Türkiyənin xarici işlər naziri Mevlüt Çavuşoğlu Türkiyə və Ermənistanın yaxın vaxtlarda münasibətlərin normallaşdırılması və çarter reyslərinin açılması üçün xüsusi nümayəndələr təyin edəcəyini açıqlayıb.
Parlamentdə ölkənin Xarici İşlər Nazirliyinin büdcəsinin müzakirəsi zamanı Çavuşoğlu bildirib ki, Yerevan və Ankara tərəfindən təyin olunacaq xüsusi nümayəndələr iki qonşu ölkə arasında münasibətləri normallaşdırmaq yollarını axtaracaqlar.
Çavuşoğlunun sözlərinə görə, iki ölkə İstanbul və Yerevan arasında çarter reysləri açmaq niyyətindədir.
Ermənistan rəsmiləri Çavuşoğlunun fikirlərinə hələlik münasibət bildirməyib.
Türkiyə ilə Ermənistanın diplomatik əlaqələri yoxdur və onlar arasında quru sərhəd 1993-cü ildən bağlıdır.
Türkiyə Ermənistanla Dağlıq Qarabağ münaqişəsi səbəbindən diplomatik əlaqələri kəsib və quru sərhədini bağlayıb.
2008-2009-cu illərdə Ermənistan Prezidenti Serj Sarkisyanın dövründə Yerevan və Ankara münasibətləri yaxşılaşdırmağa və sərhədləri açmağa cəhd göstərsələr də, iki həll edilməmiş problem - Qarabağ münaqişəsi və Türkiyənin 1915-ci ildə "erməni soyqırım"ını tanımaması səbəbindən bu cəhd puça çıxıb.
Mevlüt Çavuşoğlu bu dəfə onu da vurğulayıb ki, Türkiyə Ermənistanla münasibətlərin normallaşdırılması prosesini Azərbaycanla koordinasiya edəcək.
Ermənistanın Baş naziri Nikol Paşinyan dəfələrlə bildirib ki, Ermənistan Türkiyə ilə münasibətləri normallaşdırmaq istəyir.
Bununla belə, Paşinyan Azərbaycan və Türkiyənin tələblərinə - məsələn, nəqliyyat dəhlizinin Azərbaycanın əsas hissəsi ilə onun eksklavı Naxçıvan arasında Ermənistan ərazisindən keçən hissəsində - güzəştə getməyi mümkün hesab etmir.
Noyabrda Rusiya Xarici İşlər Nazirliyi bəyan edib ki, Ermənistanın Moskvadan Türkiyə ilə münasibətlərin qurulmasında vasitəçilik etməsini istəyib.
"Bəli, mən təsdiq edə bilərəm ki, Ermənistan Yerevan və Ankara arasında vasitəçilik etməyə yardım üçün müraciət edib," - Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova o vaxt deyib.
Mariya Zaxarova bildirib ki, "Rusiya Ermənistan-Türkiyə münasibətlərinin normallaşması üçün bu prosesdə maraqlıdır və səy göstərir".
Bundan başqa Türkiyə Prezidenti Recep Tayyip Erdoğan da bir müddət əvvəl çıxışında Ermənistan Baş naziri Nikol Paşinyanın onunla görüşüb dialoq qurması üçün Gürcüstan Baş naziri ilə xəbər göndərdiyini deyib.
/bbc.com/