KTMT QAZAXISTANDA İŞĞALÇI STATUSUNA DÜŞÜB... - Tokayevin iddiaları yalan çıxır, Putin çıxış yolları axtarır...

8-01-2022, 10:29   



Qərb siyasi dairələri KTMT-nın Qazaxıstana qoşun yeritməsini bu ölkəyə qarşı xarici intervensiya kimi qəbul edir
Tokayevin dili ilə gündəmə gətirdikləri terrorçular ilə bağlı iddialara heç kim inanmır
Macarıstan və Çexoslovakiya faciələrinə eyham vurulduğunu nəzərə aldıqda, Rusiyanın beynəlxalq hüquq qaydasında çıxılmaz vəziyyətə düşdüyü şübhə doğurmur...
Qazaxıstanda nə baş verir? Bu Türk dövlətlərini kimlər qarışdırdı? Əsas hədəfləri və məqsədləri nədən ibarətdir? Qazaxıstanın müstəqilliyinə təhlükə mövcuddurmu?
Belə sualların sırasını daha da genişləndirmək olar. Çünki, hələlik birmənalı cavabı olmayan suallar həddindən artıq çoxdur. Və Qazaxıstanın gələcək taleyi baxımından, bütün suallara inandırıcı cavabların tapılması olduqca vacibdir.
Ancaq artıq bəzi məqamlara diqqət etdikdə Qazaxıstan faciəsinin əvvəlcədən hazırlanmış plan əsasında törədildiyini anlamaq o qədər də çətin deyil. Çünki, plan nə qədər dəqiq hazırlanmış olsa belə, ziddiyyətli məqamlar kifayət qədərdir. Və planın icrası nəticəsində bəzi beynəlxalq hüquq normalarının kobud şəkildə pozulduğu da inkaredilməz reallıqdır.

Məsələn, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) aid hərbi qüvvələrin Qazaxıstana yeridilməsini əsaslandıracaq hüquqi bazada olduqca ciddi boşluqlar mövcuddur. Çünki, KTMT hərbi blokdur və üzv dövlətləri xarici müdaxilədən müdafiə etmək məqsədilə yaradılıb. Qazaxıstana isə hər hansı xarici hərbi müdaxilə faktı qeydə alınmayıb.
Belə vəziyyətdə KTMT qoşunlarının Qazaxıstana yeridilməsinin özü elə bu dövlətə qarşı hərbi müdaxilə xarakteri daşımış olur. Yəni, beynəlxalq hüquq normaları baxımından, Qazaxıstan əslində, hazırda KTMT tərəfindən törədilmiş hərbi intervensiya ilə üzləşib. Və bu baxımdan, KTMT-nın, o cümlədən də, Rusiyanın bu hərbi intervensiyaya hüquqi don geyindirməsi o qədər də asan olmayacaq.
Düzdür, KTMT Qazaxıstana qoşun yeridilməsini quruma üzv olan bu ölkənin prezidenti Kasım-Jomert Tokayevin müraciəti ilə əsaslandırmağa çalışır. Ancaq prezident K.J.Tokayevin Qazaxıstan dövləti adından belə taleyüklü qərar qəbul etmək səlahiyyəti də mübahisə mövzusudur. Çünki, K.J.Tokayev xalq tərəfindən deyil, sadəcə, Qazaxıstan parlamenti tərəfindən seçilmiş prezidentdir.
Digər tərəfdən, hətta K.J.Tokayev xalq tərəfindən seçilmiş prezident olsaydı belə, onun müraciəti hüquqi mübahisələr doğuracaqdı. Çünki, Qazaxıstan dövlətinin taleyinə yalnız bir nəfər qərar verə bilməz. Yəni, KTMT qoşunlarının Qazaxıstana çağırılmasına yalnız ölkə parlamenti tərəfindən qərar verilə bilərdi. Və bütün bunların heç birisinə əhəmiyyət belə, verilməyib.

