“Moskva digər məsələlərlə yanaşı, Ermənistanla Azərbaycan arasında vəziyyətin həlli üçün çoxtərəfli variantı, xüsusən də ATƏT-in Minsk Qrupunu nəzərdən keçirir”.Cebhe.info-nun məlumatına görə, Rusiya Prezidenti Vladimir Putin “Valday” klubunun iclasındakı siyasi müzakirələr zamanı belə deyib. “Biz tərəfdaşlarımızla birlikdə bunun, əsas məqsədə nail olmağın vacibliyi- təhlükəsiz şəraitin və gələcək münasibətlərin müsbət məcrada qurulması üzərində işləyirik.Hələlik qarşımıza qoyduğumuz hər şeyə ümumiyyətlə, nail ola bilirik. Nə olacağına isə baxacağıq”,-deyə Rusiya Prezidenti bildirib. O xatırladıb ki, üçtərəfli bəyanatın bəndi Rusiya sülhməramlı kontingentinin münaqişə zonasında qalmasının mümkün uzadılmasını nəzərdə tutur.
"Ancaq məsələ bu deyil, iki ölkə arasında münasibətləri necə qurmaqdır. Bu, ən vacib şeydir və ümid edirəm ki, biz buna nail olacağıq",-Putin qeyd edib. Prezident Putin əlavə edib ki, Rusiya Ermənistanla Azərbaycan arasında sərhəd probleminin həllində əsas rol oynaya bilər.“İndi ən vacib məsələ sərhəddəki vəziyyəti nəhayət nizama salmaqdır. Burada, əlbəttə ki, Rusiyanın iştirakı olmadan heç nə etmək olmaz”-Vladimir Putin deyib. “Burada bizə yəqin ki, iki tərəf və Rusiyadan başqa heç kim lazım deyil. Çox sadə və praqmatik şeylər var, bəli, çünki Rusiya ordusunun Baş Qərargahında Sovet dövründə ittifaq respublikalarının sərhədlərinin necə keçdiyini göstərən xəritələr var. Orada qarşılıqlı kompromislər tələb edən şeylər də mövcuddur- bir yerdə nəyisə uyğunlaşdırmaq, bir yerdə nəyisə dəyişmək. Bunun yalnız hər iki tərəf üçün faydalı olduğu aydın olduqda tanınıb qəbul edilə bilər”.Politoloq Məhəmməd Əsədullazadə
Cebhe.info-ya açıqlamasında bildirib ki, 10 noyabr Bəyanatının qəbul edildiyi müddətdən bir ilə yaxın vaxt keçsə də, ciddi nəticələr əldə edilməyib və Rusiya prosesi öz geosiyasi maraqlarına uyğun həyata keçirmək istəyir. Putinin çıxışında söylədiyi fikirlər Azərbaycana və bölgədə marağı olan dövlətlərə ünvanlanmış mesajları özündə ehtiva edir:
“Putinin Azərbaycandan ciddi şəkildə gözləntiləri var. Sülhməramlılara gəldikdə, Putin hazırkı situasiyanı qiymətləndirməklə vəziyyəti Rusiyanın maraqları naminə idarə etməyə çalışır. Kreml göstərmək istəyir ki, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasında maraqlıdır. Çünki 10 noyabra bir neçə gün vaxt qalıb və sülhməramlılar bir neçə bəndi yerinə yetirməyib. İkincisi, Ermənistan tərəfi sülhməramlı kontingentin orada qalmasına çalışır. Putinin çıxışı ilk baxışda belə rəy yarada bilər ki, Rusiya sülhməramlı qüvvələrin uzun müddət Azərbaycan ərazisində qalmasını istəmir. Amma mən hesab edirəm ki, belə deyil. Moskvanın əsas prioritet siyasəti öz sülhməramlı kontingentini Qarabağa yerləşdirməkdən ibarətdir.Ona görə də Rusiya üçün Azərbaycanla Ermənistan arasında sülhün bərqərar olması, sülhməramlıların mandatının uzadılması strateji məsələdir. Müharibədən sonra da Azərbaycanla Ermənistan arasında münasibətlərin pozulması məqsədilə təxribatçı siyasət aparan da Rusiya olub. Əlbəttə, baş nazirlərin müavinləri səviyyəsində nəqliyyat və kommunikasiyaların açılmasına dair danışılar gedir. Lakin bu danışıqların nəticəsində Rusiyanın maraqları dayanır. Yəni Rusiya Azərbaycanın Avrasiya İqtisadi Birliyinə üzv olmasını istəyir. Fikrimcə, Azərbaycan Türkiyə ilə birgə koordinasiyalı hərəkət edərək Rusiyanın bu təklifini qəbul etməyəcək. Ona görə də Putin “Valday” klubunda Rusiyanın Azərbaycanla və Ermənistanla bağlı maraqlarını ortaya qoyur. Bu baxış bucağından Azərbaycanın maraqlarına cavab verən detalları səsləndirir. Azərbaycan sülhməramlı qüvvələrin uzunmüddətli qalmasını istəmir. Eyni zamanda, Azərbaycan Ermənistanla münasibətlərin qurulmasını təklif edir. Putin də bu mövqedən çıxış edir. Görünür, Azərbaycanla Rusiya arasında müsbət istiqamətdə danışıqlar gedir. Amma mən düşünmürəm ki, Rusiya öz geosiyasi maraqlarını Azərbaycana güzəştə getsin”.Qeyd edək ki, Azərbaycan və Ermənistan arasında kommunikasiyaların bərpası, sərhədlərin müəyyənləşməsi və nəhayət, sülh sazişi imzalanarsa, o halda Rusiya sülhməramlılarının Qarabağdakı fəaliyyətinə ehtiyac olmayacaq. Təbii ki, Rusiya Prezidenti bunu yaxşı anlayır.
Məhəmməd Əsədullazadə hesab edir ki, Rusiya Azərbaycanı özünün siyasi orbitinə çəkməklə bölgədə təsirini saxlamağa çalışır. Sərhədlərin müəyyənləşməsində Rusiyanın iştirakının vacibliyi barədə Putinin açıqlamasına gəlincə, ekspert qeyd etdi ki, Kremlin rəhbərinin mesajları üçüncü tərəfə yönəlib:
“Putin həm Ermənistana, həm də Qərbə mesajlar verir. Rusiya çatdırmaq istəyir ki, Azərbaycanla Ermənistan arasında sərhədlərin demarkasiyasında Avropa İttifaqı vasitəçi ola bilməz. Sərhədlər Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahında saxlanılan xəritələr əsasında müəyyənləşə bilər. Putin demək istəyir ki, bu prosesdə əsas vasitəçi Rusiya olacaq, üçüncü tərəfin iştirakı yolverilməzdir”.Müşfiq Abdulla
Cebhe.info