Ərdoğanın BMT-də islahatlara ehtiyac olması təklifini Lavrov da dəstəklədi və bu, Rusiyanın mövqeyidir; deputat: “BMT sanki 40-cı illərdə qalıb...”
Rusiya Xarici İşlər naziri Sergey Lavrov Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın söylədiyi “BMT-nin beş daimi üzvü dünyanın qalan hissəsini diktə etmək hüququna malik deyil”, “dünya beşdən böyükdür” fikirlərinə dəstək verib. “Yeni Müsavat” xəbər verir ki, ümumiyyətlə, Ərdoğanın BMT ilə bağlı son illərdə dilə gətirdiyi islahat çağırışına dünya miqyasında dəstək verilir.Lavrov isə Soçidə keçirilən “Valday” forumundan sonra bildirib ki, dünyada BMT-nin qurulduğu dövrdən daha artıq ölkə var. O, bu faktların işığında BMT-nin yenidən təşkilinin zəruriliyini ifadə edib. “Mən Ərdoğanla razıyam ki, BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvünün dünyanın taleyini diktə etmək hüququ yoxdur”, - deyə Rusiya XİN başçısı bildirib.Qərb ölkələrinin BMT-ni nəzarət altında saxladıqlarına işarə edən Lavrov deyib ki, inkişaf etməkdə olan Asiya, Afrika və Latın Amerikası ölkələrinin də Təhlükəsizlik Şurasında iştirakı təmin olunmalıdır.
Lavrov təbii ki, öz sözünü demir, ilk növbədə Kremldəki ovqatı ifadə edir, Putinin mövqeyini dilə gətirir. Yeri gəlmişkən, “Valday” klubunun iclasında çıxışı zamanı Putinin özü də Ərdoğanın BMT-də islahatlarla bağlı təklifini müdafiə edib.
Bəs birdən-birə BMT TŞ-nin 5 daimi üzvündən biri olan Rusiyanın Ərdoğana dəstək verməsi hansı hədəflərlə bağlıdır? Axı məlumdur ki, Rusiya nə qədər sıx əlaqələrdə olsa da, NATO üzvü Türkiyəni müttəfiq də saymır. Ərdoğan hesab edir ki, BMT Təhlükəsizlik Şurasının hazırkı strukturu dünyada mövcud olan ədalətsizliklərin əsas səbəblərindən biridir. O bildirir ki, beş daimi üzv Asiya, Avropa və Amerika qitələrini təmsil etdiyi halda, Afrikanın maraqlarını təmsil edən yoxdur. O, eyni zamanda, Təhlükəsizlik Şurasının daimi üzvlüyündə müsəlmanların təmsil olunmadığına da diqqət çəkir. Ərdoğan dünya əhalisinin böyük hissəsinin müsəlman olduğu halda, Çindən başqa bütün digər üzvlərin xristian ölkələr olduğunu vurğulayır. Ərdoğanın BMT-də köklü islahatlarla bağlı təklifi reallaşa, TŞ-nin daimi üzvlərinin sayı Türkiyə, Almaniya, Yaponiya kimi dövlətlərin hesabına genişlənə bilərmi?
Deputat Asim Mollazadə “Yeni Müsavat”a bildirdi ki, BMT-nin yaradılması ikinci dünya müharibəsindən sonraya təsadüf edib. Onun sözlərinə görə, məqsəd dünyadakı proseslərə nəzarəti saxlamaq idi.
Asim Mollazadə A.Mollazadənin fikrincə, illər keçdikcə ciddi dəyişikliklər baş verdi və hüquq normalarına hörmət göstərilmir: “Ona görə BMT-də islahatlara ehtiyac var. Dünyada iqtisadi-siyasi dəyişikiklər baş verir, bölgələr güclənir, yeni sistemlər formalaşır və belə vəziyyətdə BMT sanki 40-cı illərdə qalıb. Ona görə bu məsələnin Baş Assambleyada müzakirə etmək olar. Hər bir xalqın hüququ müdafiə edilməlidir. O baxımdan Ərdoğan fikirləri ilə razıyam, beynəlxalq hüquq sistemi işləməlidir”.
Ramiyə MəmmədovanSiyasi şərhçi Ramiyə Məmmədovanın dediyinə görə, Rusiya münaqişə ocaqlarında Türkiyə ilə birgə koordinasiyalı işləyir: “Suriya məsələsində mövqeləri tam uzlaşmasa da, anlaşmağa çalışırlar, Qarabağda da qoşa addımlayırlar. Rusiya anlayır ki, dünyada tək qala bilər və indi ona taktik-əməliyyat baxımdan ən uğurlu tərəfdaş Türkiyədir. Çünki Qərb və ABŞ Moskvanı sıxdıqca, özünə güclü strateji tərəfdaşlar axtarmağa çalışır. Son illərdə Rusiya ilə Türkiyə arasında kifayət qədər yaxınlaşma var, Putin və Ərdoğan bir-birinə xoş sözlər söyləyirlər, ona görə Lavrov BMT-nin islahatlara ehtiyacı olması fikrini dəstəkləyib. Bu, Putinin mövqeyi kimi dəyərləndirilməlidir. Üstəlik, dünyada yeni güc mərkəzləri formalaşır və BMT artıq üstündəki toz-torpağı silib, yenilənməlidir”.
R.Məmmədovanın sözlərinə görə, BMT qürub dövrünü yaşayır: “Onun 4 qətnaməsi 30 il reallaşmadı və Ordumuz tərəfindən icra olundu. Dünyada artıq beynəlxalq hüquq gücün yanındadır və artıq bu cür tribunalar deqradasiyaya uğrayır. O baxımdan Ərdoğanın təklifləri praqmatikdir, Lavrovun da dəstəkləməsində məqsəd Moskvanın bir sıra məsələlərdə Ankaranın yanında olduğunu nümayiş etdirməkdir. Rusiya düşdüyü vəziyyətdən Türkiyə ilə yaxınlaşmaqla çıxmağı hədəfləyib və Qərbdən təzyiqlərə birgə immunitet sərgilənə bilər”.
Emil SALAMOĞLU,“Yeni Müsavat”