Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İranın Azərbaycanla sərhəddə keçirdiyi hərbi təlimlərə münasibət bildirib.Dövlət başçısı Afrikadan qayıdarkən jurnalistlərin bununla bağlı sualını cavablandırıb.
"Mən şəxsən İranla Azərbaycan arasında hərbi qarşıdurmanın olacağına inanmıram. İsrailin Azərbaycanla əlaqələrinə görə İran Azərbaycanı hədəf seçə bilməz. Çünki bu gün İranda yaşayan azərbaycanlıların sayı göz qabağındadır. Bu təbii ki, düşündürür. O qədər də asan deyil. Görülən işlər səhvdir. Düşünürəm ki, İranın yeni rəhbərliyi bu səhvi davam etdirməyəcək", - deyə dövlət başçısı vurğulayıb.
Rəcəb Tayyib Ərdoğan bu açıqlaması ilə bir daha İran və Azərbaycan arasındakı mövcud gərginliklə bağlı mövqeyini açıq şəkildə bəyan etdi. Ərdoğan İrana xatırlatdı ki, orada yaşayan azərbaycanlılar ayağa qalxarsa, heç kim onları dayandıra bilməz.
Ümumiyyətlə, bütün analitiklər və ictimai-siyasi xadimlər İranın Azərbaycana qarşı müharibə edə biləcəyini düşünmür. Çünki reallıq budur ki, bizim 40 milyona yaxın soydaşımız İranda yaşayır. Türkiyə Prezidenti bu məsələdə öz sözünü dedi. Bundan sonra nələr olacağını, İranın hansı addımlar atacağını isə zaman göstərəcək. Görünən odur ki, İran geri addım atmağa məcbur qalacaq, çünki başqa heç bir variant yoxdur.
Politoloq İlyas Hüseynov
Cebhe.info-ya açıqlamasında bildirib ki, Ərdoğan bu açıqlaması ilə reallıqları İran tərəfinə bir daha xatırlatdı:
“Qardaş Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan və İran arasındakı gərginliklə bağlı çox doğru bir mövqedən çıxış edərək, mövcud reallıqları nümayiş etdirdi. O, Cənubi Azərbaycanda milyonlarla soydaşımızın yaşamasının göz qabağında olduğunu xüsusilə diqqətə çatdırıb.Bu isə o deməkdir ki, İran rəhbərliyi orada yaşayan Azərbaycan türklərini mütləq nəzərə almalıdır. Ərdoğan İran rəhbərliyini bundan sonra Azərbaycanla münasibətlərdə səhv etməməyə çağırması və İsrailin Azərbaycanın yanında olduğunu vurğulaması bu açıqlamadakı əsas nüanslardan biridir.Çünki Türkiyə Prezidenti konkret olaraq öz mövqeyini bildirərək, İrana lazımi mesajı çatdırdı. Hesab edirəm ki, bu, olduqca doğru yanaşmadır. Ümumiyyətlə, Rəsmi Bakının İranın ərazi bütövlüyü və suverenliyinə qarşı heç bir təhdidi mövcud deyil. Azərbaycan digər ölkələrin ərazi bütövlüyünə hörmətlə yanaşır, amma qarşılıqlı olaraq öz ərazi bütövlüyünə də hörmət tələb edir. Bu bizim üçün əsas meyardır. Hesab edirəm ki, İran tərəfi artıq mövcud reallıqları qəbul edir və bununla barışır. Onu da qeyd edim ki, İran tərəfi Azərbaycan ərazilərinə qanunsuz yük daşınmasını qadağan etdi və Azərbaycanın həbs etdiyi 2 iranlı sürücünü qarşı tərəfə qaytardı. Bunları isə öz növbəsində müsbət mənada atılan addımlar kimi qəbul etmək lazımdır.Nəzərə almaq lazımdır ki, Azərbaycan haqlı və prinsipial mövqeyindən geri çəkilməməsi və bu istiqamətdə siyasətini davam etdirməsi öz nəticəsini verir. Azərbaycan tərəfi dəfələrlə bəyan edib ki, bizim qırmızı cizgilərimiz suverenlik, daxili işlərə qarışmamaq, ərazi bütövlüyümüz və beynəlxalq hüququn norma və prinsipləridir. Düşünürəm ki, bu istiqamətdə xarici siyasətimizi uğurla davam etdiririk. Həmçinin, ölkəmizin təhlükəsizliyinə və regiondakı sülhə təhdid törədən bütün elementlərin uğurla qabaqlanması və tədbirlərin həyata keçirilməsi bütün dünya tərəfindən təqdir olunur”.Elmir
Cebhe.info