Ziya Məmmədovun mübhəm zənginin istintaqı bitməyib, amma onu bitirir...
Nəqliyyat naziri “Hakan Fidan”mı; ölkənin ən zəngin nazirinə sadə bir sual veriblər: “əgər dürüst adamsansa, niyə öz telefonunla zəng etməmisən”; Nazirlər Kabinetinin üzvünü dövlət düşməni ilə nə bağlayır; Ziya Məmmədov dostu Abbas Abbasovla kimlərin qeybətini qırıb...
“Yeni Müsavat” qəzetinə artıq geniş ictimaiyyətə bəlli olan sensasion bir faktla əlaqədar yeni və mühüm detallar daxil olub. Məlum olub ki, barəsində ölkə mediasının dəfələrlə yazdığı Ziya Məmmədov-Abbas Abbasov arasında gedən telefon danışıqları ölkənin rəhbərinin də yanında müzakirə olunub və nəqliyyat naziri bir sıra sadə, lakin əzici suallara cavab verməli olub.
Ziya Məmmədov “Hakan Fidan” rolunda?
Mövzunu yaxşı qavramaq üçün bu məqamda hadisə haqda qısa bilgi verək.
İlk olaraq özəl xəbərlərlə işləyən “Unikal” qəzeti məlumat yaydı ki, Azərbaycana qarşı Rusiyanın təhriki ilə kəskin bəyanatlar verdiyi, iqtidara barmaq silkələdiyi bir dövrdə ölkənin nəqliyyat nazirinin “Milyarderlər İttifaqı”nın rəhbəri Abbas Abbasovla məxfi telefon danışığı olub. O danışıqda nələrin müzakirə edilməsindən daha çox, faktın özü maraqlıdır. Necə olur ki, ölkənin bütün rəsmi kursu Rusiyadan hakimiyyəti təhdid edən “Milyarderlər İttifaqı”na, onun başındakı Abbas Abbasova qarşı bir cəbhə alarkən, Azərbaycan nazirlərindən biri gizlicə Abbas Abbasovla telefonla danışır? Bəlkə o da Türkiyə MİT-in başqanı Hakan Fidanın PKK ilə gizli danışmağa aldığı sanksiyadan alıbmış? Ki, düşmənlə gizli əlaqə qursun, onu nifrət edən, aqressiv tərəf statusundan çıxararaq, danışıqlara çəksin, yumşaltsın, münasibət qursun, neytrallaşdırsın?
Məntiqlidir - ötən il bu zamanlar Abbas Abbasov müxalifətin başına keçmiş Rüstəm İbrahimbəyovun arxasındakı əsas kölgə-fiqur idi. Cənab Abbasov usta bir gedişlə qısa müddətə Azərbaycan müxalifətini bir təşkilatda - həm də Moskvada hazırlanan format üzrə - birləşdirərək, R. İbrahimbəyov vasitəsilə ona patronluq edirdi. Onu siyasi müxalifətdən ayırmaq təbii ki, işin xeyrinə olardı. Bu səbəbdən də əgər Ziya Məmmədov bu missiya ilə oyuna qatılsaydı, anlamaq olardı. Lakin sonradan gələn məlumatlar göstərir ki, tam tərsinə, cənab Məmmədov bu danışıq üçün siyasi rəhbərlikdən, özəlliklə də prezidentindən heç bir sanksiya almayıbmış.
Onun Putinin adı ilə formalaşan “Milyarderlər İttifaqı” - RATİ tərkibindəki digər anti-Azərbaycan fiquru ilə, “AST Telman”la da isti münasibətləri var. Telman İsmayılovun Azərbaycanda sözünün keçdiyi digər ciddi fiqurlarsa Cahangir Əsgərov və şeyximiz Allahşükür Paşazadədir. Adları qeyd olunan bu şəxslər ölkə içində də bir-birinə dəstəkdirlər.
Məlum olan yeni xüsusat N
İndi məlum olur ki, cənab nazir onun da təmsil olunduğu iqtidarı devirməklə hədələdiyi bir vaxtda Abbas Abbasovla başqa, məxfi hesab olunan telefonla danışıbmış. Lakin Azərbaycanın xüsusi xidmət orqanları bu kodlaşdırılmış və hazırda bir çox iqtidar mənsubunun istifadə etdiyi “kriptolu” (şifrəli) telefondan gedən zəngi də, danışığı da fiksə edə biliblər. Təbii ki, dərhal da ölkə rəhbərliyini, prezidenti məlumatlandırıblar.
