Qərb-Rusiya danışıqlarının ilkin nəticələri onu deməyə əsas verir ki, ciddi bir anlaşma olmayacaq və ya Qərb danışıqları uzatmağa cəhd edəcək. Zatən Kreml elə bir şərtlər irəli sürüb ki, anlaşma olmasın.Axar.az xəbər verir ki, bu sözləri ekspert
Natiq Cəfərli ötən gün Cenevrədə baş tutan ABŞ-Rusiya danışıqları ilə bağlı yayılan məlumatlara münasibət bildirərkən deyib.
O bildirib ki, mümkün ssenarilərdən biri Rusiyanın Donbası - qondarma qurumlar olan “dxr” və “lxr”i rəsmən tanımasıdır:
“Tanıyan kimi də Abxaziya örnəyində olduğu kimi, onlarla hərbi-strateji ittifaq, müqavilələr bağlaya, “rəsmi” hərbi yardım üçün “hüquqi” əsaslar yarada bilər.
Növbəti addım kimi Rusiyanın özü yox, tanıdığı qondarma qurumlar Ukrayna ilə müharibəyə başlayır və ya tanınmadan sonra Ukraynanın özü onlara qarşı hərbi əməliyyatlara start verir. Bu vəziyyətdə Ukrayna ilə Rusiya birbaşa müharibə etmir, Kreml qondarma qurumların əli ilə öz maraqlarını hərbi yolla təmin etməyə başlayır. Nəticədə Kreml qondarma qurumların əli ilə Ukraynadan yeni ərazilər qoparmağa, Ukraynanın Azov dənizinə çıxışını tamam bağlamağa çalışacaq. Əsas hədəflərdən biri Azov dənizində Britaniya ilə birlikdə Ukraynanın qurmaq üzrə olduğu hərbi-dəniz bazasını məhv etmək olacaq”.