Pənah Hüseyn: “İstənilən situasiyada Türkiyə harada olacaqsa, Azərbaycan da orada olmalıdır”Rusiyanın keçmiş SSRİ məkanına aid müstəqil dövlətləri öz təsir dairəsinə salmaq və bunun Qərb tərəfindən tanınmasına nail olmaq cəhdləri davam edir. Əksər mütəxəssislərin fikrincə, Vladimir Putinin Ukrayna məsələsində belə inadkarlıq göstərməsi təsadüfi deyil. Çünki Ukraynasız Rusiyanın strateji hədəflərinə çatması mümkünsüz görünür. Hazırda 100 minlik rus ordusunun Ukrayna ilə sərhəddə saxlanılmasının əsas səbəbi də bundan qaynaqlanır.“AzPolitika.info” bu mövzunu sabiq baş nazir
Pənah Hüseynlə müzakirə edib:
- Pənah bəy, Ukrayna hazırda dünyanın çözə bilmədiyi geopolitik problemə çevrilib. Və faktiki olaraq, rəsmi Kiyevin iştirakı olmadan Qərb dünyası ilə Rusiya onun gələcək taleyini həll edir. Bu, nə dərəcədə təhlükəli prosesdir?- Əlbəttə, bu mövzu mürəkkəb və çoxqatlı məsələlərlə zəngindir. SSRİ-nin dağılması və ABŞ-ın hegemonluğu ilə yaradılan birqütblü dünyanın saxlanılması istiqamətində səylər göstərilir. Bəzi analitiklər hesab edirlər ki, bu, artıq bitmiş məsələdir və bunun çoxqütblü dünya ilə əvəzlənməsi prosesi gedir. Rusiyanın hərbi, Çininsə hərbi-iqtisadi baxımdan güclənməsi, eləcə də ABŞ-ın son olaraq Əfqanıstandakı əməliyyat da daxil olmaqla bir çox əməliyyatlardakı iflası bu prosesi bir qədər gücləndirib.
Qarşı tərəf bu hegemonluğu yeni dünya düzəni ilə əvəzləmək istəyir. Bu prosesin arxasında Rusiya və Çin durur, amma digər güc mərkəzləri də var. Ukrayna sadəcə olaraq, bu savaşın indiki mərhələdə cərəyan etdiyi teatrdır. Həmçinin, Rusiya keçmiş SSRİ sərhədlərində geopolitik təsir dairəsini bərpa etməyə çalışır. Bunun üçün də həlledici həlqələrdən biri Ukraynadır. Ukrayna Rusiyanın təsir dairəsində olmadan hansısa formada belə bir geopolitik layihəni həyata keçirmək mümkünsüzdür. Bu baxımdan Moskva çoxdandır ki, Ukraynada ruspərəst hakimiyyətin bərqərar olması üçün iş aparır. Krımın ilhaqı, Donetsk və Luqanskın işğalı da bu strateji planın tərkib hissəsidir.
Eyni zamanda dünyada koronavirus səbəbindən qlobal iqtisadi böhran yaşanır, çətin iqtisadi durum var, bütün ölkələr maneələrlə üzləşib. Bu çətin durumdan çıxmağın bir yolu da bazarların və resursların bölüşdürülməsindən keçir. Bir sıra hökumətlər də koronavirus səbəbindən yaranan daxili gərginliyi düşmənə qarşı səfərbərlik vasitəsilə neytrallaşdırmaq istəyir. Şübhəsiz ki, bu məqam da nəzərə alınmalıdır. Bütün bu tərəflərlə paralel olaraq hazırda biz Ukraynada önə çıxan qlobal savaşı müşahidə edirik.
