Baxiş sayı: 3240
Dərc olunub: 23/12/2021 - 10:08
Bölmə: Manşet
Xəbər verildiyi kimi, 17 dekabr 2021-ci ildə Azərbaycan Baş Prokurorluğunda “Tərtər işi”nin araşdırılması üçün yeni istintaq qrupu yaradılıb. Tərtər işi üzrə bir qrup hərbçi haqlı-haqsız casusluq ittihamı ilə sorğulanarkən dəhşətli işgəncələrə məruz qalıblar. Onlardan bəziləri dünyasını dəyişib. Sonradan ailələrinə günahsız olduqları deyilib.Azərbaycan hüquq müdafiəçilərinin bildirdiyinə görə, Azərbaycan Silahlı Qüvvələrinin 100-dən çox əsgər və zabitinə işgəncə verilib, 25 nəfər uzun müddətli həbs cəzası alıb və ən azı doqquzu işgəncədən ölüb.Mediada yayılan məlumatlara görə, hazırda ən azı 25 hərbi qulluqçu həbsxanadadır, onlar dövlətə xəyanət, yüksək rütbəlilərə hücum və bir çox digər ittihamlarla şərlənərək həbsxana həyatı yaşamaq məcburiyyətindədir. Sonradan öldürülənlərdən dörd nəfərinə bəraət verilib, onlara qarşı ittihamı saxtalaşdıran müstəntiqlər isə 7 ilə qədər azadlıqdan məhrumetmə cəzası alıb.Sabiq MTN zabiti İlham İsmayıl "musavat.com"-a açıqlamasında bildiri ki, 17 dekabr 2021-ci ildə Azərbaycan Baş Prokurorluğunda “Tərtər işi”nin araşdırılması üçün yeni istintaq qrupu yaradılmasını ictimaiyyət uzun müddət idi gözləyirdi: “İctimaiyyətin indi gözləntisi isə istintaqın düzgün, ədalətli aparılması və bu cinayətin bütün sifarişçilərinin, iştirakçılarının məsuliyyətə cəlb olunaraq cəzalandırılmasıdır. Azərbaycan tarixindəki bu qara ləkənin təmizlənməsi çox vacibdir. ”Tərtər işi"nin yenidən istintaqa qaytarılmasının səbəblərindən biri təbii ki, ictimaiyyətin tələbidir. Bundan başqa, Azərbaycan sistemində kimlərisə həmişə ifşa edici materiallar əsasında daim zərbə altında saxlamaq ənənəsi mövcud olub.
Hiss olunur ki, Müdafiə Nazirliyində, prokurorluq sistemində elə qüvvələr var ki, onları hər an həbs olunmaq qorxusu altında saxlamaq və yeri gəlsə qurban vermək zərurəti yaranıb. İşin yenidən istintaqının başlanmasında bu elementlər olsa da, əsas səbəb ictimai təpkidir, daha bir səbəb yeni baş prokurorun gəlişi faktorudur. Yeni baş prokuror öncə şikayətçiləri qəbul elədi, müəyyən cavablar verdi. İndi isə görünür ki, işi daha detallı araşdırmaq zərurəti yaranıb.
“Tərtər işi” ilə bağlı əsl həqiqətləri istintaqın üzə çıxaracağına böyük inam var. Ona görə ki, nələrisə üzə çıxarmaq istəyi olmasaydı bu addımı heç atmazdılar. Odur ki, ola bilsin yenidən kimlərsə məsuliyyətə cəlb ediləcək. Çox güman ki, məsuliyyətə cəlb edilənlər Müdafiə Nazirliyinin yuxarı eşelonunda olan generallar, polkovniklər olacaq. Bu, gözləniləndir".
İ.İsmayıl hesab edir ki, araşdırmaların gedişatı zamanı ikitərəfli informasiya verilməsi yaxşı olar: “Bəziləri qərəzli yanaşaraq cəmiyyətdə belə təsəvvür yaratmağa çalışırlar ki, ümumiyyətlə, vətənə xəyanət faktı olmayıb və Azərbaycan Ordusuna zərbə vurmaq üçün belə bir oyun qurulub.
Mən buna inanmıram. Ortada respublikanın 4 aparıcı güc struktur, hüquq-mühafizə orqanlarının, təhlükəsizlik sisteminin birgə bəyanatı var. Yəni fakt olmasa 4 ciddi qurum birdən bəyanat verməzdi. Cəmiyyətə informasiya çatdırılmalıdır ki, fakt olub. Sadəcə olaraq bu işin araşdırılması zamanı çox dəhşətli qanunsuzluqlara, işgəncələrə yol verilib, insanlar öldürülüb. Bütün bunlar haqqında Baş Prokurorluq çox dolğun informasiya hazırlamalıdır ki, cəmiyyətdə bundan sonra əlavə söhbətlər, şübhələr ortaya çıxmasın.
Eyni zamanda yeni istintaq qrupunun nələri aşkarladığı mütəmadi olaraq cəmiyyətə informasiya şəklində çatdırılmalıdır. Mən inanıram ki, yeni istintaq qrupu yeni məsələləri üzə çıxaracaq və yeni vəzifəli şəxslər məsuliyyətə cəlb olunacaq, kimlər günahsız həbs olunubsa bəraət alacaq. Əks halda, Baş Prokurluq öz nüfuzuna xələl gətirmiş olar.
Əgər keçmiş baş qərargah rəisi, istintaqı aparmış Hərbi Prokurorluğun rəhbərliyindəki şəxslər bu istintaqda ifadə verməyəcəklərsə, yeni başladılan istintaq da cəmiyyətdə etimad, inam qazanmayacaq və məsələ uzun illər müzakirə edilə-edilə qalacaq".Ekspert vurğuladı ki, “Tərtər işi”nin yenidən istintaqa qaytarılmasında ölkə Prezidentinin iradəsinin, göstərişinin əsas rol oynadığını ehtimal etmək olar: “Güman ki, bu işin yenidən araşdırılması üçün dövlət başçısının tapşırıqları var. Əgər belədirsə, prosesin daha ciddi nəticələrə varacağına inam artır”.