadığını çox gözəl bilir və “sərhədlərimizə yaxınlaşan sionizm” sözləri tam bir bəhanədir. Bunu İran diplomatiyasının uğursuzluğu adlandırmaq olarmı?
Əslində, birmənalı olaraq yox. Əlbəttə, beynəlxalq ekspertlərin də dediyi kimi, İranın yeni prezidenti İbrahim Rəisi mühafizəkarları təmsil edir, yeni XİN rəhbəri Abdullahian da Zərif qədər diplomatik təcrübəyə malik deyil və xarici siyasətdə ciddi yanlışlıqlar və boş arqumentlərdən istifadə etməklə, İranı daha pis duruma salırlar. Amma əsas problemi İrandakı seçkilərdən sonra daha aqressiv və təcrübəsiz komandanın idarəetmə başına keçməsi ilə əlaqələndirmək olmaz, çünki biz, təəssüf ki, Xameneinin də dilində analoji iftiraları eşidirik. Məsələnin mahiyyətində İranın regionu uduzması və bunun qaçılmaz həqiqətə çevrilməsi dayanır”.
Aynur Camalqızı vurğulayıb ki, uzun illərdir İranın apardığı regional siyasət məhv olub və regionda yeni reallıq yaranıb:
“İran 30 il müddətində Azərbaycanın ərazilərinin işğalda qalması və prosesin sonsuzadək davam etməsi istiqamətində siyasət yürüdüb, bunun üçün Ermənistana külli miqdarda vəsait xərcləyib.
İranın “islam təəssübkeşi” kimi çıxış etməsi haqda səslənən şüarların boş və mənasız olduğunu bu məqamda bir daha təkrarlamaqda fayda var. İsrailin Fələstin – yəni müsəlman torpaqlarının işğalı məsələsində ən sərt siyasi xətt yürüdən İranın 30 il boyunca sərhədlərində “müsəlman torpaqlarının” işğalına şərait yaratmasının adı yoxdur. Guya bir məscidə görə “dünyanı dağıdan” İran Azərbaycanın işğal olunmuş ərazilərindəki məscidlərdə donuz saxlandığınımı bilmirdi?
İran yaxşı bilir ki, Azərbaycan da İsrailin Fələstin siyasətinə qarşıdır, Fələstinə humanitar yardım edən ölkələr sırasında Azərbaycan öndə gəlir. Üstəlik, Azərbaycanın İsraildə hələ də səfirliyi yoxdur.
Digər və ən mühüm məsələ: İran islam təəssübkeşidirsə, bir islam dövləti göstərə bilərsinizmi ki, Tehranın onunla münasibətləri strateji müttəfiqlik və qardaşlıq səviyyəsində olsun? Səudiyyə Ərəbistanı başda olmaqla, İran islam dünyasının əsas dövlətlərinə faktiki olaraq düşməndir. İran hər zaman ərəb dünyası və islam daxilində “Sasani düşüncəsi” ilə davranıb və yalnız öz imperiya maraqlarını təmin etmək yolunu tutub.
İndi İran bir-birinin ardınca seçdiyi yanlış siyasətin uğursuzluqları ilə qarşılaşır: Suriyada Türkiyə-Rusiya amili güclənir və İranın illərdir bu istiqamətdə “yatırımları” - bura əsgəri və hərbi-texniki dəstək də daxildir – məhv olmaq üzrədir.
Əfqanıstanda Taliban hakimiyyətə gəldi və son proseslərdən bilirik ki, Taliban İranla deyil, Türkiyə ilə əməkdaşlıqda maraqlıdır və buna çalışır. Talibanın beynəlxalq güclərlə ən ciddi görüşləri də ərəb ölkələrində keçirilir. Türkiyə isə Əfqanıstanda Rusiya ilə işləmək yolunu açıq saxlayır.
Paralel olaraq, İranın şərqində Pakistanın hansı qeyri-rəsmi blokda yer aldığı hər kəsə bəllidir.
Beləliklə, İran onillərdir yürütdüyü siyasətin nəticəsi olaraq qərbdə İraq və Suriyada problem yaşayır, şərqdə Pakistan və Əfqanıstanda”.
