Müəllif: Valeriy Kantorİran tərəfindən Azərbaycana qarşı səsləndirilən misilsiz və sivil dünyada qəbul olunmayan təhdidlər Qərb KİV-lərində qızğın analiz olunur…İslam respublikasının rəsmi nümayəndələri iki ölkənin ənənəvi ehtiyatlı münasibətlərindəki bu dəfə sərhədə qoşun yığmaqla nəticələnən gərginliyini onunla izah edirlər ki, qonşu dövlətin “sionist qurumun (İranda İsrail dövlətini rəsmən bu cür adlandırırlar) hərbi bazaları üçün platsdarma çevrilməsi” ilə barışa bilməzlər.
Baxmayaraq ki, prezident İlham Əliyev rəsmi Tehranın ittihamlarını qətiyyətlə rədd edərək Azərbaycanda əcnəbi hərbi birliklərin fiziki mövcudluğu ilə bağlı konkret sübutlar tələb edib, İranın qəzəbli ritorikası get-gedə daha qıcıqlandırıcı və yolverilməz intonasiya daşıyaraq güclənməkdədir.
Bununla əlaqədar sadə suallar yaranır.Məgər İran rəhbərləri Azərbaycanla İsrailin hələ ötən əsrin 90-cı illərində başlayan strateji əməkdaşlığının miqyasından xəbərsizdilər?
Məgər İslam inqilabı keşikçiləri Korpusunun (İİKK) kəşfiyyatının rəhbərliyi ali ruhani lider Əli Xameneiyə məruzə etməyiblər ki, hələ 2011-ci ildə Azərbaycan İsrail texnologiyaları ilə müasir PUA-ların istehsalına başlayıb?
Məgər İran kəşfiyyatının rəhbərləri Tehran hökumətini İsrail hökumətinin ən nüfuzlu üzvlərinin və Baş nazirinin Azərbaycana səfərləri barədə məlumatlandırmayıb?
Əlbəttə, bilirdilər, məruzə etmişdilər, məlumatlandırmışdılar!Elə isə niyə məhz indi, 2021-ci ilin ikinci yarısında İran Bakı ilə Təl-Əvivin strateji əməkdaşlığından (Tehran Azərbaycanda İsrail hərbçilərinin fiziki mövcudluğuna dair bircə sübut belə təqdim etməyib) şimal qonşusuyla münasibətləri kəskin şəkildə gərginləşdirmək üçün bəhanə kimi istifadə etmək qərarına gəlib? Adətən çevik və qəliz İran diplomatiyasını ona xas olmayan ultimativ, döyüşkən intonasiyalara dəyişdirən “tumbler” rolunu məhz nə oynayıb?
Ehtimal edirəm ki, ayətollaların və İİKK-in ali rəhbərliyin narahatlığının əsas səbəbi islam respublikasının hərbi-sənaye kompleksinin müasir silah növlərinin, xüsusilə də döyüş və kəşfiyyat PUA-larının istehsalı texnologiyasında yetərincə geridə qalması ilə bağlıdır.
Bunu Tehranın gözlərini bölgədə yaranan prinsipial yeni situasiyaya açmış İkinci Qarabağ müharibəsinin gedişatı və nəticələri də təsdiqlədi...
Eyni baxış, ayrı-ayrı məqsədlərHərbi əməliyyatlar və kəşfiyyat əməliyyatlarında müasir PUA-lardan kütləvi istifadə məsələsində İran və Azərbaycan ordularının Baş Qərargahlarının mövqelərində strateji baxış fərqi yox idi: Bakı da, Tehran da bu silah növündən istifadənin üstünlüklərini aydın şəkildə anlayırdı, odur ki, PUA-ların kütləvi istehsalını genişləndirirdi: İranda bu, 2000-ci illərin əvvəllərində, Azərbaycanda isə İrandan 10 il sonra başlamışdı.
Prinsipial fərq isə iki qonşu dövlətin məqsədlərində idi.
İlham Əliyev Azərbaycan ordusunu ardıcıl şəkildə yenidən quraraq və silahlandıraraq qarşısına Qarabağ ərazisini və ətraf rayonları otuz illik erməni işğalından azad etmək kimi vahid məqsəd qoymuşdusa, İran PUA-dan Yaxın Şərqdəki sünni monarxiyalarla mübarizədə universal silah kimi, habelə ABŞ-ın İraqdakı hərbi bazalarına və İsrailin mülki əhalisinə qarşı “qisas aksiyaları”nda istifadə edirdi.
PUA-ların kütləvi istehsalına bel bağlamağı sanksiyalar şəraitində elmi-texniki tərəqqinin nailiyyətlərinin tətbiqini Əli Xameneinin fəxrlə “müqavimət iqtisadiyyatı” adlandırdığı öz gücünə arxalanmaq konsepsiyası ilə birləşdirən İranın spesifik yanaşması idi.
