Azərbaycanda yeni hazırlanan "Media" haqqında qanun parlamentin müzakirəsinə təqdim olunub vǝ bu gün birinci oxunuşda qǝbul olunub.
Müstəqil media təmsilçiləri bu layihənin Azərbaycanda ənənəvi mediaya nisbətən daha azad olan internet mediasının da nəzarət altına alınmasına yönəldiyini deyirlər.
Hakimiyyətyönlü media qurumlarının təmsilçiləri isə qanunun medianı "dövrün tələblərinə uyğunlaşdırmaq" məqsədilə hazırlandığını hesab edir.
Media məsələləri üzrə təhlilçilər deyir ki, qanunda internet mediasının nəzarət altına alınması ilə yanaşı jurnalistlərin şirnikləndirilməsini, onlara imtiyazlar nəzərdə tutan, amma jurnalistlərin etik kodeksindən kənar məsələlər də yer alıb.
Hakimiyyəti tənqid etməyən media nümayəndələri hesab edir ki, ölkədəki medianın əsas problemlərindən biri mətbuatda təsadüfi media orqanlarının, jurnalistlərin fəaliyyət göstərməsidir ki, yeni qanun bu məsələləri tənzimləyəcək. Mütəxəssislər deyir ki, burada tənqid edə bilən, problemləri işıqlandıran internet media və sərbəst jurnalistlər hədəfǝ alınır.
Yeni layihədə təzadlı məqamlardan biri də odur ki, jurnalistlərin vahid reyestrinin yaradılması planlanır, onlara qeydiyyatdan keçmək, əmək müqaviləsi, xidməti müqavilə və ya VÖEN-lə işləmək tələbi qoyulur.
Şirnikləşdirici hesab edilən hallara jurnalistlərə müəyyən idman tədbirlərinə biletlərin verilməsi, muzeylərə giriş üstünlüyü və bank kreditlərinin asanlıqla verilməsi və s. aiddir.
Yeni qanun layihəsini yeni təsis olunmuş, keçmiş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunu əvəz edən Medianın İnkişafı Agentliyi (MEDİA) hazırlayıb.
Media məsələləri üzrə təhlilçi Ələsgər Məmmədli hesab edir ki, yeni qanun layihəsində məqsəd cəmiyyətdə azad, ənənəvi medianın yerinə keçən və daha plüralist olan internet medianın mümkün qədər təsir dairəsini azaltmaq və ölkədə xüsusilə alternativ səslərə meydan verən, problemləri işıqlandıra bilən, zaman-zaman canlı yayımlar edə bilən fərdləri və eyni zamanda resursları "faktiki olaraq susdurmaqdır".
Onun sözlərinə görə, yeni qanun layihəsi barədə "özlərinə yaxın təbəqəyə" əvvəlcədən məlumat verib bunu ictimiyyətdən gizlətmək Konstitusiyanın 25-ci maddəsinin pozulmasıdır.
Cənab Məmmədli deyib ki, bu qanun layihəsi hazırlanarkən əlaqəli beynəlxalq təşkilatların rəyi öyrənilməyib.
"Əvvəllər Parlamentin işçi qrupları, Prezident Adminstrasiyasının nümayəndələri və ictimaiyyətin nümayəndələrinin birgə müzakirələrindən sonra layihələr hazırlanırdı. Həmin layihələr sonradan beynəlxalq ekspertizaya gedərdi və Azərbaycanın qoşulduğu Avropa Konvensiyasına uyğunluq aspektindən yekun rəy aldıqdan sonra o parlamentə təqdim olunurdu. Orada da müəyyən əl gəzdirmələrdən sonra 80-90 faiz razılaşdırılmış qanun layihəsi ortaya çıxırdı. Kütləvi İnformasiya Vasitələri (KİV) haqqında qanun, Teleradio haqqında qanun, İnformasiya Əldə Etmək haqqında qanun, İctimai Televiziya və Radio haqqında qanun bu prosedurdan sonra qəbul olunmuş qanunlardır. Amma indiki mərhələdə 7 aydır ki, bu qanun layihəsi qapalı saxlanılır", - Ələsgər Məmmədli deyib.
Media hüququ ilə məşğul olan təhlilçilər deyir ki, bu il noyabrın 30-da Avropa Şurası Nazirlər Komitəsi Azərbaycanla bağlı beş qətnamə qəbul edib və onlardan birində də məhz media haqqında qanun layihəsinin qəbulu prosesində Avropa Şurası ilə əməkdaşlıq edilməsinə çağırış olub.
Media hüquqşünasının sözlərinə görə, qanun layihəsinin fəlsəfəsində də ciddi problemli məsələlər var: "Jurnalist dövlət qulluqçusu deyil, bu sərbəst məsləkdir və dövlət onun üçün bir kriteriya müəyyən edə bilməz".
Cənab Məmmədli deyib ki, Azərbaycanda bank təsis edən şəxsin Azərbaycan vətəndaşı olması, Azərbaycanda yaşaması tələb olunmadığı halda, media təsis edən şəxsə bu tələblər qoyulub.
