SƏRHƏDİMİZƏ QOŞUN YIĞAN İRAN NİYƏ "YUMŞALDI"? - Əsas səbəblər

30-11-2021, 10:37   


İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Aşqabatda keçirilən toplantısında Azərbaycan və İran Prezidentlərinin görüşünün regionun iki ölkəsi arasında gərginliyə son qoyduğunu düşünmək olar. Çünki Prezidentlər İlham Əliyev və İbrahim Rəisi görüşdən və qaz mübadiləsi ilə bağlı müqavilənin imzalanmasından sonra jurnalistlərə açıqlamalarında səmimi müzakirələrdən olduqca razı qaldıqlarını ifadə ediblər.
Qeyd edək ki, bu müqaviləyə görə, Azərbaycan İran vasitəsi ilə Türkmənistandan ildə 1.5-2 milyard kubmetr qaz alacaq.
İlham Əliyev müqaviləni "tarixi sənəd" adlandırıb: "Çox yaxşı söhbət etdik. Dost kimi, qardaş kimi İran-Azərbaycan əlaqələri haqqında fikir mübadiləsi apardıq. Qərara gəldik ki, bundan sonra İran-Azərbaycan əlaqələri bütün sahələrdə yüksələn xətlə inkişaf edəcək. Xalqlarımız qardaş xalqlardır, ölkələrimiz qardaş ölkələrdir və bu gün müzakirə olunan məsələlər bir daha onu göstərir ki, İran-Azərbaycan əlaqələri çox yüksək səviyyədədir”.
Prezident İbrahim Rəisi də deyib ki, Azərbaycan Prezidenti ilə iki ölkə arasındakı maraq doğuran məsələlər müzakirə edilib: "Azərbaycanla münasibətlərimiz mədəni, mehriban və səmimidir, bizim əlaqələrimizin tarixi çox qədimdir. Bu əlaqələrdə heç bir anlaşılmazlığın olması gərək deyil. Bu gün Azərbaycan, İran və Türkmənistan arasında imzalanan qaz sazişi ölkələrimizin əlaqələrinin, iki və üç ölkə arasındakı münasibətlərin inkişafına xidmət edəcək. Bu sahədə ciddi və çoxsaylı addımların atılması zəruridir və iki ölkənin iradəsi sayəsində ölkələrimiz arasındakı əlaqələr, o cümlədən iqtisadiyyat, ticarət, tranzit, mədəni sahələrdə əməkdaşlıq iki ölkə arasındakı əlaqələrin genişlənməsinə yönəlməlidir"
Avqust-sentyabr aylarında qarşılıqlı hədələmə, güc tətbiqi ritorikasına qədər pisləşmiş İran-Azərbaycan münasibətlərinin qısa müddətdən sonra istiləşməsi bir neçə səbəblə bağlıdır.
Əvvəla, tarixi, dini, mədəni, siyasi bağları olan qonşu ölkələr münaqişədə maraqlı deyil və bu heç bir ölkəyə səmərə gətirmir. Xüsusən, beynəlxalq təzyiqlər qarşısında dərin iqtisadi böhran keçirən İran, Azərbaycanla qarşıdurmaya getməklə azsaylı nəfəsliklərindən birini bağlamış olur. İki ölkə arasında ticarət dövriyyəsinin həcmi 400 milyon dollar civarındadır, bunun əsas hissəsini qonşu ölkənin Azərbaycana idxalı təşkil edir.

İkincisi, müharibə dövründə və ondan sonra Tehranın Azərbaycana qarşı ittihamları və şübhələri tamamilə əsassız idi. Uzunmüddətli dövrdə qonşu ölkənin rəsmiləri ortaya nə tutarlı dəlillər, nə də Bakını çətin vəziyyətdə qoyacaq hüquqi əsaslar qoya bildilər. Azərbaycan işğaldan azad edilən Gorus-Qafan yolunun öz ərazisindən keçən hissəsinə nəzarəti bərpa edib və ölkənin müvafiq gömrük-sərhəd prosedurlarını orada tətbiq edib. Buna etiraz etmək tamamilə absurd və tənqidə dözümsüz idi. 
Azərbaycan-İsrail əlaqələrinin İrana qarşı yönəlməsi barədə ittihamlar da sübut olunmadı. Rəsmi Bakı dəfələrlə bəyan edib ki, ərazisindən üçüncü ölkəyə qarşı hər hansı əməliyyata imkan verməyəcək. İsraillə çoxillik münasibətlərin daha da inkişaf etməsi hər iki ölkənin iqtisadi, siyasi və təhlükəsizlik maraqlarına uyğun olduğuna görə həyata keçirilir.

