Kremlə yaxın ekspertlər Putin sonrası dövrlə bağlı müzakirələri genişləndiriblər. Verilən proqnozlar Rusiya üçün optimizm vəd etmir. Misal üçün uzun illər Rusiya prezidentinin məruzələrini hazırlayan siyasi texnoloq Abbas Qalyamovun fikrincə, Vladimir Putin hakimiyyət kürsüsünü tərk edəndən sonra ölkədə 1990-cı illəri xatırladan xaos başlayacaq.
“Mərkəzi hakimiyyət zəiflləməklə bərabər Rusiyanın bölgələri daha çox müstəqillik tələb edəcəklər” deyən rusiyalı siyasi texnoloq yeni münaqişələrin və səfalətin başlanacağı proqnozlaşdırıb. Rusiya prezidentinin keçmiş köməkçisi Vladislav Srukov da oxşar proqnozla çıxış edib.
Vladislav Surkov da Abbas Qalyamov kimi Rusiya üçün 20 illik sabitlik dövrünün sona yaxınlaşdığını - Putindən sonra Rusiyada siyasi xaosun başlanacağını proqnozlaşdırıb. Surkovun fikrincə, proseslər yeni prezidentin gücü və bacarığından asılı olmayaraq cərəyan edəcək. Yəni növbəti prezident Putin qədər güclü və xarizmatik olsa belə, Rusiya təlatümlərdən qurtulmayacaq.
Surkovun gələcək təlatümlərdən qorunmaq üçün irəli sürdüyü təklif Rusiyanı daha çox xaosa sürükləmək iqtidarındadır. Surkovun təklifinə görə, xaosdan qorunmaq üçün xaosu Rusiyanın kənarlarına inikas etdirmək lazım gələcək. Surkov buna misal olaraq ABŞ-ın siyasətini göstərib. Onun sözlərinə görə Vaşinqton dünyada daimi əsasda müxtəlif münaqişələr yaradıb onları idarə etməyə çalışmaqla xaosu Amerikadan kənarda tuta bilir,
“Rusiya da oxşar siyasətdən istifadə etməlidir” (guya Kreml hazırda fərqli siyasət yürüdür) – yazıb Surkov.
Surkov təlütamlərin yalnız Rusiyanı əhatə etməyəcəyini, dünyada yeni imperialist müharibələrin başlanacağını proqnozlaşdırıb. Surkovun fikrincə, Rusiya da bu müharibələrdə iştirak edəcək və ərazilərini genişləndirmək məcburiyyətində qalacaq, sanki indiki ərazisinin inkişafına nail olub...
Beləliklə, Vladimir Putinin keçmiş illərdə çıxışlarını hazırlayan və keçmiş köməkçisi Rusiyanın gələcəyini təhlükələrlə bol olacağına əmindirlər. Bu o deməkdir ki, onların təbirincə desək, Putin dövründə Rusiyada 20 illik sabitlik hökm sürsə də, artır bunun sonuna az qalıb və Rusiyada mərkəzdənqaşma və ya dağılma prosesi sürətlənəcək.Yaşlaşan Putini keçmiş köməkçilərinin proqnozları qorxutmalıdır. Rusiya nüvə dövlətidir və məntiqlə bu kimi dövlətlərdə qeyri-sabitlik başqa dövlətlərə sərf etməməlidir. Buna baxmayaraq, məhz Putinin 20 ildir həyata keçirdiyi siyasət nəticəsində Rusiyanın dağılmasını və ya zəifləməsini arzulayan dövlətlərin və mərkəzlərin sayı artıb.
Həmin dövlətlər və mərkəzlər düşünürlər ki, Rusiya zəifləməlidir ki, bu dövlətin başı özünə qarışsın və qonşularına problemlər yaratmaq iqtidarında olmasın. Ukrayna Krımı və Donbası, Gürcüstan Abxaziya və Cənubi Osetiyanı geri qaytarmaq, Azərbaycan rusiyalı hərbçilərin bölgəni tərk etməsini, Yaponiya tarixən ona məxsus Kuril adalarını istəyir, ABŞ, Avropa İttifaqı və NATO-nun da gözləntilər az deyil.“Atlas” Araşdırmalar Mərkəzi