"Dövlət bütün istədiyi medianı lisenziyalaşdıra bilməz. Dövlət yalnız teleradio sahəsində lisenziya tətbiq edir. Ona görə ki, bu sahədə milli tezlik resursları məhduddur və onu tənzimləməyə ehtiyac var. Amma milyardlarla insanın çıxışı olan internet məhdud olmadığı üçün bunu lisenziyalaşdırmanın da bir legitim səbəbi yoxdur", - Ələsgər Məmmədli deyib.
Hüquqşünas bildirib ki, internet medianın tənzimlənməsi üçün ciddi inzibati metodlar nəzərdə tutulub.
"Bu layihə bu şəkildə qəbul olunsa, dövlətin reystrində olan internet medialara işləmələri üçün imkan veriləcək, digərləri isə qanunsuz fəaliyyət elan ediləcək. Ola bilsin məhdudlaşdırlacaq. Yəni, burada ən böyük problem odur ki, dövlətin çəkdiyi çərçivəyə girməyənlərin fəaliyyətinin jurnalistika və media adından sui-istifadə adı altında müxtəlif sanksiyalara məruz qalma ehtimalı var", - Ələsgər Məmmədli bildirib.
APA Media Qrupun rəhbəri Vüsalə Mahirqızına görə yeni "Media" haqqında qanunun hazırlanması müsbət hadisədir.
Vüsalə Mahirqızı BBC News Azərbaycancaya deyib ki, yeni qanun media subyektinin sahibkarlıq subyekti kimi fəaliyyət göstərməsinə, onların fəaliyyətinin tənzimlənməsinə yardım edəcək.
Onun fikrincə, hazırda qüvvədə olan "KİV haqında" qanun yeni reallıqları nəzərə almır və yeni qanun layihəsi bu problemi həll edəcək.
"Bizim KİV haqqında köhnə qanun yalnız çap mediası üçün nəzərdə tutulmuşdu, Teleradio Yayımı haqqında qanun tamam ayrı idi. Yeni media qanunu isə ümumilikdə Azərbaycanın sərhədləri daxilində fəaliyyət göstərəcək, bütün media subyektləri bu qanunla işləyəcək və bu qanun onları tənzimləyəcək", - Vüsalə Mahirqızı deyib.
APA-nın rəhbəri bildirib ki, qanun layihəsində düzəlişə ehtiyacı olduğunu düşündüyü tərəflər də var.
Vüsalə Mahirqızı çatışmayan cəhətlərdən biri kimi qanun layihəsində internet televiziya anlayışının öz əksini tapmadığını deyib.
O bildirib ki, bəzi fəaliyyətlərin lisenziyalaşdırılması ilə bağlı iddialar olsa da, qanunu hazırlayanlar ona deyiblər ki, internet televiziyalarının lisenziya alması könüllüdür.
APA rəhbəri hesab edir ki, müxtəlif platformalarda fəaliyyət göstərən internet televiziyaları öz işlərini görə bilirlər və onların olduğu platformalara Azərbaycanda heç bir sanksiya yoxdur.
Vüsalə Mahirqızı Azərbaycanda internet televiziyaların yayımlandığı platformalara gələcəkdə də hər hansı sanksiya qoyulması ehtimalını gözləmədiyini deyib.
O deyib ki, MEDİA agentliyi bir neçə dəfə onunla görüşüb və qanun layihəsinin hazırlanmasının əvvəlindən son variantının başa çatmasına qədər prosesdə o da iştirak edib.
"MEDİA agentliyi gəlib APA Media Qrupda qanun layihəsinin təqdimatını da keçirib, biz müzakirə etmişik. Bəzi təkliflərimizin nəzərə alındığını da gördüm. Mənimlə bir neçə dəfə müzakirə də aparılıb və bir neçə media ekspertləri ilə də görüşülüb, müzakirə aparılıb", - APA-nın rəhbəri deyib.
Onun sözlərinə görə, yeni qanun layihəsinin "dili, üslubu yaxşıdır", həm də bir çox yeni anlayışlar orada öz əksini tapıb.
"Media subyekti və jurnalistin statusu ilə bağlı məsələlərə aydınlıq gətirilməsi müsbət tərəfidir. Sahibkarlıq subiyekti olan media nədir, hansı şərtlər daxilində fəaliyyət göstərməlidir - bunların izahının verilməsi də müsbət addımdır", - Vüsalə Mahirqızı deyib.
O hesab edir ki, qanun layihəsində müəllif hüquqları ilə bağlı və istinad mədəniyyəti ilə bağlı normaların əks olunması uğurlu yanaşmadır.
"Qanun layihəsində yer alan dini ekstremiz barədə xüsusi əməliyyatlar, hərbi və fövqəladə vəziyyət dövründə medianın işi və terror əleyhinə aparılan əməliyyat zamanı medianın işi ilə bağlı dəqiqləşmənin olmasını müsbət hal hesab edirəm" , - Vüsalə Mahirqızı bildirib.