Bu strategiyanın ilk baxışda ciddi nöqsanı yoxdu: İranın öz satellitlərini təchiz etdiyi PUA-lar ona başqalarının əli ilə rəqiblərini daima gərginlikdə saxlamaq, onlara məqsədyönlü zərbələr endirmək və bu vaxt Körfəz monarxiyalarına, ABŞ və İsrailə İran ərazisindəki hədəflərə hücum etmək üçün bəhanə verməməklə cavab reaksiyasından qaçmaq imkanı qazandırırdı. Belə ki, aqressiv əməllər üçün məsuliyyəti əslində büsbütün İrana tabe olan və “milli-vətənpərvərlik mübarizəsi” aparan şiə könüllüləri daşımış olurdu.
Iran Primer saytının məlumatına görə, hələ 2004-cü ildə İran öz istehsalı olan, təsir radiusu 15 km.-dən 1700 km.-ə qədər məsafəni əhatə edən PUA-larla Livan, İraq, Yəmən və Qəzza sektorundakı şiə milislərini, habelə kontrabanda yoluyla, tankerlərin anbarlarında çatdırmaqla Venesuelada Uqo Çaves rejimini təchiz edib.
Artıq həmin vaxt Londonun IISSinstitutunun tədqiqatçısı Fabian Xinz PUA-larla hərbiləşdirilmiş şiə strukturlarının kütləvi təchizini İranın öz hərbi zəifliyini pərdələmək üçün işləyib hazırladığı asimmetrik strategiyanın tərkib hissəsi kimi qiymətləndirmişdi. Bir sözlə, bu, müharibəni düşmən ərazisində aparmaq kimi Stalin konsepsiyasının sırf İran variantı…ABŞ Silahlı Qüvvələrinin Mərkəzi komandanlığının rəhbəri Kennet Makkenzi 2019-cu ildə İran “puamaniya”sını dəyərləndirərək bildirmişdi ki, Yaxın Şərq əksəriyyəti İranda istehsal olunan pilotsuz uçuş aparatlarının geniş tətbiqi üçün poliqona çevrilib.
Yeri gəlmişkən, elə həmin Makkenzi bildirmişdi ki, iranlıların PUA-lardan kütləvi istifadəsi ABŞ və müttəfiqlərinin təhlükəsizliyi baxımından müsbət faktordur. Belə ki, ayətollalar müxtəlif uzaqlıqlı ballistik raketlərin işlənib hazırlanmasına ayrılan xərcləri kəskin azaltmalı olublar. Bu sonuncuların tətbiqini isə HAMAS və ya “İslam cihadı” döyüşçülərinin üzərinə yıxmaq mümkün olmayacaqdı…
İran PUA-ları - yoxsullar üçün HHQ-dirProblemlər o vaxt başladı ki, İranda kütləvi şəkildə PUA istehsalının onların keyfiyyəti və texnoloji səviyyəsi ilə ayaqlaşa bilmədiyi tədricən aydın görünməyə başladı.
Bəlli olduğu kimi, İran hərbi-sənaye kompleksi bu gün də bəzi silah növlərini, o cümlədən PUA-ları digər ölkələrdə hazırlanan qabaqcıl sistemlərin bazasında, “əks layihələşdirmə” prinsipi ilə istehsal edir. Təəccüblü deyil ki, bu cür məhsul çox vaxt peşəkar keyfiyyət standartlarına müvafiq gəlmir - bu, şiə ekspansiyasının liderlərinin illər boyu etinasızlıqla yanaşdıqları faktdır. Bu illər ərzində onlar özlərinin geosiyasi ambisiyalarına təsəllini Qərb KİV-lərində yayımlanan informasiyalarda tapırdılar. Həmin KİV-lər isə İran PUA-larının ABŞ-ın İraq və Suriyadakı hərbi bazalarına, Səudiyyə Ərəbistanının neft mədənlərinə və İsrailin sənaye mərkəzlərinə cəsarətli hücumlardan bəhs edirdilər. Və bütün bu hücumlara görə İran heç bir məsuliyyət daşımırdı. Bu, şiə İranının Polişinel sirriydi - ayətolla rejiminin bədxahlarına və düşmənlərinə verilən siqnaldı ki, “İranın cəzalandıran əli” Yaxın Şərqin istənilən nöqtəsinə qədər uzanır…
Ayılma dərhal baş vermədi. Tədricən İranın təkcə düşmənləri yox, həm də onun proksiləri anlamağa başladı ki, PUA-ların effektivliyi yetərincə aşağıdır - həm hücum xarakteristikasına, həm də rəqibin hava hücumundan müdafiə sisteminin zərbələrindən qorunmaq imkanlarına görə. Bu narazılığı digərlərindən daha aydın şəkildə HAMAS-ın Qəzzadakı səhra komandiri ifadə etdi. O, İsrailin Müdafiə ordusunun Qəzzada “Divar keşikçisi” əməliyyatının tamamlanmasından sonra bildirdi ki, İran PUA-ları - İsrail aviasiyasının zərbə gücünə qarşı ucuz alternativ, özünəməxsus kasıb HHQ-dir. Onunla güclənmək olar, ancaq real zərər vurmaq olmaz …
Sonra müxalif İran jurnalistlərinin “Milli həqarətin simmetriyası” adlandırdıqları dövr gəldi. İran liderlərinin İİKK-nin Baş komandanı, “millətin siması” adlandırılan Qasım Süleymaninin qətlinə, Natanzedəki atom tədqiqatları Mərkəzində baş verən sirli partlayışlara, Milli nüvə proqramının rəhbəri Möhsün Fəxrizadənin müəmmalı şəkildə öldürülməsinə, Suriyanın cənubunda İran hərbi bazalarının və İİKK zabitlərinin mütəmadi məhv edilməsinə görə ABŞ imperialistlərindən və “sionist işğalçılar”dan qisas alacaqları ilə bağlı bütün dünyaya verdikləri vədlər elə vəd olaraq da qaldı. Ayətollalar hədələdilər, qorxutdular, ancaq cəzalandırmadılar. “Bilirsən kimi, bilirsən niyə, ancaq bilmirsən nə ilə!” - oxşar vəziyyətlərdə deyirlər.