- Bu qlobal qarşıdurmanın hərbi mərhələyə keçəcəyi nə dərəcədə gözləniləndir?- Bunun real müharibə ilə yekunlaşacağı, yoxsa “soyuq müharibə” formasında davam edəcəyini zaman göstərəcək. Hazırda biz informasiya, texnologiya, hibrid müharibəsini müşahidə edirik. Bu, faktiki olaraq “soyuq müharibə” və ya “hibrid müharibəsi” adlandırıla bilər. Amma hərbi baxımdan müharibənin olub-olmayacağını proqnozlaşdırmaq mümkün deyil. Mənim təxminlərimə görə, ABŞ liderliyində NATO və Rusiya arasında müharibə ehtimalı ciddi deyil. Çünki bu, nüvə silahına malik güclər arasında savaş olardı. Bunun da nə ilə nəticələnəcəyi bəllidir. O başqa məsələdir ki, belə bir savaşın Avropada gedəcəyini nəzərə aldıqda, bunun özü çəkindirici amil kimi ortaya çıxır.
Ancaq Ukrayna ərazisində lokal hadisələrin baş verməsi mümkündür. Bu halda Qərbin Rusiyaya hansı reaksiya verəcəyi də hələlik dəqiq məlum deyil. Qərbin xətti belədir ki, müharibəyə girişməyəcək, sanksiyalar vasitəsilə Rusiyaya zərbə endirəcək. Sonrakı mərhələdə Rusiyanın buna hansı cavabları ola bilər məsələsi də maraqlıdır. Çünki Rusiyanın mövcudluğu məsələsi gündəmə gələcəksə, bu zaman Moskva digər vasitələrdən istifadə edəcəyinə işarələr edir.
Əslində, Azərbaycan olaraq biz də bu prosesə cəlb olunmuşuq. Rusiyanın keçmiş SSRİ məkanını öz təsir dairəsinə salmaq strategiyası bizə də toxunur. Digər tərəfdən, Qara dəniz-Xəzər dənizi hövzəsi adlanan dairədə həm Ukrayna, həm də Azərbaycan yerləşir. Bizim orada milyonlarla insanımız yaşayır, böyük diasporumuz var. Bu, Rusiyaya da aiddir. Yəni ən müxtəlif istiqamətlərdən baxsaq, biz bu məsələdə neytral və kənarda qala bilmərik. İstənilən halda bunun nəticələri bizə də aid olacaq.
Məncə, istənilən situasiyada Türkiyə harada olacaqsa, Azərbaycan da orada olmalıdır. Hazırda Türkiyə bu prosesdə vasitəçilik missiyasını yerinə yetirir. Baxmayaraq ki, eyni zamanda da NATO üzvü olaraq alyansın prinsiplərinə sadiqliyini nümayiş etdirir. Hər halda prosesin hərbi münaqişəyə keçməsinin önündə olan əsas qüvvələrdən biri Türkiyədir. Bu prosesdə Türkiyə Azərbayanla birlikdə iştirak edir. Açığı, Azərbaycan da öz müstəqilliyi dövründə ilk dəfədir ki, belə miqyaslı qlobal prosesin subyektlərindən biri kimi çıxış edir. Şübhəsiz ki, bəşəriyyətin xeyrinə uyğun addımların atılması ilə yanaşı kifayət qədər şərait var ki, bundan Azərbaycanın mənafeləri üçün də yararlanmaq mümkün olsun.
- Türkiyə və Azərbaycanın bu vasitəçilik təşəbbüsləri konkret nəticə verə bilərmi, yəni belə imkanlar pəncərəsi varmı, yoxsa prosesi pozacaqlar?- Türkiyə Prezidentinin açıqlamaları da göstərir ki, bir tərəfdən Rusiya ilə ənənəvi əməkdaşlıq münasibətləri önə çəkilir, bu konfliktin aradan qaldırılması üçün müxtəlif təşəbbüslər irəli sürür. Digər tərəfdən, müharibə olacağı təqdirdə Türkiyənin öz prinsiplərinə sadiq qalacağı açıqlanır. Eyni zamanda Ukraynanın ərazi bütövlüyü və Krım məsələsində Ankaranın mövqeyinin dəyişmədiyi vurğulanır. Açığı, bu istiqamətdə Türkiyənin mövqeyini və yanaşmasını indiki məqamda mükəmməl hesab edirəm. Türkiyə faktiki olaraq bir tərəfdən NATO üzvü, digər tərəfdən Rusiya ilə sıx əməkdaşlıq edən ölkə olaraq, həm də önə çıxan və böyük güclərin içərisində real vasitəçilik funksiyasını qəbul etdirən qüvvədir. Təsadüfi deyil ki, Prezident Putin Prezident Ərdoğanın səfər təklifini qəbul edib.