Bu da ölkə rəhbərliyində təbii narahatlıq və hərəkətlilik yaradıb.
Məlum olan yeni xüsusat N2
“Yeni Müsavat”a çatan, lakin dəqiqləşdirilməsi mümkün olmayan məlumata görə, nazir Ziya Məmmədovla ilk söhbəti administrasiya rəhbəri aparıb. O, belə bir danışığı tamamilə inkar edib. Mənbə deyir ki, Ziya Məmmədov istifadə etdiyi “kriptolu” telefona, onunla danışıqların dinlənməsinin mümkünsüzlüyünə o qədər güvənirmiş ki, rahat şəkildə dirənib və Abbas Abbasovla danışıq apardığını inkar edib.
İddialara görə, bundan sonra onu ölkə rəhbəri qəbul edib və bu mövzuda sual verib. Eyni situasiyanın sabiq nazir Fərhad Əliyevlə yaşanmasını yaxşı bilən və artıq birinci instansiya qarşısında yalan danışmaqda məna görməyən Ziya Məmmədovun dili açılıb. O, belə bir danışığın olduğunu etiraf edib. Danışılanların isə ölkə iqtidarına, dövlətçiliyə heç bir təhlükə törətmədiyini vurğulayıb.
Lakin o, sadə bir suala cavab verə bilməyib. Əgər heç bir təhlükə, problem və məxfilik yox idisə, niyə danışıqlar onun rəsmi, gündəlik işlətdiyi telefonu ilə (050 211 31....) deyil, rəhbərlikdən gizli saxladığı şifrəli telefonla aparılıb?
Danışıqlarda ehtiyatlı olublar...
İddialara görə, Abbas Abbasovla Ziya Məmmədovun hətta şifrəli telefonlarla danışıqlarında ölkə rəhbərini tənqid edən, birbaşa hədəfə alan heç nə yoxdur. Görünür, illərin təcrübəsi və qorxu tərəfləri ehtiyatlı olmağa sövq edib. Orada iqtidardakı müəyyən fiqurların Abbas Abbasova və digərlərinə qarşı “təxribatları”, prezidentdə yanlış fikir yaratması, Rusiya ilə düzgün rəftar olunmaması və s. danışılıb. Digər, siyasi xüsusatlar da var- lakin onlar da birbaşa çevriliş xarakterli deyil.
Yuxarıda dediyimiz kimi, ölkə rəhbərliyinin nəzərincə, əsas məsələ nə danışmaq deyil; əsas məsələ hansı məqamda kiminlə və necə (gizli) danışmaqdır. Ziya Məmmədovun başı hələ də bu fakta görə qaldadır.
Onun özü də bu yaxınlarda açıqlama vermişdi ki, hakimiyyət daxilindən kimlərsə ona qarşı kampaniya aparır. Bu etirafın özü də ciddi və skandal məsələdir. İqtidar ideoloqları hakimiyyət komandasının monolitliyi, müxalif düşərgəninsə pərakəndəliyi haqda propoqanda apararkən, bu komandanın mühüm nazirlərindən biri bunların tam əksini söyləyir.
Ziya Məmmədov gedəcək - lakin sabah yox
Hakimiyyət düşərgəsinə bələd olan ekspertlərdən biri “Yeni Müsavat”a deyib ki, Ziya Məmmədov vəzifədən götürülmə sırasına görə ilk yerlərdə olan məmurlardandır. Onun özü və klanı prezidentin “ASAN” konsepsiyasına, ölkə məmuriyyətini modernləşdirmək konsepsiyasına cavab vermir və hakimiyyətə ciddi neqativlər gətirir. Lakin bu klan olduqca zənginləşib. Onun sərvətini “milliləşdirmədən”, iqtisadi imperiyasının sərhədlərini minimuma endirmədən, iqtidardan ayırmaq təhlükəlidir: “İqtidar ikinci Abbas Abbasov istəmir”,- deyir ekspert. Bu səbəbdən də Məmmədovları hələlik iqtidarda - nəzarətdə saxlamaq qərarı gündəmdədir. Bu ilin sonu, gələn ilin əvvəlləri üçün nəzərdə tutulan kadr islahatlarında ilk olaraq bu klan və onun tutduğu “siyasi ərazi” yenilənəcək.
Burada mübhəm telefon danışıqlarına görə etibarın itirilməsi faktı da heç şübhəsiz, vardır.