“PUTİN BU SƏBƏBDƏN AĞLASIĞMAZ ULTİMATUMLAR İRƏLİ SÜRÜB...” - “SSRİ-nin bərpası nağılı yalnız boşboğazlıqdır”

24-01-2022, 15:50   




Zərdüşt Əlizadə: “Putinin şərəflə geri çəkilməsində Ərdoğan-Əliyev təşəbbüsü vacib rol oynaya bilər”

“Ukraynaya qalib gəlsə də, Rusiya ordusuna və iqtisadiyyatına elə sağalmaz yaralar vurulacaq ki, bu ölkə 15-20 il ərzində özünə gələ bilməyəcək”
“Putinin yaxınları, ətrafı Rusiyanı dağıdıb yeyirlər, bu halda o ölkənin gələcəyi ola bilərmi?”
ABŞ başda olmaqla Qərb dövlətləri ilə ipə-sapa yatmayan Rusiya arasında geopolitik gərginlik davam edir. Krım və Belarus istiqamətində ordu cəmləşdirən Kremlin Qərbin xəbərdarlıqlarına baxmayaraq Ukraynanı hər an işğal edə biləcəyinə dair təsəvvür yaranır.
“AzPolitika.info” Rusiyanın iddiaları və imkanları mövzusunu politoloq Zərdüşt Əlizadə ilə müzakirə edib:
- Zərdüşt bəy, Putinin məlum tələblərindən sonra ABŞ və Rusiya arasında təhlükəsizlik mövzusunda danışıqlar baş tutsa da, razılaşma əldə etmək mümkün olmur. Nəticədə Ukrayna böhranı getdikcə dərinləşir. Cenevrə görüşünün uğursuzluğu da bunu təsdiqləyir. Bu baxımdan hadisələrin gələcək inkişaf istiqamətlərini necə görürsünüz?
- Mənim fikrimcə, burada iki ehtimal var. Birincisi, Putin çalışır ki, özünü dünya gündəmində mühüm fiqur kimi tanıtsın. Çünki Rusiya hazırda təcrid edilib və əslində, onu heç sayan da yoxdur. Amma nəzərə alsaq ki, tədricən ABŞ-Çin münasibətləri və rəqabəti kəskinləşir, üstəlik ABŞ yaxın gələcəyini Çinlə rəqabətdə görür, o zaman ehtimal etmək olar ki, ABŞ ya Rusiyanı öz tərəfinə çəkmək, ya da bitərəf qalmasına nail olmağa çalışır. Putin də ABŞ-ın bu istəyini anlayır və çalışır k, Vaşinqtonun razılığı və eyni zamanda sülh şəraitində postsovet məkanında özünü yeganə təsir gücü kimi qəbul etdirsin. O, bunu məhz ABŞ-ın ehtiyaclarından çıxış etməklə dinc yollarla Vaşinqtona qəbul etdirmək istəyir. Bu səbəbdən də Qərbin qarşısında ağlasığmaz formada ultimatumlar irəli sürüb.
Məsələn, tələb edir ki, yazılı şəkildə Ukrayna və Gürcüstanın NATO-ya üzv edilməyəcəyinə vəd versin və sabiq sosialist düşərgəsinə aid ölkələrə qoyduğu bazaları, silahları yığışdırsın. Qərb də deyir ki, siz kimsiniz ki, bizim təsis etdiyimiz beynəlxalq təşkilatın - NATO-nun nizamnaməsinin ziddinə olan müddüəalar tələb edəsiniz? Putin də deyir ki, onda siz görərsiniz ki, mən kiməm və nə edirəm.
