Müxtəlif əsassız bəhanələrlə regionda vəziyyəti gərginləşdirən və tez-tələsik öz xarici işlər nazirini Moskvaya şikayətə göndərən İranın bu səfərdən gözlədiyi nəticəni alıb-almadığı hələlik bəlli deyil. Ancaq iki ölkə nazirinin görüşdən sonrakı açıqlamaları müəyyən ilkin nəticələr çıxarmağa əsas verir.İlk olaraq qeyd edilməlidir ki, İranın yeni nazirinin Rusiyanın erməni əsilli kimi tanıdığımız XİN rəhbərini də ermənipərəstlikdə, anti-Azərbaycan ritorikasında qat-qat üstələdiyi hələ bu görüşdən əvvəl də məlum idi. Moskvada da bu “xətti” saxlayan Hüseyn Əmir Abdullahian yenə mücərrəd “sionizm”, hətta “terrorçular” təhlükəsindən danışıb və Azərbaycanı işarə edib. Nazir Moskvada jurnalistlərə ilk açıqlamasında bunları deyib:
“İran bölgədə sərhədlərin dəyişdirilməsinə, terrorçuların və sionistlərin varlığına Rusiyanın da kəskin reaksiya verəcəyini gözləyir”. Lakin görüşdən sonra Serqey Lavrovun iranlı həmkarının iddialarına münasibəti rəsmi Tehranın gözlədiyindən fərqli olub. Belə ki, Moskva bir daha onun üçün qətiyyən itirmək istəmədiyi ölkə olan Azərbaycanın ünvanına, İrandan fərqli olaraq, hər hansı irad, ittiham səsləndirməkdən çəkindi.
İranın erməni xislətli jurnalistinin Azərbaycanın Xəzər dənizində Türkiyə ilə birlikdə hərbi təlimlər keçirməsi və Azərbaycan-Türkiyə-Pakistan təlimləri ilə bağlı sualına isə Lavrov belə cavab verib:
"Rusiya regionda hərbi fəallığın artırılmasının və hansısa təlimlərin təxribat xarakteri daşımasının əleyhinədir. Azərbaycan tərəfinin də İranın Azərbaycan sərhədləri yaxınlığında hərbi təlimlər keçirməsi ilə bağlı narahatlığı var. Xəzərin hüquqi statusu ilə bağlı Konvensiya Xəzər dənizində xarici dövlətlərin hərbi qüvvələrinin mövcudluğunu qadağan edir. Konvensiyanın qüvvəyə minməsi üçün İranın sənədi ratifikasiya etməsi lazımdır. Hazırda bu məsələyə İran parlamentində baxılır. Ümid edirəm ki, ratifikasiya haqqında qərar tezliklə qəbul ediləcək. O zaman Konvensiya Xəzər dənizində müvafiq rejimi təmin edəcək tam beynəlxalq hüquqi sənəd olacaq."Göründüyü kimi, Lavrov İranın iddialarından və gözləntilərindən fərqli olaraq, Azərbaycan ərazisində hansısa terrorçu, sionist olması barədə cəfəng və boş ittihamlardan uzaq durur.
Eyni zamanda, hərbi təlimlər məsələsində müsəlman qonşusundan Moskvaya şikayətə gedən İrana öz məsuliyyətini xatırladır və İranın da keçirdiyi təlimlərin regionda narahatlıq yaratdığını bildirir.Təbii ki, Rusiyadan olsa, ümumiyyətlə, regionda ondan başqa heç kim nə hərbi təlim keçirər, nə də hərbi aktivlik göstərər. Lakin işğala məruz qalmış və hələ də onun nəticələrini tam aradan qaldırmamış Azərbaycanın öz suveren haqlarından istifadə edərək istədiyi ölkə ilə birgə təlimlər keçirməsi kimsənin, xüsusilə də İranın burun soxacağı mövzu deyil. Bu baxımdan Lavrovun təlimlərlə bağlı nisbətən neytral mövqe ifadə etməsi hardasa məqbul yanaşma sayıla bilər.
Xəzərdəki təlimlərə gəlincə isə, Rusiyanın XİN rəhbəri Azərbaycana yox, elə İranın özünə irad bildirərək, Tehranın hələ də məlum konvensiyanı imzalamadığını xatırladıb və dolayısı ilə Azərbaycanın Xəzərdə Türkiyə ilə birgə təlim keçirməsində hüquqazidd heç nə olmadığını ifadə etmiş olub. Zatən bu təlimlərlə bağlı İrandan başqa heç bir Xəzəryanı ölkənin iradı olmamışdı. Lavrovun bu açıqlaması isə bir daha İranın etirazının cığallıq və saxtakarlıqdan başqa bir şey olmadığını təsdiqlədi. Bu arada Abdullahianın İranın xarici siyasətdəki riyakar siyasətini ifadə edən daha bir neçə fikri maraq doğurur. Belə ki, görüşdən sonra keçirilən brifinqdə Abdullahian Lavrovla
“Cənubi Qafqazda sionistlərin və terrorçuların mövcudluğu” mövzusunu müzakirə etdiklərini deyib. Hansı ki, Lavrov həmin brifinqdə bu absurd mövzuya ümumiyyətlə toxunmadı.
Digər yandan İran XİN rəhbəri ölkəsinin Azərbaycanla sərhəddə keçirdiyi hərbi təlimlərə haqq qazandırmaq, don geyindirmək üçün deyib ki, İranın təlimləri
“regionda sülh, stabillik və təhlükəsizlik ismarıcıdır”. Sual yaranır ki, birincisi, bu “sülh, stabillik və təhlükəsizlik ismarıcı” Azərbaycanın torpaqları 30 il erməni işğalı altında olanda və İran rejimi faktiki olaraq terrorçular, separatçılarla qonşuluq edəndə niyə verilmirdi? Yəqin yeri rahat idi, ona görə?...
İkincisi, necə olur ki, İran hərbi təlim keçirəndə bu, “sülh, stabillik və təhlükəsizlik ismarıcı”, Azərbaycan və Türkiyə keçirəndə isə “təhlükə” hesab olunur? Haralarından çıxarırlar bu məntiqi?... Nəhayət, Lavrovun sözügedən brifinqdə regionda məhz Azərbaycan Prezidentinin irəli sürdüyü “3+3” formatını xatırladaraq, İranın da bu formata qoşulmasının vacibliyindən danışması bir daha Rusiyanın Tehranın son dövrlər regionda aparmağa çalışdığı aqressiv siyasətə isti yanaşmadığını ortaya qoyur. Cəlal Məmmədov“AzPolitika.info”