Yarım il əvvəl, 2021-ci ilin iyununda “Time” jurnalı prezident Co Baydenin günəş eynəkdə portretini dərc etmişdi və eynəyin şüşələrində Vladimir Putin əks olunmuşdu. İndi isə ilin əvvəlində sosial şəbəkələrdə jurnalın hələ nəşr olunmamış ötən ilki sonuncu nömrəsinin üz qabığı peyda olub və orada cüdoçu formasında Vladimir Putin Baydeni peşəkarcasına döşəməyə çaxır.Baydenlə Putinin dünyanın gözü qarşısında baş verən duelinin bu cür yozumu ilə yəqin ki, çoxları razılaşmayacaq. ABŞ-la Rusiyanın münasibətləri kor dalana dirənib və iki ölkənin qarşıdurmanı tezliklə, xüsusən də cüdo fəndi ilə bitirməyi bacaracaqlarına ümidlər azdır.
Bir neçə gündən sonra, yanvarın 10-da Cenevrədə Rusiya-ABŞ danışıqları baş tutacaq, onun ardından yanvarın 12-də Brüsseldə Rusiya-NATO Şurasının görüşü, nəhayət yanvarın 13-də isə Vyanada ATƏT-in daimi komissiyasının iclası gözlənilir. Hər üç Avropa şəhərində Ukrayna ilə bağlı eyni qlobal məsələ müzakirəyə çıxarılacaq. Rusiya XİN-in nümayəndəsi Mariya Zaxarova bildirib ki, “danışıqlar zamanı Amerika tərəfindən RF-nin təhlükəsizliyinin möhkəm hüquqi təminatına, daha doğrusu, NATO-nun şərqə doğru genişlənməməsinə və Rusiya üçün təhlükə olan silah sistemlərinin bizim ölkəmizin sərhədlərində yerləşdirilməməsinə nail olmağa çalışacağıq".
Bayden isə dekabrın 30-da Putinlə telefon söhbəti zamanı bildirib ki, kollektiv Qərb Rusiyadan Ukrayna ətrafında yaranmış vəziyyətin deeskalasiyasına nail olmağa çalışacaq, əks halda münaqişənin sonrakı həlli qeyri-mümkündür.
Tamamilə aydındır ki, bu telefon təması Ukrayna məsələsinin həllində heç bir irəliləyişə aparıb çıxarmadı. Onun məzmununu iki cümlə xarakterizə edir. Bayden: “Əgər Ukraynaya müdaxilədən əl çəkməsəz, biz sizin nəfəsinizi kəsən yeni sanksiyalar elan edəcəyik” - Putin: "Onda biz də sizinlə münasibətləri kəsəcəyik”.Bu vaxt Baydenin nüvə müharibəsi istəmədiyinə dair sözləri xüsusilə məşum səsləndi.
Qarşıdan gələn üçlü məsləhətləşmələrdə hansısa irəliləyişə nail olunacağını gözləməyə dəyərmi? Çətin ki. Mövqeləri razılaşdırmaq üçün vaxt olduqca azdır. İki ölkənin nümayəndəliklərinin səviyyəsi də yetərincə yüksək deyil: Rusiya nümayəndə heyətinə Xarici işlər nazirinin müavini (böyük ehtimalla, Sergey Ryabov), ABŞ tərəfinə isə Dövlət katibinin müavini Uendi Şerman başçılıq edəcək.
Daniel Frid əmin edir: yaxın həftələr olduqca çətin keçəcək...
Hər iki paytaxtda skepsis hökm sürür. "Yaxın həftələrdə vəziyyət fövqəladə ağır olacaq, - üç prezidentin - Buş-oğul, Klinton və Obamanın Şərqi Avropa üzrə məsləhətçisi olmuş Deniel Frid deyir. - Əsas sınaq irəlidədir və onunla bağlıdır ki, Putin bizim mövqeyimizin nə dərəcədə qəti olduğunu görmək üçün böyük ehtimalla təhdidləri davam etdirəcək və müharibə hüdudlarında manevr edəcək “.Yeni il ərəfəsində ABŞ Milli təhlükəsizliyinin əməkdaşlarından, ABŞ səfirlərindən və Rusiya üzrə ekspertlərdən ibarət 24 nəfərlik bir qrup (onların arasında Moskvadakı iki keçmiş səfir - Aleksandr Verşbou və Maykl MakFol da var) Baydeni Rusiyanın Ukraynaya təcavüz edəcəyi təqdirdə ABŞ-ın qəbul edəcəyi sərt sanksiyaların syahısını dərhal açıqlamağa çağırıb. “Biz hesab edirik ki, ABŞ NATO üzvləri və Ukrayna ilə razılaşdıraraq elə addımlar atmalıdır ki, Rusiya hərbi eskalasiyaya qərar verdiyi təqdirdə hansı ağır nəticələrlə qarşılaşacağını təsəvvür edə bilsin”, - həmin məktubda deyilir.
