İran 2015-ci il nüvə anlaşmasını xilas etmək üçün danışıqlara qayıtmayacağı təqdirdə Vaşinqton və Tel-Əviv yeni variantları nəzərdən keçirəcək, Blinken “zaman tükənir” deyə xəbərdarlıq etdi; Natiq Cəfərli: “Daha güclü sanksiyalar ola bilər”
ABŞ və İsrail 2015-ci il nüvə anlaşmasını xilas etmək üçün İranın danışıqlara qayıtmayacağı təqdirdə Tehranla “B” planı razılaşmasını nəzərdən keçirdiklərini bildirib. “Yeni Müsavat”ın məlumatına görə, ABŞ Dövlət katibi Antoni Blinken və İsrailin Xarici işlər naziri Yair Lapid İranın qayıtmaq təklifini rədd edəcəyi halda onlar başqa variantları müzakirə etməyə başladıqlarını açıqlayıblar.Bu variantların nələr ola biləcəyi bildirilməyib, ancaq sanksiyaların artırılmasından gizli və ya hərbi əməliyyata qədər diplomatik olmayan geniş seçim variantları mövcuddur.Müqaviləni bərpa etmək Bayden administrasiyası üçün prioritet idi və bu məqsəddən imtina onun xarici siyasət qaydalarına zərbə olardı. Blinken və Lapid İranın Vyanada ABŞ-la dolayı danışıqlara qayıtmağa hazır olduğunu bildirdiyi vaxtda bunu açıqlayıblar, ancaq konkret bir vaxt təyin etməyiblər.
Blinken İranın razılaşmaya qayıtması üçün fürsət pəncərəsinin bağlanmaqda olduğunu bir daha təkrarlayıb, lakin yenə də ən gec tarixi qeyd etməyib.
“Zaman tükənir. İran kursunu dəyişməsə, başqa variantlara müraciət etməyə hazırıq və müttəfiqlərimiz və tərəfdaşlarımızla bu məsləhətləşmələr bu işin bir hissəsidir”, - deyə Blinken bildirib.
Lapid isə öz növbəsində İranın nüvə silahı istehsal etməsinin qarşısını almaq üçün lazım gələrsə, İsrailin hərbi gücdən istifadə edəcəyini bir daha xəbərdar edərək daha açıq danışıb. Bəs İranın Azərbaycana qarşı aqressivləşdiyi, bizə əzələ nümayiş etdirdiyi vaxtda ABŞ və İsraildən belə bəyanatın gəlməsi ekspertlər tərəfindən necə dəyərləndirilir? Bu, İranı Azərbaycanla bağlı son dövrlərdəki siyasətinə korrektələr etməyə məcbur qoya bilərmi? ABŞ və İsrailin İrana qarşı hazırladığı “B” planı nə ola bilər? Hərbi müdaxilə, yoxsa siyasi-iqtisadi təcridi daha da artırmaqla təzyiqin miqyasını çoxaltmaq?
Natiq Cəfərli ReAl Partiyasının Siyasi Komitəsinin üzvü, iqtisadçı Natiq Cəfərli “Yeni Müsavat”a qeyd etdi ki, hazırda danışıqlar Avstriya və İsveçrədə davam edir. Onun fikrincə, ABŞ və İsraildən verilən sərt bəyanatlarda məqsəd İranı güzəştə getməyə sövq etməkdir. N.Cəfərlinin sözlərinə görə, İran şərt irəli sürür ki, 2015-ci il anlaşmasına qayıtması üçün bütün sanksiyalar birdəfəlik ləğv edilməlidir: “Eyni zamanda, dondurulmuş hesabların açılmasını tələb edir, yəni bu prosesin mərhələli həllinə razılaşmır. Amma Amerika isə istəyir ki, sanksiyalar mərhələli şəkildə ləğv edilsin”.
N.Cəfərli hərbi müdaxiləni hər zaman aktual sayır, lakin bölgə faciələrlə üzbəüz qala bilər: “Ona görə Tehran razılaşmaya qayıtmasa, daha güclü sanksiyaların tətbiqinə üstünlük verilə bilər. Ola bilər ki, İranla əməkdaşlıq edən Rusiya və Çin şirkətlərinə sərt qadağalar qoyulsun, bu da cənub qonşumuzun neft ticarətinə olduqca ciddi zərbə sayılacaq. Habelə, İrana uçuşların dayanması gündəmə gələ bilər ki, bu da böyük zərbə olar. Bundan əlavə, borcların İranın valyuta hesabları sayəsində silinməsi Tehran üçün ağır nəticə verə bilər”.
Ekspert yaranmış bu şəraitdə İranın Azərbaycanla gərginliyi yumşaltmasını zəruri sayır və bundan Tehranın fayda görəcəyini düşünür: “İranın atdığı son addımlar rasional və iqtisadi məntiqə uyğun deyil. Azərbaycan xoş məramından irəli gələrək logistika ilə bağlı qadağalara qoşulmadı, əksinə, İrana yeni yol açılması üçün 500 milyon ayırdı. Ona görə İran Azərbaycana yaxınlaşmağı üstün tutmalıydı. Çünki ticarət dövriyyəsində bizə daha çox mal satırdı, investisiyalarda irəlidədir”.
Ramiyə Məmmədova Siyasi təhlilçi Ramiyə Məmmədova İrana qarşı hərbi müdaxilənin hələ tez olduğunu düşünür: “İsrail həmişə onu vurmaqla hədələyir, amma bu iki ölkənin müharibəyə gedəcəyini düşünmürəm. Amerika və İsrail İranı sanksiyalarla şam kimi əritməyə üstünlük verirlər. Çünki hərbi müdaxilə təkcə İrana yox, regiona böyük fəlakət gətirə bilər. Amma Bayden administrasiyasının Tehranla müəyyən razılaşmalar əldə edəcəyini gözləyirəm. Bu halda sanksiyalar yumşala bilər, lakin nüvə məsələsi uzun illər üç dövlətin müzakirə masasında qalacaq”.
Misir Mülki Aviasiya Nazirliyinin nümayəndəsi, ekspert Abdullah Abdalrazik İmran axar.az-a bildirib ki, İsrail heç vaxt İranın nüvə proqramını izləməyi dayandırmayıb və bu proqramın elementlərinə qarşı bir çox təxribat əməliyyatı həyata keçirib: “Bu təxribatlardan ən böyüyü İranın nüvə proqramının rəhbəri kimi tanınan alim Möhsün Fəxrizadənin öldürülməsi idi. İsrailin misirli alim doktor Yəhya əl-Maşadın Fransadakı sui-qəsdinə, ”Osirak" nüvə reaktorunun məhv edilməsi də daxil olmaqla, İraqın nüvə proqramını sıradan çıxarmasını bacarmasına baxmayaraq, indi zaman fərqlidir. Bunu etmək üçün İsrailin regionda dəstəyə ehtiyacı var. Lakin nüvə reaktorlarını məhv etmək üçün İrana qarşı bölgədə hərtərəfli müharibə kimi sərt tədbirlərin ən azından hal-hazırda gözlənildiyini düşünmürəm".
Emil SALAMOĞLU,“Yeni Müsavat”