Sülhəddin Əkbər: “Azərbaycan-İran münasibətləri heç vaxt normal olmayacaq, çünki...”
İranın ali dini lideri Xamneyinin Azərbaycandakı nümayəndəsi Əli Əkbər Ocaqnejad Bakını tərk edib getdi. Məlumatlara görə, Ocaqnejad Azərbaycanda diplomatik statusla, İran səfirliyinin əməkdaşı kimi qeydiyyata düşüb, amma öz statusuna uyğun fəaliyyət göstərməyib.Belə ki, onun ofisinin yerləşdiyi “Hüseyniyyə” məscidi İran Mədəniyyət Mərkəzi kimi təqdim edilsə də, oradan mədəniyyətin təbliği üçün deyil, Azərbaycana qarşı dini-ideoloji və siyasi mübarizə və gizli şəbəkənin yaradılması üçün istifadə olunduğu müəyyən edilib. Məlum olub ki, burada mütəmadi olaraq Azərbaycanın dövlət quruluşu, idarəçiliyi və hakimiyyətinə qarşı təbliğat aparılıb, dini düşmənçilik, dini radikalizm və fanatizm zəminində milli, irqi, sosial və dini nifrətin, düşmənçiliyin təbliği işi qurulub. Məlumatda bildirilir ki, Azərbaycanın müvafiq dövlət orqanlarının bütün bu faktlar, qanunsuzluqlar haqda məlumat əldə etdiyindən xəbər tutan Ocaqnejad gizli yolla Azərbaycanı tərk edib.Artıq mərkəz (“Hüseyniyyə” məscidi) bağlanıb. İran səfirliyindən isə billdiriblər ki, guya mərkəz tezliklə açılacaq. Bu əminlik haradandır? İki ölkə arasında gərginlik yatandan sonra bu mərkəzin, əslində isə İranın ölkəmizdəki “gizli gözü”nün açılması mümkünmü? Açılmalıdırmı?
Sülhəddin ƏkbərTəhlükəsizlik məsələləri üzrə ekspert Sülhəddin Əkbər “Yeni Müsavat” deyib ki, məscid tezliklə açılmalıdır, amma müəyyən şərtlər daxilində: “Bu xarakterli məsələlər incə və həssas məsələlərdir. Azərbaycan hökuməti indiyə qədər gərək bu məsələyə reaksiya verərdi. Məscidin İranın dini-ideloji pozuculuq mərkəzinə çevrilməsinin qarşısı alınmalı idi. 10 illər ərzində məscid bu funksiyanı yerinə yetirib. İndiki halda məscidin bağlanması doğru addım deyildi. Amma məscid funksiyasından kənar fəaliyyət göstərirdi. Eyni zamanda İranın ali dini liderinin bu işlərə rəhbərlik edən nümayəndəsinin ofisi kimi fəaliyyətdə idi. Operativ-taktiki baxımdan bu qərarın verilməsi doğrudur. Strateji, uzunmüddətli planda baxanda təbii ki, məscid Azərbaycan hökumətinin nəzarəti altında açılmalıdır. Öz funksiyasına uyğun fəaliyyəti təmin edilməlidir. Azərbaycan dindarlarının, möminlərin ibadət yeri kimi fəaliyyətini davam etdirməlidir”.
Ekspert deyir ki, bu işin təşkilini Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) ilə Qafqaz Müsəlmanları İdarəsinə həvalə etmək olar: “Koordinasiyalı şəkildə məscidin təyinatına uyğun fəaliyyətə başlamasını təşkil edib həyata keçirsinlər”.
Ekspert Azərbaycan-İran münasibətlərinin heç bir zaman normallaşmayacağı qənaətindədir: “Formal, siyasi-diplomatik, protokol baxımından normallaşa bilər. Amma mahiyyət etibarı ilə bu münasibətlər heç zaman normal olmayıb və bundan sonra da olması qeyri-mümkündür. Çünki tərəflər arasında fundamental toqquşan maraqlar var. Bu bizim tariximizlə bağlıdır, İran adlanan dövlətin tarixi coğrafiyası, orada olan tarixi dövlətlər və həmin dövlətlərin bizimlə bağlılığı ilə əlaqəlidir. Bu gün Şimali Azərbaycanda qurulan milli Azərbaycan dövləti və onun perspektivi, Azərbaycan-Türkiyə İttifaqı, Türk Birliyinin yaranması ilə bağlı da ciddi geopolitik-strateji səbəblərə dirənən gərgin münasibətlər var. Bu baxımdan Azərbaycan-İran münasibətlərinin normallaşacağını gözləmirəm”.
Sülhəddin Əkbər deyir ki, İran hər zaman Azərbaycan üçün təhdid olub: “Bir sıra səbəblərdən bu təhdid potensial olaraq qalırdı. İndi isə dəyişən şərait və şərtlər təhdidi aktuallaşdırıb. Bugünkü teokratik İran İslam Respublikası dini rejimi Azərbaycan Respublikası milli dövləti üçün aktual təhdiddir”.
Sülhəddin Əkbər deyir ki, təhdidin aradan qalxması üçün Azərbaycan milli dövlət olaraq inkişaf edib güclənməlidir: “Şuşa Bəyannaməsi ilə təsbit olunan Türkiyə-Azərbaycan strateji müttəfiqliyi real məzmun kəsb etməlidir. Azərbaycanda Türkiyənin hərbi bazaları yaranmalıdır. Elan edildiyi kimi, Azərbaycanın Türkiyə modelli ordusu qurulmalıdır. Azərbaycanın kəşfiyyat-təhlükəsizlik xidməti yenidən qurulmalıdır. Azərbaycan milli dövlət olaraq həqiqi məna və məzmunda yenidən qurulmalıdır. Türk İttifaqı gücləndirilməlidir və türk birliyi yaradılmalıdır. Azərbaycan təbii, potensial müttəfiqləri ilə münasibətləri yenidən qurmalıdır. İlk növbədə Pakistanla tərəfdaşlıq, İsraillə strateji əməkdaşlıq münasibətləri, Avropa Birliyi, Amerika və NATO ilə münasibətlər yüksək səviyyəyə çatdırılmalıdır”.
E.MƏMMƏDƏLİYEV,“Yeni Müsavat”