Nəhayət, Zəngəzur dəhlizinin açılmasına qarşı İranın müqavimət cəhdləri də tamamilə yersiz və mənasız idi. Rəmi Tehranın "regionda sərhədlərin dəyişməsi bizim qırmızı xəttimizdir" bəyanatının heç bir əsası yox idi. Çünki bu dəhliz Ermənistan ərazisindən keçir, Rusiya tərəfindən qorunacaq və Azərbaycanla Naxçıvanın quru əlaqəsini təmin edəcək. Burada İranın iqtisadi maraqları da təmin olunur, Türkiyə və Ermənistanla, eyni zamanda Rusiya ilə birbaşa əlaqəni təmin edən dəhlizə çıxış əldə edir.
İran Azərbaycana hərə-qorxu gəlməklə onu ənənəvi komromislərə vadar etməyə cəhd göstərdi, amma bu dəfə kəskin reaksiya ilə qarşılaşdı. İranın sərhəddə keçirdiyi hərbi manevrlərə Bakının adekvat münasibəti Tehranı regionda yaranmış mövcud reallıqlarla barışmağa vadar etdi. Söhbət güclənən Azərbaycan-Türkiyə ittifaqı, Pakistanın bu birlikdə yer alması, İsraillə müdafiə sahəsində dərin əməkdaşlıq, Britaniya ilə dərinləşən ortaq maraqlar, habelə bu məsələdə Rusiyanın da açıq şəkildə Azərbaycanı müdafiə etməsindən gedir. Yeni hakimiyyətə gəlmiş İbrahim Rəisi hökuməti çətin vəziyyətə düşdü və böhrandan çıxmaq üçün geriyə addım atmağa başladı. Xarici işlər nazirinin "Azərbaycanla gərginlik bizin üçün bitdi" açıqlaması, Bakıya yeni səfirin göndərilməsi, nəhayət, Aşqabatda keçirilən görüş Tehranın münasibətləri düzəltmək istiqamətində səylərinin bir hissəsidir. İran rəhbərliyi bütün problemləri keçmiş Ruhanı hökumətinin üzərinə ataraq münasibətlərdə yeni səhifə açmaq istəyir. Bu, Azərbaycanın maraqları üçün faydalı hadisədir. Rəsmi Bakı ölkənin əlverişli coğrafi imkanlarını regionun və dünyanın üzünə açmağa, ondan maksimum faydalanmağa çalışır. Hazırda həyata keçirilən transmilli layihələr, beynəlxalq nəqliyyat dəhlizlərinin diversifikasiyası Azərbaycanın önəmini daha da artırır. Vaxtilə Ermənistan işğalçılıq siyasəti ilə özünü regiondakı bütün gəlirli layihələrdən kənarda qoydu və bu gün onun ağrılarını yaşayır. İranı Ermənistanla müqayisə etmək doğru olmaz, amma bu ölkənin sərhədlərinə nəzər yetirdkdə dinc və münaqişəsiz, risklərdən sığortalanmış sərhədlərin şimalda Azərbaycanla olduğu məlum olur.
Bir reallıq da ondan ibarətdir ki, Azərbaycan Rusiya ilə bərabər həm də regionda özünün beynəlxalq ixrac, kommunikasiya resurslarına malik iki ölkədən biridir. Neft-qaz kəmərlərinin əsas, beynəlxaq ticarət yollarının bir hissəsinin sahibi məz Azərbaycandır, onun imkanlarını düzgün qiymətləndirib, zamanında əməkdaşlığa can atmaq faydalıdır.
E.Rüstəmli 
"AzPolitika.info"
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.