Nikol Paşinyan ilin ilk mətbuat konfransında müzakirələrə səbəb olacaq açıqlamalar verdi: konfransın keçirilməsi zərurəti prezident Sarkisyanın istefası fonunda yaranmışdı, lakin erməni baş nazir bundan həm də Qarabağ və sərhəd məsələsi ilə bağlı mövqeyini yeniləmək üçün də istifadə etdi.Erməni baş nazirin Azərbaycanla bağlı fikirləri üç hissədən ibarətdir:
Sülh müqaviləsi: Paşinyan Azərbaycanla sülh sazişinin əleyhinə olmadığını deyir, lakin əlavə edir ki, bu saziş hazırlanmalı, formalaşdırılmalıdır və bunun üçün danışıqlar aparılmalıdır.
Erməni baş nazir sülh sazişi ilə bağlı açıqlamasına əvvəli fikirləri ilə müqayisədə yenidən korrektlər edib, xüsusilə “Dağlıq Qarabağ”ın və Minsk qrupu formatının adının çəkilməməsi diqqət çəkir. Və Nikol bununla iki mesaj verir:
- həm erməni cəmiyyətinə “sülh sazişi” ilə bağlı atacağı addımları açıqlayır və göstərir ki, İrəvan bu məsələyə müqavimətsiz razılaşmayacaq, danışıqlarda öz şərtlərini də irəli sürəcək;
- həm Əliyevin verdiyi “altı aylıq müddətə”, o cümlədən, Ermənistanın mövqeyinə görə sülh sazişinin perspektivini görmədiyinə dair fikirlərinə “başlamağa hazırıq” cavabını verir;
Hərçənd, “sülh sazişi” ilə bağlı danışıqlar təklifi o deməkdir ki, Bakının tələbləri ilə yanaşı, İrəvanın da istəkləri olacaq və bu, prosesin uzanması riskini artırır. Rəsmi İrəvan indi situasiyada zaman qazanmağa çalışa bilər:
- Minsk qrupunun proseslərdə mümkün iştirakı üçün şəraitin yetişməsini gözləyir;
- ABŞ-Rusiya qarşıdurmasında Ankara-Moskva münasibətlərinin əməkdaşlıq çərçivəsindən çıxması risklərini dəyərləndirir və bunu Türkiyənin Cənubi Qafqazda təsir imkanının azalacağı, Bakının əlinin zəifləyəcəyi fürsəti kimi görür;
Nikol da anlayır ki, saziş sərhəd və ərazi bütövlüyünün tanınması deməkdir, lakin danışıqlar təklifi ilə prosesi uzatmaq istəyi başqa məsələlərdə, xüsusilə sərhəd və regional kommunikasiyaların açılması işində maraqlarının təmin edilməsinə hesablana bilər.
Ərazi bütövlüyünün tanınması: “sülh sazişi” ilə bağlı İrəvanın riskli siyasəti fonunda Paşinyanın Azərbaycanın ərazi bütövlüyü ilə bağlı fikirləri də diqqət çəkir.
- Madrid prinsiplərində ərazi bütövlüyü prinsipini xatırladır: həmin sənəddə “öz müqəddəratını təyin etmə” məsələsinə toxunmur;
- MDB-yə üzv olarkən Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıdığını deyir;
- 1996-cı ilin Lissabon sammitində münaqişənin həlli ilə bağlı qəbul edilən üç prinsipi yada salır: Azərbaycanın ərazi bütövlüyü bərpa edilir, Qarabağa Azərbaycanın tərkibində “yüksək muxtariyyət” statusu verilir, bölgənin erməni və azərbaycanlı icmalarının təhlükəsizliyi təmin olunur;
- 1999-cu ildə İstanbul sammitində “Dağlıq Qarabağın” danışıqlardan çıxarılmasını xatırladır;
- Və BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinə toxunur;
Erməni baş nazir bununla daxili auditoriyaya iki mesaj verir:
Birincisi, Azərbaycanın ərazi bütövlüyünü tanımağa məcburdurlar və bunun günahkarı o deyil: indiyə qədər qəbul edilmiş sənədlər bunu tələb edir;
İkincisi, Ermənistan bundan öncə Azərbaycanın ərazi bütövlüyünü tanıyıb: o, ilk belə addım atmayacaq;
Sərhədin müəyyən edilməsi: Paşinyanın əsas problem yaratdığı məqam sərhədin delimitasiya və demarkasiyasıdır.
Deyir ki, sərhədin delimitasiya və demarkasiyası üzrə ikitərəfli komissiyanın tezliklə yaradılmasını istəyirlər, lakin bununla bağlı təkliflərini Rusiya vasitəsilə Azərbaycana çatdırıblar.
Təkliflərin nə olduğunu açıqlamır, hərçənd, Soçi razılaşmasına görə sərhədlə bağlı komissiya qısa zamanda yaradılmalı idi. Və görünür, Ermənistan komissiyanın yaradılmasını öz istəkləri çərçivəsində icra etmək niyyətindədir. Bu təklifin nədən ibarət olduğunu Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan müəyyən qədər açıqlamışdı.
İrəvan “güzgü prinsipi”ni təklif edir: bu, qoşunların əvvəlki mövqelərinə çəkilməsi və delimitasiya-demarkasiya prosesinin bundan sonra başlanması deməkdir; Azərbaycan may ayından etibarən Ermənistanın işğal dövründə irəli çəkdiyi dövlət sərhədini praktiki olaraq bərpa etməyə başlayıb; Əliyevin son müsahibəsindən məlum olur ki, ən çox toqquşmanın baş verdiyi Laçın-Kəlbəcər istiqamətində də Azərbaycan Ordusu dövlət sərhədinə çıxıb;
Delimitasiya müqaviləsi imzalanacağı və buna uyğun demarkasiya prosesi başlayacağı təqdirdə, mövqe dəyişiklikləri xəritəyə uyğun aparıla bilər, lakin bu olmadığı müddətdə Azərbaycanın “güzgü prinsipi”ni qəbul edəcəyi inandırıcı deyil. Paşinyan da bunun asan olmadığını anlayır və mümkündür ki, Qazaxıstan hadisələrində Rusiya ilə yaxın əməkdaşlıqdan istifadə etmək və sərhəd məsələsində istəklərinə rusların əli ilə nail olmaq gedişi edir. Təklifin Rusiya vasitəsilə göndərilməsi Moskvanın bu məsələ ən azı neytral mövqeyi tutmasından xəbər verir, əks halda, Soçi razılaşmasının icrasını uzadacaq istəyi geri çevirərdilər.
Bu, sərhədin müəyyənləşməsi prosesini uzadacaq və yeni toqquşmalara yol açacaq riskini artırır.
Asif Nərimanlıpublika.az