Amerika KİV-ləri Baydenin Ukrayna prezidenti Vladimir Zelenski ilə telefon danışığında açıqladığı Moskvaya xəbərdarlıqlar barədə məlumat yayır. Həmin məlumat Putinlə söhbətdən daha çox tirajlanır və Ağ evin mətbuat xidməti tərəfindən daha ətraflı şərh olunur. Rusiya hakimiyyəti Vladimir Putinin və nazir Sergey Lavrovun dili ilə bildirir ki, Ukrayna münaqişəsi, orada amerikanların hücum silahlarının yerləşdirilməsi və ümumiyyətlə NATO-nun şərqə ekspansiyası Rusiya üçün ekzistensial təhlükədir.
Hesab olunur ki, Moskvanın kollektiv Qərblə diplomatik danışıqlarının yalnız iki yolu var. Birincisi - mümkün kompromissin bütün detallarının uzun-uzadı müzakirəsi və bu vaxt fokusun Rusiya-Ukrayna münaqişəsindən orta uzaqlıqlı raketlərin 100 kilometrlik sərhəd zonasında yerləşdirilməsinin yolverilməzliyinə, hərbi gəmilər arasında səmərəli məsafənin müəyyənləşirilməsinə, kiber təhlükəsizlik və digər məsələlərə yönəldilməsi. Ancaq nazir Lavrov artıq elan edib ki, əsas mövzunun bu cür “qarışdırılması” Rusiya üçün yolverilməzdir, Qərb ölkələri isə əsas məsələdən yayınmaqda “böyük ustadır”.
İkinci yol - Putin qapını çırpıb gedir və danışıqlarda əsas elçi saydığı Baydenə deyir: “Bizim şərtlərimizi qəbul etmədiz, bundan sonra özünüzü günahkar bilin!”.
Bəs sonra nə olacaq? Bunu heç kim bilmir. Yalnız o aydındır ki, "Time" jurnalının ilin son nömrəsindəki üz qabığı reallığa heç də uyğun gəlmir. Hələlik cüdoçu Putinin kürəyi yerə vurulmayıb, ancaq o, bütün dünyada təklənib, NATO ölkələri və onların himayəsində olan Ukrayna isə Rusiyanın təhdidləri qarşısında birləşiblər.Finlandiya NATO-ya can atır
Üstəlik, ənənəvi neytral ölkələr də NATO-ya üzv olmaq istəklərini dilə gətirməyə başlayıb. Finlandiyanın Baş naziri Sanna Marin Yeni ilin ilk günündə elan edib ki, onun ölkəsi “NATO-ya üzv olmaq üçün müraciət etmək hüququnu özündə saxlayır”. “Biz bu seçim azadlığını qiymətləndirməli və qoruyub saxlamalıyıq, çünki o, hər bir ölkənin təhlükəsizlik sahəsində özünün qərarlarını qəbul etmək hüququnu əhatə edir”, - o deyib.Halbuki ötən ilin payızında aparılmış araşdırmalar göstərmişdi ki, finlərin əksəriyyəti NATO-ya üzv olmağı istəmir. İlin sonunda isə çoxluq artın iki əllə “Hə” deyirdi. Bu, klassik nümunədir ki, təsir əks-təsirə bərabərdir.
Prezident Putin son aylarda dəfələrlə bəyan edib ki, Rusiya üçün yolverilməz halda - Ukrayna NATO-ya qəbul olunsa və raketlər Xarkov ətrafında yerləşdirilsə, sonuncuların Moskvaya çatması üçün uçuş müddəti cəmisi beş dəqiqə olacaq. Bəs raketlər Helsinki ətrafında yerləşdirilsə, onların uçuş müddəti nə qədər olacaq? - üç dəqiqə?
Putin də, Bayden də özlərinin Yeni il təbriklərində müharibə təhlükəsindən bir kəlmə də danışmadı. Ancaq sosial şəbəkələrin rusiyalı istifadəçiləri həmrəyliklə qeyd etdilər ki, Putinin paltosnun altında zirehli jilet vardı. Tvitter istifadəçilərinin yerləşdirdikləri fotoda isə Bayden və xanımı Cill Ağ evin eyvanından atəşfəşanlığı yox, atom göbələyini müşahidə edirdilər. Kədərli zarafatlardır. Xüsusən kədərli odur ki, onillər sonra yenidən insanların əsas Yeni il arzusu “Təki müharibə olmasın!” cümləsidir.
Yevgeni Bay, haqqin.az saytının Vaşinqtondakı xüsusi müxbiri