Belarusda Azərbaycan və Ermənistan XİN başçılarını Rusiya görüşdürüb,Beynəlxalq Ədalət Məhkəməsi Ermənistanın Azərbaycana qarşı vəsatəti ilə bağlı dinləmələrə başlayıb, Qarabağdakı erməni silahlıları mülki avtomobili "atəşə tutmadıqlarını" deyir - daha ətraflı BBC News Azərbaycancanın icmalında.
Cümə axşamı günü Belarusun paytaxtı Minskdə Azərbaycan və Ermənistan XİN başçıları görüşüb.
Azərbaycan Xarici İşlər Nazirliyi bəyan edib ki, görüş Rusiyanın təşəbbüsü ilə baş tutub.
Nazirliyin məlumatına görə, Ceyhun Bayramov görüşdə deyib ki, 10 noyabr və 11 yanvar üçtərəfli bəyanatların tam icra edilməsi vacibdir.
Məlumata görə, azərbaycanlı nazir dövlətlərin suverenliyi, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı prinsipi əsasında münasibətlərin normallaşmasına hazır olduğunu bildirib.
O, Ermənistan ilə sərhədlərinin delimitasiyası prosesi üzrə danışıqlara başlanılması və regionda bütün nəqliyyat kommunikasiyaların açılması üzrə razılaşmaların yerinə yetirilməsi kimi məsələlərdən də danışıb.
Nazir Ceyhun Bayramov görüşdə Ermənistan tərəfindən dəqiq mina xəritələrinin təqdim edilməsini istəyib.
Daha əvvəl nazirlərin görüşəcəyi ilə bağlı Rusiyanın Tass agentliyi məlumat yayıb.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Minskdə erməni və azərbaycanlı həmkarları Ararat Mirzoyanla və Ceyhun Bayramovla ayrılıqda da görüşüb.
"Bu yaxınlarda sizinlə Moskvada ətraflı danışdıq, amma bu gün ikitərəfli xarakterli görüşdə əlbəttə ki, bölgənin bəzi əlavə məsələlərini nəzərdən keçirə bilərik. Qarabağ hər zaman diqqətimizdə olmalıdır", - Sergey Lavrov ermənistanlı nazirlə görüşdə deyib.
Azərbaycan Xarici İşlər Nazirliyi bəyan edib ki, tərəflər 10 noyabr "üçtərəfli bəyanatın tam icrası və regional məsələlər ətrafında fikir mübadiləsi aparıblar".
Onların görüşü Minskdə MDB Xarici İşlər nazirləri Şurasının iclası çərçivəsində baş tutub.
BMT Beynəlxalq məhkəməsi Ermənistanın Azərbaycana qarşı qaldırdığı "bütün növ irqi ayrıseçkiliyin ləğv edilməsi haqqında" Beynəlxalq Konvensiyanın tətbiq edilməsi işi üzrə dinləmə iclası keçirib.
Məhkəmə dinləmələrində müvəqqəti tədbirlər seçilməsinə dair vəsatətə baxılır.
Sentyabrın 16-da Ermənistan Respublikası "bütün növ irqi ayrıseçkiliyin ləğv edilməsi" haqqında Beynəlxalq Konvensiyanın pozulması ehtimalı ilə bağlı BMT Beynəlxalq Məhkəməsində Azərbaycan Respublikasına qarşı şikayət verib.
Ermənistan tərəfi iddia edir ki, "Azərbaycan onillərlə erməniləri irqi ayrıseçkiliyə məruz qoyub" və "bu, dövlət tərəfindən dəstəklənən nifrət siyasəti nəticəsində ermənilər sistemli ayrıseçkiliyə, kütləvi qətlə, işgəncə və başqa sui-qəsdlərə məruz qalıblar".
Azərbaycan öz növbəsində Ermənistanı irqi arıseçkilikdə və etnik təmizləmələrdə ittiham edərək, Ermənistana qarşı BMT Beynəlxalq Məhkəməsinə analoji vəsatət verib.
Azərbaycan Xarici İşlər Nazirliyi daha əvvəl elan etmişdi ki, "Ermənistanın təcavüzü nəticəsində bir milyondan çox azərbaycanlı evlərindən zorla qovulub", Azərbaycanın bəzi şəhərləri "tamamilə yer üzündən silinib".
Daha əvvəl Azərbaycan və Ermənistan bir-birlərinə qarşı Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət ediblər.
Qarabağdakı erməni silahlı dəstələri Azərbaycan mülki avtomobilinin atəşə tutulması haqqında məlumatı təkzib ediblər.
Bu barədə Ermənistan informasiya vasitələri "Dağlıq Qarabağ müdafiə ordusu mətbuat xidmətinə" istinadən məlumat yayıblar.
"Artsax [ermənilər Qarabağı belə adlandırır- red.] müdafiə ordusu hərbçiləri tərəfindən oktyabrın 13-də saat 14:00 radələrində Azərbaycan hərbi polis avtomobilinin atəşə tutulması haqqında Azərbaycan Müdafiə Nazirliyi tərəfindən yayılan xəbər tamamilə dezinformasiyadır və bölgədə süni gərginlik yaratmaqdan başqa, həmçinin, Rusiya sülhməramlı missiyasını bədnam etmək məqsədi güdür", məlumatda deyilir.
Həmçinin deyilir ki, Qarabağdakı erməni hərbi dəstələri "əvvəlki kimi atəşkəs rejiminə əməl edir".
Azərbaycan Müdafiə Nazirliyi oktyabrın 13-də bildirib ki, saat 14:00-da Suqovuşandan Kəlbəcərə hərəkət edən mülki avtomobil karvanına erməni silahlı dəstələri tərəfindən atəş açılıb.
"Kəlbəcər rayonu ərazisində mülki infrastrukturun tikintisi məqsədilə Tərtər rayonunun Suqovuşan qəsəbəsindən Kəlbəcər rayonu istiqamətində hərəkət edən və qeyri-hərbi yükləri daşıyan avtomobil karvanı Qozlukörpü yaşayış məntəqəsi yaxınlığında qanunsuz erməni silahlı dəstələri tərəfindən atəşə məruz qalıb".
Hadisə nəticəsində ölən və yaralanan yoxdur. Lakin kolonun önündə hərəkət edən Hərbi Polisinin Hərbi Avtomobil Müfəttişliyinin "NİVA" markalı avtomobilinin ön, arxa hissəsi, təkəri və hərəkət mexanizmləri zədələnib, MN bildirib.
MN onu bildirib ki, mülki maşın karvanı Rusiya sülhməramlılarının müşayiəti ilə hərəkət edib.
Qurum belə hadisənin "yolverilməz" olduğunu bildirib.
Hadisənin araşdırılması üçün Qarabağ İqtisadi Rayonunun müəyyən hissəsində müvəqqəti olaraq yerləşdirilmiş Rusiya sülhməramlı qüvvələrinin komandanlığına və Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinə müraciət edilib.
Hadisə ilə bağlı rus sülhməramlılarının şərhi məlum deyil.
Ötən ilki 44 günlük müharibədən sonra imzalanan atəşkəs bəyannaməsinə əsasən, Qarabağa və Laçın dəhlizinə Rusiya sülhməramlıları nəzarət edir.