Moskva görüşü və Tehranın narahatlığı: Sülh sazişi nə vaxt imzalanacaq?

19-10-2021, 14:28   


Moskva görüşü və Tehranın narahatlığı: Sülh sazişi nə vaxt imzalanacaq?

Sabah Moskvada Azərbaycan, Rusiya və Ermənistan üçtərəfli İşçi Qrupunun növbəti iclası keçiriləcək.
Rusiya KİV-i xəbər verir ki, görüşdə baş nazir müavinləri Şahin Mustafayev, Aleksey Overçuk və Mqer Qriqoryan iştirak edəcəklər.
Azərbaycan-Ermənistan dövlət sərhədində vəziyyətin gərginləşməsi səbəbindən İşçi Qrupun işində müvəqqəti fasilə yaranmışdı, lakin son vaxtlar üçtərəfli formatda görüşlər yenidən başlayıb.
Həmçinin, Ermənistan Baş nazirinin müavini Mqer Qriqoryan oktyabrın 20-də Rusiyanın paytaxtı Moskva şəhərində keçirilməsi planlaşdırılan üçtərəfli İşçi Qrupun iclasında müzakirə olunacaq məsələləri açıqlayıb.
M.Qriqoryan deyib ki, Ermənistan regiondakı kommunikasiyaların blokadadan çıxarılması çərçivəsində dəmir yolunun açılması ilə bağlı müəyyən fikirlərə malikdir: "Toplantıda avtomobil yollarının açılması məsələsini də müzakirə etməliyik”.
Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev, Rusiyanın dövlət başçısı Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında 2021-ci il yanvarın 11-də Moskvada keçirilən danışıqlardan sonra üç ölkənin baş nazir müavinlərinin rəhbərliyi altında İşçi Qrupun yaradılması barədə qərar qəbul edilib.
Maraqlıdır, Zəfər Gününə qədər Azərbaycan və Ermənistan arasında sülh sazişi bağlana bilərmi? Ümumiyyətlə, bu görüşdə nələrin müzakirə olunması gözlənilir?
Politoloq Cümşüd Nuriyev Cebhe.info-ya açıqlamasında bildirib ki, mövcud vəziyyətdə sülh sazişinin imzalanma ehtimalı bir qədər aşağıdır:

“Çünki sülh sazişi çox ciddi sənəddir və hər iki tərəf öz maraqlarını qorumağa çalışır. Hazırda isə İşçi Qrupu sadəcə sülh sazişinin imzalanması ilə bağlı danışıqlar aparıb.Buna görə də qısa müddətdə sülh müqaviləsinin hazırlanması və imzalanması inandırıcı görünmür. Lakin sülh sazişinin bu ilin sonuna qədər imzalanma ehtimalı çox yüksəkdir.Bununla yanaşı, görüşdə Zəngəzur dəhlizinin açılması məsələsi də gündəmdə olacaq.
Qeyd edim ki, Rusiya da Zəngəzur dəhlizinin açılmasında maraqlıdır. İran isə bu günə qədər əvvəl gizli, sonra açıq şəkildə bu dəhlizin açılmasına maneə oldu. Lakin İran artıq bölgədə siyasi oyunçu deyil. Hətta indiki şəraitdə Ermənistan İrandan daha güclü mövqeyə sahibdir.Ona görə də sülh sazişinin imzalanması üçün siyasi mühit və iqtisadi təzyiqlər var. Həmçinin, hər iki tərəfin də bununla bağlı könüllü razılığı var”.
Politoloq onu da qeyd edib ki, Azərbaycan və Ermənistan birinci növbədə sərhədlərin delimitasiya məsələsinin həyata keçməsini istəyir:
“Buna baxmayaraq, delimitasiya işlərinin reallaşması bir qədər uzana bilər. Əgər əvvəllər qəbul olunmuş dövlət sərhədləri əsasında delimitasiya və demarkasiya işlərinin həyata keçirilərsə, sülh sazişinin bağlanması sürətlənə bilər. Bütün hallarda artıq bu müstəvidə müsbət mənada irəliləyiş olduğunu düşünürəm. Eyni zamanda, Azərbaycan tərəfi Qarabağ ərazisində qalmış qanunsuz erməni silahlı dəstələrinin oradan çıxarılmasını istəyəcək. Həmçinin, Qarabağda qalmış ermənilərin talehi də müzakirə mövzusu ola bilər. Azərbaycan tərəfi onlara vətəndaşlıq verməyə hazır olduğunu dəfələrlə bildirib. Hesab edirəm ki, bu günə qədər Hadrut rayonunun boş qalması Azərbaycan tərəfinin xoş məramından xəbər verir”.
Elmir
Cebhe.info
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.