“Putin neyləyəcək” məsələsinə gəldikdə aydındır ki, ABŞ və Avropa Birliyi dünya iqtisadiyyatının azı 40 faizini təşkil edir. Rusiya isə 1,5-2 faizini. Qərb və NATO ölkələri Rusiyadan azı 20 dəfə varlı və zəngindir. Lakin Rusiyanın nüvə-raket silahı var və bunu heç vaxt unutmaq olmaz. Bu mənada rus xalqı Stalin və Beriyaya alqış etməlidir, amma gecə-gündüz onları söyür. Hər halda, Qərb riskə getmək, təhlükə ilə rastlaşmaq istəmir. Məncə, iki yol qalır. Danışıqlar əsnasında Qərb yazılı deyil, şifahi şəkildə Moskvaya təminat verə bilər ki, biz Ukrayna və Gürcüstanı NATO-ya qəbul etməyəcəyik. Yəni bu ölkələrə “yox” deməyəcəyik, amma onları qəbul da etməyəcəyik. Mümkündür ki, belə təkliflə Putin razılaşa bilər.
Ancaq eyni zamanda nəzərə alsaq ki, Qərb indi tənəzzül keçirir, rəhbər şəxslərin çoxu - Baydendən tutmuş Makrona qədər cılızdırlar, o zaman Putin avantüraya gedə və Ukraynaya hücum da edə bilər.
- Nəticədən asılı olmayaraq?
- Bu zaman sözsüz ki, böyük itkilər baş verəcək və bununla paralel olaraq Qərbin Rusiyaya qarşı amansız cəza tədbirləri işə salınacaq. Hətta Ukraynaya qalib gəlsə də, Rusiya ordusuna və iqtisadiyyatına elə sağalmaz yaralar vurulacaq ki, bu ölkə 15-20 il ərzində özünə gələ bilməyəcək. Əsas seçimlər bunlardır. Ya, Qərbin şifahi vədinə Putin inanmalı olacaq, ya da tanka minib Ukraynanın bir hissəsini götürəcək. Lap mümkündü ki, Ukrayna hakimiyyətinin dəyişməsinə də nail ola, Kiyevdə Rusiyaya yaxın hökumətin qurulmasını təmin edə bilər. Amma bu, son nəticədə Rusiya üçün ağır itkilərə gətirəcək ki, buna da dözmək mümkün olmayacaq. Xüsusilə nəzərə almaq lazımdır ki,rus hakimiyyəti əslində rus xalqına yabançıdır və uzun illərdir ki, bu xalqın sərvətlərini qarət edirlər.
-Rusiya-ABŞ danışıqlarna paralel olaraq,Türkiyə və Azərbaycan tərəfindən vasitəçilik təşəbbüsləri də irəlii sürülüb. Bu vasitəçilik missiyası “Ukrayna alovuna soyuq suların səpilməsinə” səbəb ola bilərmi?
- Mənim qənaətimcə, İlham Əliyev cənab Ərdoğanla məsləhətləşərək Kiyevə səfər edib və Prezident Zelenskini razı salıb ki, danışıqlara və güzəştlərə razı olsun. Məhz İlham Əliyevin Kiyev səfərindən sonra Prezident Ərdoğan öz vasitəçilik təklifini açıq şəkildə elan etdi. Bildirdi ki, Türkiyədə üçtərəfli görüş təşkil oluna bilər. Məncə, Prezident Əliyev bu məsələni həm də Putinlə müzakirə edib. Putin kəskin və sərt mövqe tutmaqla yanaşı, şərəflə geri çəkilmək üçün yol saxlamağı da nəzərdə tutur. Bu da Ərdoğan-Əliyev vasitəçiliyi ilə həyata keçirilə bilər. Ehtimal edirəm ki, İlham Əliyev Zelenskinin də razılığını alıb. Çünki Zelenski Qərbdən çox da etibarlı dəstək gözləmir, heç kəs ölmək, nüvə-raket kompleksi ilə silahlanan Rusiya ilə müharibəyə getmək istəməz. Bu amilləri nəzərə alaraq deyə bilərik ki, hazırda gərgin dövrdə yaşayırıq. Amma bu dövrdə həm müsbətə, həm də mənfiyə doğru dəyişikliklər baş verə bilər.
