Cümşüd Nuriyev: “Avropanın Qafqaza gəlişi Rusiyanın regiona təsirini balanslaşdırar”
“Türkiyə ilə sərhəd açılandan sonra Rusiya ermənilərin yadına da düşməyəcək...”Soçidən sonra Brüsseldə keçirilən İlham Əliyev-Şarl Mişel-Nikol Paşinyan görüşü, ardınca iki ölkə başçısının müharibədən sonra ilk təkbətək danışıqlarının baş tutması və ümumilikdə bu görüşlərin nəticələri həm Ermənistanda, həm də Azərbaycanda əsas gündəm mövzusudur.“AzPolitika.info” bu mövzunu politoloq
Cümşüd Nuriyevlə müzakirə edib:
- Brüsseldə Şərq Tərəfdaşlığı Sammiti çərçivəsində İlham Əliyev-Şarl Mişel-Nikol Paşinyan görüşü, eləcə də ölkə başçılarının təkbətək görüşü baş tutdu. Bununla bağlı müvafiq bəyanatlar, Avropa İttifaqı Şurasının sədri Şarl Mişelin yazılı açıqlaması oldu. Brüssel görüşlərini Azərbaycanın maraqları baxımından necə qiymətləndirmək olar?- Brüssel görüşü 10 noyabr üçtərəfli razılaşmasında qeyd edilən və Azərbaycanın maraqlarına uyğun olan məqamları bir daha təsdiqlədi. Əgər bu razılaşmalar əvvəlcə üç dövlət arasında idisə, indi Avropa platformasına keçid etdi və qəbul olundu.
İkincisi, Avropada da sülh müqaviləsi məsələsi gündəmə gəlirsə, deməli Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımalıdır, başqa yolu yoxdur. Cənab Şarl Mişelin yazılı açıqlamasında da münaqişənin başa çatdığı qeyd olunub. Həmin bəyanatda Azərbaycan-Ermənistan dövlət sərhədinin delimitasiyası və demarkasiyası, kommunikasiyaların açılması və sülh müqaviləsinin imzalanması məsələləri gündəmə gətirildi. Azərbaycan bu məsələləri indiyə qədər Soçi görüşündə və digər görüşlərdə qaldırmışdı və indi də Avropa İttifaqında bunu bir daha təsdiqlətmiş oldu. Zənnimcə bu, Azərbayan diplomatiyasının uğuru sayılmalıdır. Ən azı Azərbaycanın maraqları ortaya qoyuldu və təsdiq edildi. Paşinyan bundan sonra bildirdi ki, Ermənistan dəmir yollarını çəkməyə hazırdır. Bu mənada Brüssel görüşü Azərbaycanın iqtisadi və siyasi maraqlarına uyğun görüş kimi qiymətləndirilməlidir.
- Bu görüş və onun nəticələrinə dair rəsmi açıqlamada “Dağlıq Qarabağ”, “ATƏT-in Minsk Qrupu” və “status” kimi ifadələrə rast gəlinmədi. Bu, Avropa Birliyinin regionda yaranan yeni reallıqları qəbul etməsidir, yoxsa başqa səbəblər var?- Əsas məsələ odur ki, Azərbaycan noyabrın 26-da Soçidə qəbul edilən üçtərəfli bəyanatla istədiyini əldə etmişdi. Soçi bəyanatında da “Dağlıq Qarabağ”, “status” və “Minsk Qrupu” ifadələrinə rast gəlinmirdi. Bundan əvvəl ABŞ diplomatı Minsk Qrupunun fəaliyyətinin fəallaşdırılması və hansısa mücərrəd statusla bağlı açıqlama vermişdi. İndi Azərbaycanın maraqlarının Avropa İttifaqı tərəfindən bir daha təsdiq edilməsi, məncə böyük hadisədir və bu uğur İlham Əliyevin ayağına yazılmalıdır.
Daha bir vacib detal - Avropa İttifaqı Şurasının sədri qeyd edir ki, delimitasiya və demarkasiya prosesi aparılmalıdır və onlar bu işə məsləhətçi ekspert səviyyəsində dəstək verməyə hazırdırlar. Bunu da qiymətləndirmək lazımdır. Başqa sözlə, Avropa Birliyi bu prosesdə məşvərətçi səslə iştirak etmək istəyir, bu, bir növ Rusiya üzərində əlavə nəzarət olar. Məncə belə olsa, daha yaxşı olar. Çünki biz istəsək də, istəməsək də Rusiya Ermənistan tərəfindən çıxış edəcək. Delimitasiya və demarkasiya üçün əsas kimi götürüləcək xəritələr də Rusiya Baş Qərargahındadır.
