Azərbaycanla Ermənistan arasında ötən ilki müharibədən sonra Bakı və Yerevanda Dağlıq Qarabağın statusuna dair baxışlar əvvəlki kimi qütbləşmiş qalır. Azərbaycan Dağlıq Qarabağ adında ərazinin mövcud olmadığını desə də, Ermənistan münaqişənin başa çatmadığını, statusun öz həllini gözlədiyini deyir.
Dağlıq Qarabağın status məsələsində bu ziddiyyətli mövqeyə baxmayaraq, bir çox təhlillərdə tərəflər arasında müsbət dinamikanın olduğu göstərilir. Azərbaycan və Ermənistan liderləri bir-birilə görüşə hazır olduğunu bəyan ediblər. Bəzi təsdiqlənməmiş məlumatlara görə, belə görüş ilin sonuna kimi baş tuta bilər.
BBC-yə danışan bir diplomat deyir ki, Azərbaycan Qarabağda yaşayan erməniləri iqtisadi zəminlərlə - regionda açılan iş yerlərinə cəlb edərək öz tərəfinə çəkmək istəyir. Bizə danışan bəzi erməni politoloqların fikrincə isə, Qarabağ ermənilərində hazırda Azərbaycan hökumətinə təhlükəsizlik baxımından inam yoxdur.
Azərbaycan tərəfi status məsələsini rədd etsə də, Qarabağda yaşayan ermənilərə hansısa formada inteqrasiya planının təklif olunacağı iddia edilir. Bu istiqamətdə işləyən beyin mərkəzlərindən birindən BBC News Azərbaycancaya bunun üzərində bir neçə qurumun işlədiyi bildirilib.
Sosial Tədqiqatlar Mərkəzinin rəhbəri, millət vəkili Zahid Oruca əsasən, Qarabağdakı erməni vətəndaşlarının inteqrasiyası ilə bağlı işlər azərbaycanlıların o ərazilərə qayıtmasıyla birgə nəzərə alınmalıdır və bu işlər 10 noyabr bəyanatının tərkib hissəsi olaraq, BMT-nin Qaçqınlar üzrə Komissarlığına həvalə olunub.
"Ortada hələ layihə yoxdur, iş gedir. Mən açıqlama verə bilmərəm, açıqlama vermək üçün nəsə hazır elementlər olmalıdır, hələ bu işə təzə başlanıb".
Rasim Musabəyov də Qarabağdakı ermənilərin gələcək yaşayışı ilə bağlı müəyyən təkliflərin hazırlandığını istisna etmir.
"Orada Qarabağ erməniləri yaşayırlar. İndi onların yaşayışları ilə bağlı hansısa bir nizamı (müvəqqəti də olsa, aralıq da olsa) müzakirə predmetinə çevirmək istəyirlər, - BBC News Azərbaycancaya danışan politoloq deyir. - Azərbaycan dövlətini tanıdığı halda, Azərbaycan vətəndaşlığına əməl etdiyi halda onlara hansısa şəkildə Azərbaycan dövlətindən dəstək nəzərdə tutulmasıyla bağlı müəyyən təkliflər paketinin hazırlanmasını istisna etmirəm".
Politoloq Ermənistandan Qarabağa ayrılan maliyyə dəstəyinə diqqət çəkir:
"Еrmənistandan Qarabağın büdcəsi üçün 200 milyon dollar vəsait ayrılıb. Bu köçürmə hesabına maaşlar da daxil, müxtəlif xərclər qarşılanır. Azərbaycan bu vəsaiti öz üzərinə götürə bilər. Lakin o bunu yalnız öz vətəndaşları üçün edə bilər", - Rasim Musabəyov deyir.
Bəs yerli ermənilər gələcəkdə Azərbaycan vətəndaşı kimi yaşamağı mümkün görürlərmi? BBC News Azərbaycanca bu sualla separatçı "Dağlıq Qarabağ parlamentinin" keçmiş üzvü Vahram Atanesyana müraciət edib.
