Bakıda 282 saylı məktəbdə baş verənlər Azərbaycan təhsilinin Misir Mərdanovdan Emin Əmirullayevə qədər gəldiyi yolun rəssam fırçası ilə çəkilmiş ən dəqiq mənzərəsidir: şagird sinifdə şalvarını çıxardır, qız uşaqlarını küçə söyüşləri ilə təhqir edir, müəllimələri söyür, məktəbə bıçaq gətirib hamını hədələyir, polisə müraciət olunur, anası məktəbə hücum çəkir, polisi də söyüb təhqir edir...
Hadisəni vaqeə edən idman yazarı Natiq Muxtarlının çağırışları səmərə vermir, nə məktəb direktoru, nə Təhsil Nazirliyi tədbir görür. Sanki dərəbəylikdir.
Təhsil naziri Emin Əmirullayevin konfranslardan, şablon tədbirlərdən başı açılsaydı, həmin məktəbə bir baş çəkərdi. Nazir əmin olsun ki, təhsilə ən böyük töhfəni şagirdin cəzalanması ilə vermiş olacaqdı. Axı təhsildə keyfiyyət konfrans zallarında əldə edilmir, sinif-sinif araşdırmaqla millətin gələcəyini qurmaq lazımdır.
Lakin 282 saylı məktəbdə baş verən tərbiyəsizlik göstərir ki, nazirlik və E. Əmirullayev ölkə təhsilini "bir addım qabağa, iki addım geriyə" aparmaq kredosunu seçib. Bu feodal idarəetmə isə bizi Misir Mərdanov erasına qaytarır, ən başa dönürük. Sıfıra sıfır, əldə var sıfır...
Anaxeber.info yazır ki, faktlarla danışmağa üstünlük vermək lazımdır. Bu da təhsil nazirinin işinə ən ədalətli qiymət vermək olardı. Misal üçün yenə bir həmkarımız - Həbibə Abdulla 62 saylı məktəbdə hər ay “fond pulu” yığılmasından təngə gələrək etiraz səsini ucaldıb. Bu prosesdə məktəbi nazirliyə, nazirliyi valideyn komitəsinə qatıb. Həqiqətən ağrılı reallıqdır: pul verməyən valideynlərə məhz psixoloji təzyiq göstərilir, gözümçıxdıya salınır, linç edilir, başqaları özünü yaxşı təqdim etmək üçün yığımı leqallaşdırır, imtina edənlər isə komitədə sıxışdırılır, yəni övladına "fond pulu" qıymır.
Və özbaşınalıq tək 67 saylıda deyil, total xarakter alıb. Sadəcə, rüşvət asanlaşıb, müəllimlə birbaşa rabitə olmur, valideyn komitəsində “yüzbaşı” seçilir, direktorla ünsiyyətsiz pul yığılır. Budur, təhsilin naziri olan Əmirullayevin gəlib çıxdığı nöqtə...
Hələ bu təhsil bazarının içində nazir özünü təvazökar göstərmək üçün ağac əkir, iməclikdə iştirak edir. Nazir ağacı kim üçün əkir? Əkir ki sonra kəsib əyalətlərdə məktəblərin qızdırılmasında, sobaya atılmasında istifadə edilsin?!
Kəndlərdə, əyalətlərdə məktəblər var ki, istilik yoxdur, qaz verilmir, odun sobası ilə otaqlar qızır. Nazir bu məsələləri gözlər önünə sərmək üçün gedib bir kənd məktəbində sobanın yanında oturub foto paylaşmalı ikən odun yandırmağa ağac əkir.
Bakı məktəblərində də istilik sistemləri işləmir. Əvvəllər məktəbləri odun və dizel yanacağı ilə yerli icra hakimiyyətinə tabe olan təhsil qurumu təmin edirdi.
Hazırda bu məsələni Təhsil Nazirliyinə tabe olan Ərazi Maliyyə Hesablaşma Mərkəzləri (ƏMHM) həyata keçirir. Deməli, bütün məsuliyyətdə Təhsil Nazirliyinin üzərinə düşür.
Keçən il pandemiyayla əlaqədar təhsil distant formada aparıldı. O deməkdir ki, ötən il yanacaq üçün ayrılan vəsaitdən istifadə olunmayıb. Buna baxmayaraq, bu il artıq qar yağan rayonların məktəblərində yanacağın tapılmaması çox qəribə hadisədir.
Bu ilin mayında təhsil naziri ƏMHM-lərdə məhz yanacaq və odun tədarükü ilə bağlı yoxlamaların aparılması barədə əmr imzalamışdı. Əmrə əsasən, yoxlama aparılan 14 mərkəzdən 7-nin fəaliyyətinin qeyri-qənaətbəxş olduğu qeyd edilib. Deməli, maliyyə yeyintisi kimi ciddi nöqsanlara yol verilib.
Həmçinin, Təhsil Nazirliyinin maliyyə istiqamətində fəaliyyətini bilmək üçün tender.gov.az-a göz atmaq kifayət edir. Nazirliyin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi məktəblərin tikintisində baş korrupsiya maşınıdır.
Yəni haradan baxsan, E.Əmirullayev bu müddət ərzində təhsilə heç bir yenilik gətirməyib. Ondan qabaqkı nazir Ceyhun Bayramovun vaxtından indi fərqli hansı layihələr həyata keçirilib, hansı problemlər aradan qalxıb?
Məktəb direktorları yenə həmin “bazarkom”lardır, Müəllimlər Günü və 8 Martda valideyn komitələri pul yığır, dərsliklər bərbad vəziyyətdədir, grammar.az-da dərs vəsaitlərinin nə gündə olduğunu görmək mümkündür, Bakı Təhsil İdarəsinin iş “metodu” dəyişməyib, xülasə, təhsil meyitdir, yerdən götürəni yoxdur.
Ümumiyyətlə, Misir Mərdanovdan Emin Əmrullayevə qədər böyük bir “yol” gələn təhsilimiz axsaq və topal gündə qalmaqdadır. Bəli, təhsil millətin gələcəyidir, amma şikəst təhsil yox…
Anaxeber.info