Əgər Ukrayna NATO-ya üzvlük ümidini itirsə, bu, o demək deyil ki, kimsə gəlib oradakı hakimiyyəti və quruluşu dəyişir. Əksinə, bu, o mənanı verəcək ki, rəsmi Kiyev boş xəyallardan əl çəkməlidir. Aydındır ki, Şimali Atlantika Alyansı nə Gürcüstanı, nə də Ukraynanı indiki problemləri ilə birlikdə NATO sırasına qəbul etməyə və Rusiya ilə üz-göz olmağa hazır deyil. Onlar bunu istəmirlər də. Çünki strateji baxımdan onsuz da istədiklərinə nail olublar.

- Nəyi nəzərdə tutursunuz ?
- SSRİ kimi imperiya dağılıb, dünya sosialist sistemi məhv olub, onlar bu bölgələri nəzarətə götürüblər. Bundan artığı nəyə lazımdır?
- Sizə elə gəlmirmi ki, burada üçüncü variant da var, məsələn, hansısa federasiya və ya ittifaq dövləti yaratmaq cəhdi?
- Məncə bu, səfeh məsələdir. Əgər tarixi zərurət və o dövrdə Rusiya hakim elitasının buna istəyi olmasaydı SSRİ kimi imperiya dağılardımı? Vahid KQB, vahid dövlət sistemi, partiya, ordu var idi. Niyə dağıtdılar? Obyektiv zərurət Rusiyanın hakim zümrəsinə dedi ki, bu 14 respublika sənin nəyinə lazımdır, sən onları yedizdirirsən, ucuz xammalla təmin edirsən. Elə bu xammalı satıb özün milyarderə çevrilə bilərsən. Onlar da bu xətti götürdülər. Yəni dağıtdılar. SSRİ-ni 15 respublika arasında yeganə respublika - Rusiya dağıtdı. Ukraynanın, Qafqazın, Orta Asiya və Pribaltikanın gücü yox idi ki, SSRİ-ni dağıtsın. SSRİ-ni Moskvada gedən hakimiyyət və sərvət uğrunda mübarizə dağıtdı. Biz kim idik ki? Küçələrdə qışqırırdıq - azadlıq, istefa və s. Moskvada nəhəng dövlət mexanizmi var idi və onlar bu mexanizmi iflic vəziyyətə saldılar, təxribatla SSRİ-ni laxladan proseslərə start verdilər. Axısqa türkləri ilə özbəklər vuruşdu, qazaxlar 1986-cı ildə qalxdılar, bizdə erməni-müsəlman davası başladı və s. Ermənilərə fətvanı Moskva vermirdimi? Mən sıravi vətəndaş, kommunist Zərdüşt Əlizadə anlayır və deyirdim ki, Qarabağ münaqişəsi SSRİ-ni dağıda bilər, bunu Moskvadakı Mərkəzi Komitənin üzvləri məndən min dəfə yaxşı bilirdilər. Elə buna görə də, Zori Balayanı və digərlərini çağırıb deyirdilər ki, möhkəm durun, tələb edin. SSRİ-ni elə Moskvada oturanlar dağıtdı. Bu gün Moskvada 110 nəfər milyarder var. Onların da əksəriyyəti Putinin yaxın adamlarıdır. 5-6 milyarder də bizdə var. Ermənistanda multi-milyarderlər var, Gürcüstnda da var. Bdzina İvanişvilinin 6 milyardı var. Belə milyarderlər Ukraynada daha çoxdur. Deyirlər Nazarbayevin 140 milyardı var və üzdə olanı 8 milyarddır. Hakim sovet zümrəsi SSRİ-ni dağıtdı ki, zəhmətkeşlərin əlindən bu sərvətləri alsın. Bu qədər sadə. Nəticədə biz maaşdan-maaşa qəpiklərimizi sayırıq, onların da Mayamidə, Dubayda, Londonda villaları var. Pula da pul demirlər.
- Demək istəyirsiniz ki, Putinin İttifaq dövləti ideyasının heç bir perspektivi yoxdur?