"Bu, bu günün məsələsi deyil. Bu, gələcəyin məsələsidir. Dağlıq Qarabağ ermənilərinin bütövlüklə olmasa da, böyük əksəriyyəti Azərbaycan vətəndaşlığını qəbul etməkdən qəti imtina edir", - o deyib.
Lakin Zahid Oruca görə, ötən bir il ərzində Qarabağdakı ermənilərdən inteqrasiya barədə bəzi müsbət hesab oluna biləcək siqnallar daxil olub.O iddia edir ki, hazırda Xankəndini təmsil edən deputata Azərbaycan pasportu almaq üçün müraciət edənlər var və Şuşada təmir işlərində çalışanlara iş istəyi ilə bağlı müraciətlər edilir. BBC Zahid Orucun bu iddiasının dəqiqliyini yoxlaya bilməyib.
Vahram Atanesyan isə ermənilərin onlara təklif edilən hər şeyi qəbul etməyə hazır olduqlarını düşünmür.
"Onlar bunu necə görürlər? Deyək ki, onlar təklif edir, burada yaşayan 120 min erməni, o cümlədən 20-30 min qaçqın bunu qəbul etmir. Sonrası nə olacaq? Bu insanları, bizim hamımızı buradan qovacaqlar? O təklif edir, mən istəmirəm, götürmürəm... sonrası nə olacaq?" - Vahram Atanesyan deyir.
Onun sözlərinə görə, Qarabağ ermənilərinin [Azərbaycan] vətəndaşlığı haqqında danışmaq "cəfəngiyyatdır".
Bu arada status haqqında danışan erməni tərəfi bu məsələnin həm də təhlükəsizliklə bağlı olduğunu bildirir, Yerevandakı Regional Tədqiqatlar Mərkəzinin direktoru Riçard Giraqosyan belə hesab edir.
"Azərbaycanın Qarabağa rəsmən verdiyi "iqtisadi imtiyazlar" və fürsətlər vədindən başqa, Azərbaycanın tabeliyində olan Dağlıq Qarabağın gələcəyinə əminlik azdır və inam ondan da azdır".
Riçard Giraqosyanın qənaətincə, sərhədlərin açılması və regional ticarətlə nəqliyyatın bərpası yeni imkanlar təqdim etsə də, müharibə vaxtı və ondan əvvəl "baş verən hadisələrin yükü", habelə Qarabağın gələcək təhlükəsizliyi ilə bağlı məsələlər Azərbaycana qarşı etimadı daha da sarsıdıb.
Yerevandakı Beynəlxalq İnsan İnkişafı Mərkəzinin İcraçı Direktoru, keçmiş Milli Məclisin üzvü Tevan Poğosyana əsasən, yerli ermənilər Azərbaycanın tərkibində və tabeliyində olmaq istəmir və müstəqillikdən başqa variant mümkündürsə, Ermənistana birləşmək istəyərdilər: "Azərbaycana nə etimad ola bilər? Bu barədə danışmağa da dəyməz".
Bəzi təhlilçilərə görə, ermənilərin statusla bağlı istəyi məhz qarşılıqlı etimadsızlığın nəticəsidir. Lakin status olmasa, Azərbaycan erməni əhalisi üçün daha nə təklif edə bilər?
"Status məsələsi yoxdur, amma mədəni hüquqların qorunması istiqamətində addımlar atıla bilər. Azərbaycan Konstitusiyası bunu qadağan etmir", - Şahin Cəfərli deyir.
"Azərbaycan dövlətinin yerli erməni əhalisi ilə dialoqda bu barədə vəd və qarantiya verməsi mümkündür".
Şahin Cəfərlinin sözlərincə, erməni əhalisinin öz dilinin qorunması, inkişaf etdirməsi, erməni dilində tədrisin və təhsilin saxlanılması, mətbuatın buraxılması kimi hüquqları təmin oluna bilər.
"Bunların hamısı gələcəkdə mümkündür və Azərbaycan hökuməti bu hüquqların təminatından imtina etmir".
Bəs ermənilər Xankəndində və ya Şuşada azərbaycanlılarla birgə yaşamağı mümkün hesab edirlərmi? Bunun üçün necə bir şərait olmalıdır?
