Qazaxıstanda etirazlar: HÖKUMƏT GERİ ÇƏKİLİR, AMMA ETİRAZLAR DAYANMIR - VIDEO
5-01-2022, 10:37
Qiyməti qaldıran qaz zavodunun direktoru həbs edildi
Qazaxıstanın Janaozen şəhərində maye qazın qiymətini bahalaşdıran qaz emalı zavodunun direktoru saxlanılıb. virtualaz.org qazax KİV-lərinə istinadən xəbər verir ki, zavodda aparılan maliyyə monitorinqi direktorun qiyməti əsassız olaraq qaldırdığını üzə çıxarıb. Habelə maye qazın elektron ticarəti üzrə meydançanın rəhbərinin də saxlanıldığı bildirilir.
Xatırladaq ki, Janaozendə maye qazın bahalaşması yanvarın 2-də kütləvi etirazlara səbəb olub. Etirazlar sürətlə başqa şəhərlərə, o cümlədən Alma-Ataya sıçrayıb. Hökumət etirazçılar qarşısında geri çəkilərək qiymətləri endirsə də aksiyalar səngiməyib. Bəzi şəhərlərdə küçələrə çıxanlar hazırda Təhlükəsizlik Şurasının katibi vəzifəsini (ömürlük) tutan keçmiş prezident və “elbası” Nursultan Nazarbayevin siyasətdən getməsini tələb ediblər. Ötən gün etirazların böyüməsi qarşısında prezident Kasım-Jomərt Tokayev hökuməti istefaya göndərib. Tokayevin sərəncamı ilə baş nazirin səlahiyyətlərinin müvəqqəti icrası vitse-premyer vəzifəsini tutmuş Alixan Smailova həvalə edilib. Habelə Alma-Atada və Manqistau vilayətində (inzibati mərkəzi Janaozen olmaqla) yanvarın 5-dən 19-na qədər komendant saatı tətbiq edilib.
Ötən gün axşam prezident Tokayev bildirib ki, ölkənin qaz emalı sənayesində keyfiyyət dəyişikliyi edilməlidir. Dövlət başçısı sıxılmış qazın, benzin və dizelin qiymətlərinin müvəqqəti dövlət tənzimlənməsinin tətbiqini təklif edib, habelə sıxılmış qazın ticarətinin tamamilə elektron birjalar üzərindən aparılmasını tapşırıb. Tokayev habelə Baş prokurorluğa tapşırıb ki, qaz emalı zavodlarının sövdələşməyə gedərək qazın qiymətini artırması barədə iddiaları araşdırsın. Onun sözlərinə görə, ölkədə baş verənlərin məsuliyyəti hökumətin, xüsusən də Energetika Nazirliyinin, habelə “KazMunayGaz”, “QazaqGaz” şirkətlərinin üzərinə düşür.
Qazaxıstan prezidenti habelə bir sıra ərzaq məhsullarının qiymətinin də müvəqqəti olaraq dövlət tərəfindən tənzimlənməsinə dair hökumətə tapşırıq verib. Bura un, çörək, makaron məmulatları, yumurta, duz, düyü, şəkər, günəbaxan və kərə yağı da daxildir. O habelə kommunal xidmət haqlarının bahalaşmasına da 180 günlük moratorium qoyulmasını tapşırıb.
Etirazlar isə ötən gecə də səngiməyib. Alma-Atada toplaşanlara polis müdaxilə edib, etirazçılar əsasən dağılışsalar da kiçik qruplar halında toplaşmaqda davam edirdilər. Polis etirazçıları şəhərin mərkəzi Respublika meydanından sıxışdırandan sonra onlar ara küçələrə və həyətlərə dağılışıblar, saxlanılanlar olub. Şahidlər polislərlə nümayişçilər arasında toqquşmalar olduğunu, etirazçıların polisə daş atdığını bildirirlər. Polis isə toplaşanlara qarşı səs qumbaraları tətbiq edib. Alma-Ataya əlavə hərbi qüvvələrin yeridildiyi haqda da görüntülər yayılıb. Şəhərin ətrafında zirehli transportyorlar da görünüb. Alma-Atada bir neçə polis maşınının etirazçılar tərəfindən yandırıldığı da bildirilir. Şəhərdə mobil internet və sürətli mesajlaşma messencerləri işləmir. virtualaz.org