Biz bilmirik ki, hansı məsələni gündəmə gətirəcəklər. Əgər 1920-ci illərin xəritəsi ortaya gətiriləcəksə, artıq Zəngəzur dəhlizinə ehtiyac qalmayacaq. Həmin dəhlizin keçdiyi ərazilər Azərbaycana qaytarılmalı olacaq. Əslində bunu zamanında rəhmətlik Heydər Əliyevdə qaldırmışdı. 1919-cu ilə qədər Ermənistanın İranla cəmi 10 kilometr sərhədi var idi. 1919-cu ildən sonra Azərbaycanın 36 kilometr ərazisi işğal edildi. Yəni Moskva bunu bizim əlimizdən alıb ermənilərə verdi. Odur ki, Avropa Birliyinin burada məşvərətçi statusla iştirakı bizim xeyrimizə olardı.İkincisi, Avropa İttifaqı məşvərətçi statusda bu prosesdə iştirak etməklə paralel olaraq mesaj verir ki, bölgəyə maliyyə dəstəyi, sərmayə qoyuluşu həyata keçirə bilər. Bu da vacib məsələdir. Həm də Azərbaycan Avropanı qazla təmin edir.
Bir sözlə, Avropanın buraya gəlməsi Rusiyanın təsirini bir növ balanslaşdırar. Bizim bir neçə istiqamətdə siyasi sığortamız olmalıdır. Avropa İttifaqının bu addımı siyasi sığorta kimi qəbul edilməlidir.
- Rusiya regionda Avropa İttifaqının fəallaşmasına imkan verərmi?- Avropa Birliyi birmənalı olaraq Qafqazın yeni düzənində iştirak etmək istədi və elədi də. Rusiya buna nə qədər maneçilik törətsə də, Avropa Birliyi prosesdə olduğunu ortaya qoymuş oldu. Əlbəttə, burada Rusiya tək oyunçu deyil. Türkiyə də var. Üstəlik, İran da regional ölkədir. Avropanın burada iştirak etməsi Rusiya və İranla bağlı sabitləşdirici faktor sayılmalıdır.
Əlbəttə, bu gedişlər Moskvanın maraqlarına ziddir. Onsuz da Rusiyanın “beşinci kolonu” burada fəaldır. Son zamanlar Azərbaycan əleyhinə əsassız informasiyalar, ordumuza qarşı bəzi xəbərlər elə bizim öz içimizdəkilərin əli ilə yayılır. Məqsəd Azərbaycan dövlətinin yalnız Rusiyanı seçməsidir. Daha doğrusu, bu qüvvələri narazı salan odur ki, Azərbaycan niyə təkcə Rusiyanı seçmədi. Azərbaycan çoxşaxəli xarici siyasət yürütdü. Prezident Əliyevin ağıllı gedişi budur ki, Azərbaycanı heç kimin cənginə vermədi, bir növ kənarda saxladı. Məncə, hazırda Rusiya ilə münasibətləri korlamamalıyıq. Bizə problem lazım deyil. Rusiya da bizə problem yarada biləcək güclü dövlətdir. Odur ki, biz Rusiya və Avropa İttifaqı arasında balansı gözləməklə Türkiyə ilə birlikdə bu proseslərdən uğurla çıxacağıq.
- Prezident Əliyev Brüsseldə həm də “dəhlizə dəhliz” yanaşması ilə çıxış etdi, açıq bildirdi ki, əgər Zəngəzur dəhlizində hansısa gömrük postu qoyulacaqsa, bu zaman Laçın dəhlizində də Azərbaycanın eyni postu qurulacaq...- Azərbaycan Prezidenti bu bəyanatı təsadüfən vermədi. Çünki Zəngəzur dəhlizində də Rusiya Federal Təhlükəsizlik Xidmətinin sərhədçiləri dayanacaq, onun təhlükəsizliyini təmin edəcək. Laçın dəhlizində olduğu kimi. Əlbəttə, prosesin hansısa mərhələsində biz Laçın dəhlizində gömrük nəzarəti məsələsini qaldıracağıq. Bunlar ağıllı gedişlərdir.