"Biz bunun mümkünlüyünü heç vaxt istisna etməmişik. Qoy qayıtsınlar. Ermənilər də Hadruta, Şuşaya, Əsgəran, Mardakert kəndlərinə", - Vahram Atanesyan deyir.
Onun sözlərinə görə, Qarabağda ermənilərlə azərbaycanlıların birgə yaşaması üçün şərtlərə gəldikdə, Dağlıq Qarabağın statusu məsələsini müəyyənləşdirmək lazımdır.
"Hansı bir status müəyyən edilər, nə kimi şərtlərlə biz razılaşarıq və bundan sonra nə olacaq - bu, zamanın işidir, səbr və siyasi iradə məsələsidir. Azərbaycan isə məsələni birdəfəlik və tamam həll etmək, bu məsələni həmişəlik bağlamaq istəyir. Bu isə 150 min erməninin Dağlıq Qarabağdan deportasiyası deməkdir", - Vahram Atanesyan bildirir.
Bakıda səslənən təkliflər yerli erməni əhalisi üçün keçərli olmasa, Azərbaycan hər hansı təsir formasına əl ata bilərmi?
"Biz elə etməliyik ki, Qarabağda yaşayan ermənilər Azərbaycan qanunlarını qəbul etsin, pasportlarımızı qəbul etsin", - Atlas Siyasi Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu belə deyir.
Siyasi şərhçiyə görə, pasport məsələsi yalnız ermənilərə aid deyil.
"Heç bir dövlət özünə sığışdıra bilməz ki, onun hansısa vətəndaşı o dövlətin qanunları ilə yaşamaq istəməsin".
Siyasi şərhçi Şahin Cəfərli ermənilər üçün təklif edəcək addımlardan biri kimi, gələcəkdə yerli idarəetmə orqanlarının səlahiyyətlərinin genişləndirilməsini qeyd edir.
"Mən düşünürəm ki, özünü idarəetmə islahatı keçirilsin və yerli özünüidarə orqanlarının, yəni bələdiyyələrin səlahiyyətləri artırılsın. Bu çərçivədə Qarabağda, yəni Xankəndində də bələdiyyə yaradılsın və digər ermənilər yaşayan rayonlarda yerli bələdiyyələr yaradılsın. Və həmin bələdiyyələrin milliyyətcə erməni Azərbaycan vətəndaşları olan rəhbərləri yerli özünüidarə işini aparsınlar".
İkinci Qarabağ müharibəsinin bitməsindən bir ilə yaxın vaxt keçsə də, tərəflər arasında nə nəqliyyat kommunikasıyalarının bərpası mümkün olub, nə də sülh sazişinə bir işartı görünür. Amma ermənistanlı politoloq Aleksandr İskandaryan hesab edir ki, ATƏT-in Minsk qrupunda danışıqlar bütün hallarda başlanılmalıdır.
"Tərəflərin fərqli fikirlərə sahib olması yeni bir hadisə deyil. Münaqişə başlayandan bəri belədir", - BBC News Azərbaycancaya danışan politoloq deyir.
Onun sözlərinə görə, əvvəlki danışıqlara baxmayaraq, problem, demək olar ki, müsbət nəticələrə gətirib çıxarmayıb. "Amma indi danışıqlara başlamağın özü də artıq irəliləyiş sayıla bilər", - Aleksandr İskandaryan əlavə edir.
ATƏT Minsk Qrupunda təmsil olunan Fransanın Ermənistana yeni təyin olunmuş səfiri Anne Louyot Azadlıq Radiosuna deyib ki, həmsədrlər Qarabağla bağlı uzunmüddətli müqavilə bağlamaq üzərində işləyir.
Həmin sənəddə status məsələsi və onu əvəzləyə biləcək hansısa təşəbbüslər əks oluna bilərmi? Millət vəkili, politoloq Rasim Musabəyov bu suala mənfi cavab verir. "Onlara çatdırılıb ki, biz bunu indi müzakirə etmək fikrində deyilik".