- Belarusla olan ittifaqı nəzərdə tutursunuzsa, Belarus Rusiya ilə Qərb arasında bufer dövlətdir. Orada Lukaşenko xalqına nağıl danışır, burada da Putin. Dılğır və rüşvətxor kommunistlər - Züqanovun bandası da rus xalqına başqa bir nağıl danışır. Dələduz Jirinovski isə xalqına tam fərqli bir nağıl deyir. Hamısı da xalqın cahilliyindəndir. Üç-dörd əsl rus ziyalısı var, onları da anlayan, başa düşən yoxdur.
İttifaq dövləti bu mənada nağıldır. Ölmüş bir canı diriltmək olmaz. Britaniya, Osmanlı, Fransa imperiyaları bərpa ola bilərmi? Yox. Bizim gözümüzün önündə Avropa İttifaqı aşınır. Çünki onun mövcudluğu üçün gərəkən tarixi zərurət tədricən aradan qalxır. Hər bir dövlət və millət də öz payını götürür, marağını düşünür. Avropa İttifaqına SSRİ dağıldıqdan sonra zərurət qalmır. Britaniya çıxdı, Fransa çıxmaq haqqında düşünür, həmçinin İspaniya. Ümumən dövlətlərin özündə aşınma gedir. Zamanında birləşmə və qloballaşma prosesi var idi. İndi isə parçalanma prosesi gedir. ABŞ-ın özündə belə, bu proses müşahidə olunur. Bəli, bu meylləri görməmək üçün insan gərək kor olsun. Belə bir şəraitdə ikinci SSRİ-nin bərpası nağılı yalnız boşboğazlıqdır. SSRİ bərpası üçün heç bir obyektiv zəmin və şərt yoxdur.
Onbeşə qədər slavyan dövləti var və hamısı bir-birinə nifrət edir. Yalnız iqtisadi əsaslarda hansısa təşkilat yarana bilər ki, burada da ortaq rüsumlar və vergilər əsas götürülə bilər. Amma hansısa ittifaq dövləti yarana bilməz. Avropa İttifaqı 27 dövlətdən ibarətdir. Bir qərar qəbul etmək üçün 27 dövlətin prezidenti, baş naziri, parlamenti konsensusa gəlməlidir. Ona görə də, bu qurum bir çox hallarda hadisələrə anında qiymət verə bilmir. Gözümüzün qarşısında olan bu reallıqları görərək nağıllara inanmağa gərək yoxdur.
- Dediyinizdən belə anlaşılır ki, Rusiyada da vəziyyət o qədər ürəkaçan deyil. Bu halda Vladimir Putinin gələcək taleyi necə olacaq, 2024-cü ildə hakimiyyət dəyişikliyi üçün əsaslar müşahidə olunurmu? Rusiyada hansı proseslər gözləniləndir?
- Rusiyada vəziyyət çox pisdir. Hələlik nə baş verirsə, hamısı mənfi istiqamətdədir. Məsələn, Rusiyanın əhalisi azalır və əhalinin azalmasını Mərkəzi Asiyadan gələnlər hesabına kompensasiya edirlər. Qazaxıstanda vəziyyət kəskinləşəndən sonra mümkündür ki, qazaxları da işçi qüvvəsi kimi cəlb etsinlər. Yəni elmi, iqtisadiyyatı, şəraiti olan yox, ancaq xammal satan Rusiya var. İndi də başlayıblar xammalı bir az dərindən emal edib satmağa, məqsədləri də çox qazanmaqdır. Bütövlükdə isə xalqın sağlam nüvəsi yoxdur. Bəli, iri şəhərlərdə müasir binalar, restoranlar tikiblər, avtomobillər alıblar. Amma elmi sənayesi yoxdur. Bir sərnişin təyyarəsi buraxa bilmədilər, olanların da 80 faizi xarici detallardan ibarətdir. Reallıq budur. Əks təqdirdə Putin olmasın, İvanov olsun. Bu, heç nəyi dəyişmir. Putinin yaxınları, ətrafı ölkəni dağıdıb yeyirlər. Hər yerə darışıblar. Bu halda Rusiyanın gələcəyi ola bilərmi?
Rasim Əliyev
“AzPolitika.info”
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.