Politoloq İranın şimal nüfuzunu da sürətlə itirdiyini bildirib:
“Məhz yeni reallıq yaranıb: Türkiyə-Azərbaycan birliyi quru əlaqəsi ilə Orta Asiyaya çıxır və regional əməkdaşlıqla yeni düzən qurulur. Bu düzənə Rusiya da, ABŞ da və əlbəttə ki, Böyük Britaniya da dəstək verir. Çünki yeni dünya gücü Çinin nüfuz genişlənməsinin qarşısında ən ciddi sipər bu siyasi-iqtisadi birlik ola bilər”.
A.Camalqızı deyib ki, yeni reallıqda İranın da maraqlarının nəzərə alınması önəmlidir:
“Əlbəttə, ilk başda Türkiyə İranla mövqe bölüşməyə hazır olduğunu səmimi şəkildə ortaya qoydu. Xatırlayın ki, Suriya məsələsində də Astana formatı yarandı və uğurlara da imza atdı. Ancaq İranın getdikcə artan “iştahı” səbəbindən indi Türkiyə-Rusiya görüşlərində “üçüncü” artıq sayılır, İran sürətlə prosesdən kənarlaşdırıldı.
Türkiyə Qafqazlarda da eyni modeli, bu dəfə daha geniş formatda təqdim etdi: “Altılıq platforması” – 3+3-ün mahiyyətində də bu dayanırdı. Türkiyə islam dövləti olan və illərdir regional güc statusunu qorumağa çalışan İranla Qafqazlarda da birgə əməkdaşlığa hzrı olduğunu göstərdi və bu, həm də Bakının iradəsi idi, çünki Azərbaycan hər zaman qonşularla bu prinsiplə davranıb. Bakı və Ankaranın bu təklifi yeni reallıqda İran üçün ən uyğun və qonşuluq prinsipinə sədaqətli format idi”.
Politoloqun fikrincə, İran bu formatda həvssli olmadığını, təəssüf ki, 10 noyabr bəyanatından sonra hər fürsətdə nümayiş etdirdi:
“Hətta Azərbaycan İranın 44 gündə tutduğu mövqeni, Ermənistana hər cür yardımını və düşmən ölkəyə silah tranzitinə çevrilməsini, hərbi-siyasi və maddi təchizatında müstəsna rol oynamasını da “keçmiş mərhələ” adlandırdı, hər şeyi unutmağa hazır olduğunu nümayiş etdirdi və yeni reallıqda paritet əsaslarla birgə çalışmağı, regionu sülh və iqtisadi çiçəklənmə qalasına çevirməyi təklif etdi.
Cavabı İrandakı seçkilərə görə xeyli gecikdi – baxmayaraq ki, bu “gecikmə” zamanı da İran Ermənistana dəstəyini davam etdirirdi. Ancaq seçkilərdən dərhal sonra Ermənistanla İranın siyasi-hərbi rəhbərliyi arasında görüşlər o qədər intensivləşdi ki, artıq mesaj səviyyəsinə qalxdı. Rəisi təxminən 2 aydır prezident seçilib, elə Ermənistan baş naziri Paşinyanın da ikinci seçkisindən çox keçməyib. Ancaq artıq onlar iki dəfə üzbəüz görüşüblər, XİN rəhbərlərinin səfərinin və telefon danışıqlarının, səfirlərin daxili görüşlərinin sayı-hesabı isə itib. Bu, nəyin mesajıdır? İran yeni reallığı qəbul etməyəcəyini bildirir, regionda yalnız onun maraqlarının təminində israr edir”.
A.Camalqızı İranın bu aqressiv hərbi-siyasi ritorika ilə heç nəyə nail olmayacağını qeyd edib:
“Müharibədən dərhal sonra rəsmi açıqlamasında SEPAH-ın ikinci şəxsi “Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini”, ancaq Qarabağda ermənilər üçün mütləq “status” yaradılmalı olduğunu demiş və bunu “xalqların öz müqəddəratını təyinetmə hüququ ilə” əlaqələndirməyə mənasız cəhd etmişdi. Əslində bu, İranın daxilindəki mühafizəkar qüvvələrin mövqeyi idi. Rəisinin hakimiyyətə gəlməsi ilə bu xətt İranın “ana xətti”nə çevrildi və dövlət siyasəti bunun üzərində quruldu. Ancaq bu, heç bir halda yeni dünya düzəninə uyğun deyil və İranın şərq və qərb sərhədlərində olduğu kimi, şimal sərhədində də yanlış siyasi ambisiyalar və səhv seçimlər nəticəsində uduzacağını qaçılmaz edir”.