Nəticədə hazırda KTMT qoşunları Qazaxıstanda xarici işğalçı hərbi qüvvələr statusu qazanmış durumdadır. Bu reallığı Kremldə də artıq anlamağa başlayıblar. Hətta vəziyyətdən çıxış yollarının axtarıldığı da açıq-aşkar nəzərə çarpır.
Məsələ ondadır ki, Qazaxıstan faciəsini sadəcə, kənardan müşahidə etməklə kifayətlənən Qərb siyasi dairələri artıq hərəkətə gəlməyə başlayıblar. İndi Qərb siyasi dairələri KTMT qoşunlarının Qazaxıstana yeridilməsinə hüquqi əsasların olub-olmadığını araşdırmaq niyyətindədir. İlk reaksiyaya əsasən yaxın vaxtlarda KTMT və Rusiyanın Qazaxıstanı işğal etməkdə suçlanacağı artıq qətiyyən şübhə doğurmur.
Təbii ki, Kremldə belə bir təhlükənin real olduğunu anlayırlar. Ona görə də, Kremlə yaxın siyasi dairələr ciddi şəkildə əl-ayağa düşüblər. Və törədilmiş beynəlxalq hərbi cinayətə haqq qazandırmaq üçün müxtəlif variantları sınaqdan çıxarırlar.
Qərb siyasi dairələrinin israrlı susqunluqdan sonra məhz KTMT və Rusiyanı ən zəif, həm də müdafiəsiz yerdən vurmağa hazırlaşması Kremli qıcıqlandırır. 

Rusiya Federasiya Şurasının sədr müavini Konstantin Kosaçevin açıqlaması isə əsl skandaldır.O, deyib ki, Qərbin KTMT qoşunlarının Qazaxıstana yeridilməsinin qanuni olub-olmadığını yoxlamaq üçün əsasları yoxdur: "KTMT-ya daxil olmayan ölkələrin bu qurumun üzvlərinin davranışlarını təftiş etmək hüququ yoxdur".

K.Kosaçevin unutduğu önəmli bir məqam var ki, KTMT beynəlxalq hüquq normalarını tənzimləyən qurum deyil. Eyni zamanda, KTMT dünyada, eləcə də postsovet məkanında istədiyi kimi davrana bilməz. Nəhayət, nə KTMT, nə də onun təmsil etdiyi Rusiya BMT-nin beynəlxalq funksiyalarını mənimsəyə bilməz. 
Qazaxıstan isə BMT-nin üzvü olduğundan bu ölkədə baş verən bütün hadisələr və proseslər BMT Təhlükəsizlik Şurasının təftişinə məruz qala bilər. Yəni, dünya Rusiyanın istədiyi kimi idarə olunmur.
Belə anlaşılır ki, KTMT-nın Qazaxıstana qoşun yeritməsi beynəlxalq hüquqa zidd olduğundan yaxın vaxtlarda Rusiyanın buna görə başı ağrıyacaq. Bu xarici intervensiya faktından Rusiyanın beynəlxalq rəqibləri Kremlə qarşı istifadə edəcəklər. Hətta Rusiyanın ciddi beynəlxalq sanksiyalara məruz qala biləcəyi də qətiyyən istisna deyil.
Ona görə də, Kremlə yaxın siyasi dairələr KTMT-nın Qazaxıstana qoşun yeritməsinin beynəlxalq hüquq qarşısındakı məsuliyyətini başqalarının üzərinə yükləməyə çalışır. Hətta belə iddialar da yayılıb ki, guya bu addımın atılmasına qərar Kreml tərəfindən verilməyib. Əksinə, Belarus prezidenti Aleksandr lukaşenko şəxsən Kreml sahibi Vladimir Putinə zəng edərək, Qazaxıstana KTMT qoşunlarının yeridilməsi ilə bağlı təzyiq göstərib. Halbuki, hazırda Belarus prezidentinin nəfəs almaq üçün belə, Kreml sahibindən icazə aldığını bütün dünya bildiyindən bu "nağıllara" heç kim inanmaz.
Belarus prezidenti Aleksandr Lukaşenko isə Qazaxıstanda baş verənləri xarici müdaxilə ilə izah etməyə çalışır: "Bu, xarici müdaxilə cəhdi idi. İndi bunun arxasında kimin dayandığını aydınlaşdırmaq lazımdır".
Təbii ki, "Batka" Qazaxıstan faciəsinin arxasında kimin dayandığını hamıdan yaxşı bilir. Necə ola bilər ki, KTMT Qazaxıstana qoşun yeridərkən xarici müdaxilənin olduğunu dəqiq bilir, ancaq bu hərbi bloka aid əsgərlərin kimə qarşı vuruşacağından xəbəri yoxdur. 
Böyük ehtimalla "Batka" da çox təhlükəli oyunun içinə salındığını anlayır. Ona görə də, belə ikibaşlı və ziddiyyətli açıqlama ilə özünü gələcək sanksiyalardan sığortalamağa çalışır. Və çətin məqamda bütün günahı əsas ortağı olan Rusiyanın üzərinə yükləmək üçün əl yeri qoyur.


