İran mediası İran və Azərbaycan prezidentlərinin noyabrın 28-də görüşə biləcəyini bildirib
İranın rəsmi xəbər agentliyi IRNA Türkmənistanda keçiriləcək İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) sammiti çərçivəsində İran və Azərbaycan prezidentlərinin görüşünün baş tuta biləcəyini yazıb.
İƏT sammitinin noyabrın 28-də Türkmənistan paytaxtı Aşqabad şəhərində keçirilməsi nəzərdə tutulub.
İƏT təşkilatına hazırda 10 ölkə daxildir: İran, Pakistan, Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan, Türkmənistan və Əfqanıstan.
"Məlumata görə, İran və Azərbaycan prezidentlərinin Türkmənistanda İƏT sammiti çərçivəsində görüşünün əsası qoyulur", İRNA-nın Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevin İrana bu gün başlayan səfəri ilə bağlı yaydığı məlumatda deyilib.
"Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevin İrana qarşıdakı səfəri iki ölkə arasındakı hazırkı vəziyyəti yaxşılaşdırmaq və Tehran-Bakı əlaqələrini pozmaq istəyənlərə xəbərdarlıq etmək üçün yaxşı xəbər ola bilər, - İRNA bildirib. - Bu, iki ölkə arasında bu yaxınlarda baş vermiş anlaşılmazlıqdan sonra yüksəkrütbəli Azərbaycan rəsmisinin ilk səfəri olacaq."
"Mustafayevin səfəri iki ölkənin münasibətləri inkişaf etdirməyə çalışdığını göstərir", - İran rəsmi xəbər agentliyi qeyd edib.
Noyabrın 21-də Azərbaycan Baş nazirinin müavini, Azərbaycanla İran arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının həmsədri Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti Tehrana səfər edəcək.
Rəsmi Bakının yaydığı məlumata görə, "səfər çərçivəsində İranın yollar və şəhərsalma, neft nazirliklərində görüşlər keçiriləcək, qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinin perspektivləri müzakirə olunacaq."
Azərbaycan mediasının bildirdiyinə görə, nümayəndə heyətinin İranın birinci vitse-prezidenti Məhəmməd Muxbir ilə görüşü də nəzərdə tutulub.