A.Camalqızı Azərbaycanın bu istiqamətdə qəti mövqe tutduğunu bir daha xatırladıb:
“Dünya yenidən çeşidlənir: İran inqilabının əsas dəstəkçisi olan AB-nin ən güclü ölkəsi Fransa artıq regionda yoxdur və yaxud yanlış seçimi ilə regiondan sıxışdırılır. NATO-nun ən güclü dövləti olan ABŞ AB-dən ayrılan Böyük Britaniya və Avstraliya ilə AUKUS yaradır və burada Fransanın iqtisadi-hərbi varlığına ağır zərbə vurur; Britaniya müharibə zamanı Azərbaycana qarşı BMT TŞ-yə təqdim edilən qətnaməni bloklayır və yeni reallıqda qaliblərin tərəfində yer alır və s...
İran-Ermənistan-Fransa (Fransaya bağlı olan bəzi AB ölkələri) xətti sürətlə sıradan çıxmaqdadır; bu siyahıda artıq Rusiya da yoxdur. Dünyanın böyük güclərindən olan Rusiyanın ağıllı lideri də qaliblərlə birgə addım atır – həm Suriyada, həm Əfqanıstanda, həm də Qafqazlarda.
İrana da qaliblərin tərəfində yer almaq təklif edilir, əfsuslar olsun ki, imtina ilə daha aqressiv siyasət cavabı alınır. Nəticədə İranın Qafqazlardan da Fransa kimi sıxışdırılıb çıxarılması prosesinə başlanılır və bu, artıq birbaşa Tehranın siyasətinin nəticəsidir. Azərbaycan Prezidenti Cəbrayıla səfər edərkən təsadüfən demədi ki, bu platforma yaradılacaq, “dördlük platforma” olsa da. Yəni bura İran və Gürcüstan qatılmazsa, onda Rusiya, Azərbaycan, Türkiyə və məcbur edilən Ermənistan bir platformada regionun taleyini həll edəcək.
Bunun əlamətləri də başlayıb: İran Bakıdan Naxçıvana uçan hərbi təyyarələr üçün hava məkanını bağlayan kimi AZAL mülkilər üçün də İrandan istifadəni dayandırır və Ermənistan üzərindən uçuş başlayır. Qarşılıqlı olaraq, Ermənistana Azərbaycan üzərindən uçuş üçün hava məkanı açılır. Ən qısa müddətdə də Ermənistan Azərbaycandan Naxçıvan və Türkiyəyə quru yolunu açacaq, əvəzində Türkiyə vasitəsilə Qərbə, Azərbaycan vasitəsilə şərqə və Rusiyaya böyük, geniş, təhlükəsiz, ucuz və mövcud quru dəhlizləri əldə edəcək. Ermənistan bu imkanlardan niyə imtina etməlidir ki?”
Aynur Camalqızı İranın bu siyasəti ilə qarşısına dünya güclərini aldığını və məğlubiyyətə artıq indidən imza atdığını bildirib:
“Ya hər şey, ya da heç nə” siyasəti İranın milli maraqlarına olduqca ağır zərbələr vurmaqdadır. Azərbaycan, o cümlədən Türkiyə “qazanaq və qazandıraq” siyasəti həyata keçirir və ona görə də həm iqtisadi, həm siyasi, həm də hərbi müttəfiqlərinin sayını durmadan artırır, nəticədə regionları qazanır. Çünki əlaqələr şəffaf, iddialar iqtisadi, siyasət milli və bəşəridir. İran elə güman edirsə ki, Ermənistan “son damla qanına qədər” İrana sədaqət nümayiş etdirəcək, yanılır. Ermənistanın iqtisadi mənfəətləri var – harda təmin olunacaqsa, ora da yönələcək. İndi Ermənistan “Dördlük platforması”nda daha uyğun mövqe tutması üçün İrana müsbət mesajlar ötürüb, XİN rəhbərini göndərir. Ancaq nəqliyyatı, enerji təchizatı, Metsamor AES-i Rusiyanın təsiri altında olan, rus bazalarının yerləşdiyi və sərhədlərini Rusiya Sərhəd Xidmətinin qoruduğu Ermənistan nə qədər “manevr” edə biləcək ki? Üstəlik, Ermənistanın siyasi “sədaqəti” də hər zaman dırnaqda yazılıb...”