Onun sözlərinə görə, qanun layihəsi hazırlanarkən "bacardıqca medianın məzmun məsələsinin tənzimlənməsindən uzaq qaçmaq lazımdır".
Turan İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev hesab edir ki, MEDİA agentliyi qanun layihəsinin hazırlanmasını qapalı həyata keçirib və işləri müstəqil media təmsilçilərindən gizlədib.
"Biz tələb etmişik ki, Turana da verin, biz də müzakirə edək bizə onu təqdim etməyiblər. Başqa ekspertlərə də verməyiblər", - Mehman Əliyev BBC News Azərbaycancaya deyib.
Onun sözlərinə görə, layihənin qapalı işlənilməsi Azərbaycanda söz azadlığının məhdudlaşdırlmasına yönəlib.
Mehman Əliyev düşünür ki, "Media" haqqında qanunun Milli Məclisin iki komitəsində təqdimatı zamanı tədbirə hakimiyyətyönlü media təmsilçilərini çağırıblar.
Onun sözlərinə görə, layihə dərhal parlamentin təsdiqinə göndərilib, amma cəmiyyət bununla tanış olmayıb, müzakirə etməyib.
"Cəmiyyətin böyük hissəsi media kontentlərin istehsalçısıdır, bunlarsız bu işi necə aparmısız? Bunlar göstərir ki, hakimiyyət Azərbaycanda söz azadlığının məhdudlaşması istiqamətində, onlayn mediaların, video kontentlərin məhdudlaşmasına çalışır. Hamısı ona yönəlib ki, sosial şəbəkələrin işini məhdudlaşdırsınlar, onlar haqqında tədbir görsünlər", - Mehman Əliyev deyib.
Yeni Nəsil Jurnalistlər Birliyinin (YNJB) sədri Arif Əliyevə görə, "Media" haqqında qanun layihəsi ən yüksək peşəkarlıqla hazırlanıb qəbul olunsa belə, ona böyük ümidlər bağlamır. Çünki onun fikrincǝ, "medianın inkişafını buxovlayan, qanundan kənar çoxlu təsir vasitələri də var ki, əsas problem orada baş verir".
O yeni qanunun hazırlanmasını ehtiyacdan yaranmış nəticə kimi qiymətləndirir, çünki "köhnə qanun işə yaramır".
"2000-ci illərin əvvələrində Avropada nümunə kimi göstərilən Azərbaycandakı media haqqında qanun illərlə məhdudlaşdırmalardan sonra indi yararsız vəziyyətdədir", - Arif Əliyev deyib.
Arif Əliyevə görə, bu layihə hazırlanarkən "zəif də olsa" media nümayəndələri ilə müzakiyə cəhd olunub.
Ancaq Arif Əliyev deyib ki, o Milli Məclisə qanun layihəsinin təqdimatı zamanı dəvət alsa da, sənədlə tanış olmaq üçün ona kifayət qədər vaxt verilməyib.
"Günün yarısından sonra mənə sənədi göndəriblər ki, sabah bunun müzakirəsidir. 80 maddəlik qanun layihəsini bu müddət ərzində araşdırmaq olmaz", - Arif Əliyev deyib.
O deyir ki, qanunda "çoxlu çatışmazlıqlar var, təkrarlar çoxdur, ziddiyyətlər, anlaşılmazılaqlar var", - Arif Əliyev bildirib.
"Bir maddə var ki, KİV-in düzgün informasiya almaq hüquq var. Düzgün informasiya nədir? Düzgün informasiya almaq hüququ problem yarada bilər. Bundan başqa, daha ciddi məsələ bəzi onlayn media sahəsində lizenziyanın tətbiqi cəhdidir. Qeyd olunur ki, medianın şərhləri qərəzsiz və obyektiv olmalıdır. Obyektiv şərh nə deməkdir? İclasda 50 nəfər iştirak edirsə, şərhlərimizi versək, aramızda 5 müxtəlif şərh ortaya çıxacaq. Bu qanun layihəsinə görə, bunun hansı düzgün deyil?" - Arif Əliyev bildirib.
Yeni layihədə sərbəst çalışan jurnalistlərə maneələr olduğunu deyən Arif Əliyev bildirib ki, bu kimi məsələlərdə "keçmiş təcrübəni, məhdudlaşmaları nəzərə alıb qorxuruq".
Bu ilin yanvarında Azərbaycan Prezidenti İlham Əliyevin qərarıyla yeni "Media" haqqında qanunun hazırlanması yeni təsis olunmuş Medianın İnkişaf Agentliyinə (MEDİA) həvalə olunub və onlara iki ay vaxt verilib.
İlin sonuna bir ay qalmış "Media" haqqında qanun layihəsi Milli Məclisin iki komitəsinə təqdim olunduqdan sonra parlamentin ümumi müzakirəsinə göndərilib.
"Media" haqqında yeni qanun layihəsi 9 fəsil 78 maddədən ibarətdir və Milli Məclisin saytında ictimai müzakirəyə təqdim olunub.