Bu halda Qarabağda yaşayan ermənilər Azərbaycan vətəndaşlığını qəbul etməlidirlər. Əks halda bu ərazilərdə bizim vətəndaşımız olmayan erməni qalmayacaq. Yəni bunun nəinki iqtisadi, eləcə də hüquqi və siyasi tərəfləri var.Başqa sözlə, Bakı incə gediş edərək gündəmə gətirir ki, əgər Zəngəzur dəhlizində gömrük postu olacaqsa, biz də anoloji addımı Laçında atacağıq. Bu yaxınlarda Gömrük Komitəsi elan etdi ki, Qubadlı istiqamətində qoyulan gömrük məntəqəsi vasitəsilə dövlət büdcəsinə 2 milyon manat ödəniş olub. Görün Laçın dəhlizində gömrük postumuz qurulanda nələr olacaq. Bunların hamısı siyasi-taktiki gedişlərdir.
- Türkiyə ilə Ermənistan arasında dondurulmuş münasibətlərin buzu tədricən əriyir. Artıq tərəflər dövlətlərarası əlaqələri qurmaq üçün xüsusi nümayəndələr təyin edirlər, İrəvan-İstanbul hava marşrutu açılır və s. Bu iki ölkə arasında münasibətlərin düzəlməsi ehtimalı nə dərəcədə yüksəkdir və Moskva buna necə yanaşacaq?- Türkiyə də düşünülmüş addımlar atır. Əvvəla, nəzərə almaq lazımdır ki, Türkiyədə olan erməni diasporu artıq Qarabağla əlaqədar Ermənistanla danışıqlara getmir və maliyyə yardımı etmir. Ermənistanda uzun illər kilsə hakimiyyəti olub. Bu addımlar həm də kilsənin proseslərə təsirini zəiflədəcək.
Türkiyə bu addımı ilə eyni zamanda saxta soyqrım məsələsini gündəmdən çıxaracaq. Bu, həm də dünyada Azərbaycanın əleyhinə işləyən erməni diasporunu parçalayacaq. Xüsusi nümayəndələr məsələləri müzakirə etdikdən sonra siyasi, iqtisadi, ticari əlaqələr tədricən başlayacaq. Proses sərhədlərin açılması ilə nəticələnə bilər. Türkiyə də elan edir ki, bu proses Azərbaycanla koordinasiyalı şəkildə həyata keçirilir.İkincisi, diqqət etdinizsə, ABŞ Dövlət katibi Antoni Blinken “tvitter” ataraq Türkiyə və Ermənistan arasındakı qarşılıqlı addımları dəstəklədi. Türkiyə NATO ölkəsidir. Qərbə lazımdır ki, Ermənistana Rusiyanın nəzarətindən çıxmaq imkanları açılsın. Məqsəd İrəvanı Rusiyanın siyasi təsir məkanından çıxarmaqdır. Bunun başqa adı yoxdur.
- Daha bir maraqlı məqam Levon Tet-Petrosyanın keçmiş müşaviri, professor Jerar Liparityanın İrəvanda peyda olması, Paşinyana yaxın deputatlarla sıx müzakirələr aparmasıdır. Bu şəxs ermənilərə Qarabağ məsələsini ümumiyyətlə, unutmağı tövsiyyə edir...- Mənim qənaətimcə, bu da təsadüfi deyil. Jerar Liparityan əvvəl Rafa Ovanesyanla işləyirdi. Mən zamanında bu adamla görüşmüşəm. O, peşəkar diplomatdır. Liparityan müharibə zamanı və ondan sonra da maraqlı açıqlamalar verib. Zənnimcə, indi onun bu formada proseslərə qatılması Ermənistanın Qarabağ məsələsindən əl çəkməsi siyasətinə xidmət edir. Bu, təsadüfi məsələyə oxşamır. ABŞ çalışır ki, Türkiyənin vasitəsilə Ermənistanı daha təhlükəsiz etsin, Rusiyanın ona və regiona təsirini azaltsın. Türkiyə ilə sərhəd açılandan sonra Rusiya ermənilərin yadına o qədər də düşməyəcək, cazibədar olmayacaq. Başqa sözlə, Rusiyanın təsiri tədricən azalacaq.
Rasim Əliyev“AzPolitika.info”