Məsələ ondadır ki, Qazaxıstan prezidenti K.J.Tokayevin dili ilə gündəmə gətirdikləri terrorçular ilə bağlı iddialara heç kim inanmır. Çünki, indiyə qədər hansısa xarici ölkədən Qazaxıstana daxil olmuş terrorçularla bağlı heç bir sübut tapa bilməyiblər. Halbuki, Qazaxıstanı Rusiyaya təslim etmiş prezident K.J.Tokayev 20 min terrorçudan bəhs edir. Və bütün bu iddiaların ona Kremldən təlqin edildiyi isə qətiyyən şübhə doğurmur.
Ancaq KTMT və Rusiyanın təbliğ etdiyi terrorçu variantı hələlik Moskvada yaşayan ruslara belə, inandırıcı gəlmir. Rusiyalı politoloq Maksim Şevçenkonun açıqlaması da bunu təsdiqləyir: "Əlbəttə ki, Qazaxıstanda zorakılıq olub. İğtişaşları və zorakılıqları isə yalnız iki qüvvə təşkil edə bilərdi. Bu, ya kriminal qüvvələrin, ya da xüsusi xidmət servislərinin əməlidir. Mən postsovet məkanında kriminal sistemin xüsusi xidmət servislərinin nəzarətindən kənar fəaliyyət göstərdiyinə qətiyyən inanmıram. Ona görə də, iğtişaşların nəzarətdən baş verməsi mümkün deyil. Mən əminəm ki, bütün bu hadisələr dəqiq şəkildə idarə olunurdu".

Göründüyü kimi, Qazaxıstanda baş verənlərə yanaşma birmənalı xarakter daşıyır. Bu ölkəyə kənardan müdaxilə olub və böyük ehtimalla Qazaxıstan prezidenti K.J.Tokayev də əvvəlcədən məlumatlandırılıb. Ona görə də, kənar müdaxilənin arxasında kimin dayandığını məhz elə həmin Qazaxıstana qoşun yeridən KTMT daxilində axtarmaq lazımdır. İndi KTMT öz qoşunlarının Qazaxıstanın daxili işlərinə qarışmayacağını, sadəcə, sülhməramlı missiya kifayətlənəcəyini bəyan etsə, intervensiya faktı inkaredilməz reallıqdır.
Qoşunları işğalçı hərbi qüvvə durumuna düşən KTMT buna görə mütləq hüquqi məsuliyyət daşıyır. Qərb siyasi dairələrinin Qazaxıstanda baş verənləri Macarıstan və Çexoslovakiya faciələri ilə müqayisə etdiyini nəzərə alsaq, yaxın vaxtlarda həm Rusiyanın, həm də KTMT-nın digər üzvlərinin beynəlxalq sanksiyalara tuş gələcəyi qətiyyən istisna deyil. (musavat.com)

 
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.