Nəhayət ötən il Tehranın gözləri tamam açıldı. İkinci Qarabağ müharibəsinə Azərbaycan ordusu Türkiyədə və İsraildə istehsal olunan PUA-ların güc və potensialını nümayiş etdirərək Ermənini atəşkəsə məcbur etdi.
Washington Post qəzeti 44 günlük müharibənin yekunlarından yazarkən qeyd etdi ki, Qarabağ uğrunda savaş və Azərbaycan ordusunun texnoloji cəhətdən qabaqcıl PUA-lardan istifadəsi təkcə indiyədək HHQ-nin və quru qoşunlarının imkanlarına arxalanan ənənəvi hərbi kampaniyaların parametrlərini dəyişmədi, həm də sübut etdi ki, Hava hücumundan müdafiənin effektiv sistemlərinin və döyüş dronlarından etibarlı qorunmanın yoxluğu şəraitində məhv olmaq riski radarlardan ağır tanklara və raket qurğularına qədər silah və texnikanın bütün sistemlərini əhatə edir.
Məhz bu nəticə Qafqazda vəziyyətin gözlənilməz dərəcədə kəskin gərginləşməsinin və Azərbaycanın suverenliyi açıqca təhdid edən İranın aqressiv ritorikasının səbəbinə aydınlıq gətirir.
Məlumdur ki, Qarabağ müharibəsində Azərbaycan ordusu düşmənin T-54, T-62 və T-72 tanklarının üçdə ikisini məhv edib, Hava hücumundan müdafiə sistemlərinin yarısını, həmçinin 10-larla zirehli texnikanı, çoxsaylı zenit-raket komplekslərini, artilleriyanı, yaylım atəşi sistemlərini, minaatanları sıradan çıxarıb…
İran generalları bu statistikanı güman ki əzbər bilirlər. Çünki İran ordusu və İİKK bölmələri də indiyədək məhz Sovet istehsalı olan köhnəlmiş silahlarla və döyüş texnikası ilə təchiz olunub.
Bu, həmin silahlardır ki, İranın hərbi-sənaye kompleksi “əks layihələşdirmə” prinsipi ilə öz gücünə və imkanlarına uyğun müasir şəklə salmağa çalışır.
Bu, həmin köhnəlmiş Sovet silahlarıdır ki, Azərbaycan PUA-ları Qarabağ müharibəsində onları kibrit qutuları kimi yandırıb.
Əyani ekstrapolyasiyadır.İran liderləri böyük ehtimalla anlayır ki, tarixin rəqqası Tehrandan əks tərəfə hərəkət edəndə vaxtı fövtə veriblər, müasir İran texnoloji inkişafda ümidsiz dərəcədə geri qalır, bugünkü Azərbaycan isə təkcə inkişaf etmiş sənaye və qabaqcıl iqtisadiyyat yox, həm də hərbi güc deməkdir. Əks halda siyasi əsəbiliyin gözlənilməz sıçrayışını və Azərbaycan sərhədi boyunca peyda olan Sovet tanklarının və yaylım atəşi sistemlərinin yerdəyişməsini necə izah etmək olar?
Buna baxmayaraq, əgər İran Azərbaycana göstərdiyi siyasi və psixoloji təzyiqin effektivliyinə ümid edirsə, bu təzyiqdən sonra Bakının özünün hansı dövlətlə münasibət qurmaq, hansılarla taleyüklü məsələləri həll etmək, hansılarla isə münasibətləri kəsmək kimi hüququndan əl çəkəcəyini düşünürsə, deməli islam dövlətinin liderləri hələ də Səfəvilər dövlətinin möhtəşəmliyi haqqında orta əsr əfsanələrinin əsiridirlər. Əslində onlar çoxdan unudulmuş və sivilizasiyanın istisna etdiyi keçmişdə yaşayırlar.
O keçmişdə ki, onun təqvimində bu gün XXI əsr yox, 1443-cü ildir…