İsrailin Bakıdakı səfirliyində snayperlərlə təlim kimlərə mesaj idi? - iki maraqlı şərh

16-12-2021, 08:48   


Dekabrın 14-də İsrail səfirliyi və Azərbaycan təhlükəsizlik qüvvələri təhlükəsizlik sahəsində ikitərəfli əməkdaşlığın genişləndirilməsinə və möhkəmləndirilməsinə yönəlmiş birgə təlim keçiriblər. “Yeni Müsavat” xəbər verir ki, bu barədə səfirliyin tvitter səhifəsində məlumat yayılıb. “Biz Azərbaycan Təhlükəsizlik Qüvvələrinə möhkəm sadiqliyinə və qətiyyətinə görə təşəkkür etmək istəyirik”, - deyə məlumatda bildirilir. İsrail kimi güclü kəşfiyyata malik ölkənin Bakıdakı səfirliyində bizim təhlükəsizlik qüvvələrinin təlim keçirməsi son dərəcə maraq doğurub. Bunun bir təsadüf olduğunu söyləmək də olmaz.  
Doğrudur, bundan öncə Azərbaycan Türkiyə, Pakistanla birgə hərbi təlimlər keçib, amma İsraillə Azərbaycanın “təhlükəsizlik sahəsində ikitərəfli əməkdaşlığın genişləndirilməsinə və möhkəmləndirilməsinə yönəlmiş birgə təlim keçirilməsi” tamamilə başqa bir hadisədir. Təbii ki, bu, Azərbaycan üçün olduqca müsbət addımdır. Xəbərin təqdimatındakı bir özəllik də diqqət çəkir. Təlimlərin İsrail səfirliyi ilə Azərbaycan təhlükəsizlik qüvvələri arasında keçirildiyi göstərilib. Ancaq təlimin Azərbaycanın hansı təhlükəsizlik qüvvələri ilə keçirildiyi açıqlanmır. Bu məlumatda İrana bir mesaj ola bilərmi? Tehranın hansısa reaksiyası gözləniləndirmi? Maraqlıdır ki, təlimdən görüntülər də var idi və snayperlər səfirlikdə idi. Yeri gəlmişkən, İsrail səfirliyində təlim keçirilməsi bir daha Azərbaycanın bu ölkədə səfirliyinin açılmasını gündəmə gətirir. 1992-ci ildən Bakıda İsrail səfirliyi olsa da, Tel-Əvivdə diplomatik korpusumuz indiyə qədər yoxdur. Bu il İsraildə Ticarət Nümayəndəliyimizin açılması əslində səfirlik açılması istiqamətində atılan ilkin addım idi. Ona görə istər hərbi-texniki, istər enerji sahələrində əməkdaşlıq əsas verir ki, bizim İsraildə səfirliyimiz olsun.
Asim Mollazadə: Dövlət başçısı İlham Əliyevin təşəbbüsü dünya miqyaslı  hadisə kimi qiymətləndirilir - "İki sahil"
Asim Mollazadə: “Azərbaycan tərəfindən İsrail səfirliyinə həmişə böyük diqqət göstərilib”
Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri, deputat Asim Mollazadə “Yeni Müsavat”a qeyd etdi ki, bu, uzun illərdir həyata keçirilən əməkdaşlığın təzahürüdür. Deputatın sözlərinə görə, Azərbaycan tərəfindən İsrail səfirliyinə həmişə böyük diqqət göstərilib: “İstər bu sahədə əməkdaşlıq, istərsə Vətən müharibəsində İsrailin dəstəyi çoxşaxəli əməkdaşlığın olmasının göstəricisidir. Bu da növbəti işdir. Belə məsələlərin arxasında dövlətlərin arasında müsbət tərəfdaşlıq dayanır”.
A.Mollazadə hesab edir ki, bu təlimlə əsas mesajımız iki dövlət arasında əməkdaşlığın olmasıdır: “Bununla yanaşı, dövlətlərin əməkdaşlığında minilliklərlə olan xalqların qardaşlıq dəstəyi, bu bölgədə sülh içində birgəyaşayış dayanır. Vətən müharibəsi zamanı İsrailin hər bir şəhərində Azərbaycan bayraqları ilə bizi dəstəkləyən insanların olması iki dövlət arasında əməkdaşlığın nəticəsi idi”.
Ramil Məmmədli: “Orta hesabla erməni silahlı qüvvələrinin əsgər itkisi 10  min nəfərdən çoxdur” - Azinforum.az İnformasiya Portalı
Ramil Məmmədli: “İrana qarşı deyil, səfirlik xəbəri yaymaqla əməkdaşlığın hansı səviyyədə olduğunu nümayiş etdirir”
Hərbi ekspert Ramil Məmmədli “Yeni Müsavat”a bildirdi ki, İsrail-Azərbaycan münasibətlərində müsbət inkişafı İrana yönəlik addım kimi qiymətləndirməyin əleyhinədir. Onun sözlərinə görə, burada milli və dövlət maraqları var: “İsrail Azərbaycanın müstəqilliyini əldə etdiyi ilk illərdən dəstək verən ölkə olub, bizimlə əməkdaşlıq edib, diasporamızın təşkilatlanmasında, diplomatik missiyanın həyata keçirilməsində onların rolu danılmazdır. Həmçinin bu əməkdaşlıq hərbi-texniki sahədə də davam etdirilir və bir-bir sadalamağa ehtiyac görmürəm. Ona görə iki ölkə arasında bu əməkdaşlıq İrana təhdid deyil”.
Snayperlər İsrail səfirliyində - Təlimlərin görüntüləri yayıldı -  14.12.2021, Sputnik Azərbaycan
Ekspert hesab edir ki, Azərbaycan İranla da əməkdaşlığı davam etdirir və o zaman gərək bu əlaqələri də hansısa üçüncü ölkəyə təhdid kimi dəyərləndirsinlər: “Müharibə zamanı olan anlaşılmazlıq aradan qalxır, Bakı-Tehran əlaqələri əvvəlki axarına dönür. Sadəcə, bəzi yanlış istiqamətə şərh verənlər var. Əlbəttə, Tel-Əvivlə Bakının münasibətlərini qısqanclıqla qarşılayanlar var və həmin ölkə təkcə İran deyil. İnanmıram ki, başqa ölkələrin Bakıdakı səfirliklərində oxşar təlimlər olmasın. Görünür, İsrail səfirliyi bu təlim haqda məlumatı yaymaqla siyasi divident məqsədi güdür. Yəni Azərbaycanla İsrail arasında əməkdaşlığın hansı səviyyədə olduğunu nümayiş etdirir”.
Emil SALAMOĞLU,
“Yeni Müsavat”


Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.