Amma burada onu da qeyd etmək lazımdır ki, Türkiyə həm də Qara dənizin ən böyük sahil ölkəsidir, Ukrayna ilə həmsərhəddir, Rusiya ilə dəniz vasitəsilə sıx təmasdadır. Krım məsələsində Türkiyənin tarixi öhdəliyi var. Zamanında Krım Osmanlının birbaşa tabeçiliyində olmasa da vassalı olub. Həm də bu münaqişə Türkiyənin böyük güc və regional oyunçu olduğunu ortaya qoydu. Hesab edirəm ki, bu da Türkiyənin indiki xarici siyasətinin nailiyyətlərindən biridir.
- İşarə etdiniz ki, Putin SSRİ-yə bənzər format qurmaq, bu məkanda təsirini artırmaq istəyir, Ukrayna böhranı da əslində buna görə yaranıb. Bundan əvvəl biz Qazaxıstan olaylarına şahidlik etdik. Sizcə, Kreml ciddi şəkildə imperiyanı bərpa etmək niyyətinə malikdirmi?- Rusiya hərbçiləri, iqtisadçıları və idarəçiləri Qərbin tətbiq edəcəyi sanksiyalarla bağlı hesablama aparsalar və müəyyən etəsələr ki, bu sanksiyalar Rusiyanın mövcudluğuna dağıdıcı təsir etməyəcək, bu halda Ukrayna məsələsində Putin qəti addımlar atacaq. Burada söhbət birbaşa hücumdan, total əməliyyatlardan getmir. Lokal döyüşlər, hərbi çevriliş və digər müxtəlif variantlara cəhd edə bilərlər. Bu il SSRİ-nin 100 illiyidir. Xatırlayırsınızsa, Putin də SSRİ-nin dağılmasını XX əsrin ən böyük fəlakəti hesab edib. Baxmayaraq ki, bunun bərpasının da mümkün olmadığına dair bəyanatlar verir. Mən düşünürəm ki, Putinin geopolitik strategiyasının reallaşması Ukrayna Rusiyanın təsir dairəsində olmadan mümkün deyil. Şübhəsiz ki, Rusiya bu istiqamətdə səylərini davam etdirəcək. Və Moskva əmin olsa ki, ona tətbiq ediləcək sanksiyaların altından çıxa bilər, o zaman daha real addımlar atacaq. Yox, əgər daxildə fikir olsa ki, sanksiyalar dağıdıcı təsirlər göstərəcək, bu halda riskə getməyəcəklər.
- Putinin bir neçə dövləti təsir dairəsinə alaraq imperiya qurmaq imkanları və resursu nə dərəcədə genişdir?- Mən SSRİ-nin bərpasını mümkün saymıram. Qənaətimcə, Rusiyanın insan, maliyyə və hərbi resursu buna imkan vermir. Üstəlik hazırkı geosiyasi şərait buna imkan tanımır. Zamanında SSRİ-nin yradılması üçün dövrün güclü ideologiyası - kommunizm vardı və o, böyük təsir gücünə malik idi. Həm də I Dünya Müharibəsindən sonra yaranan situasiyada SSRİ-ni qurmaq mümkün oldu. Hesab edirəm ki, bu imkanların heç biri hazırda mövcud deyil. Başqa sözlə, SSRİ formatında nəyinsə bərpası real deyil. Amma buna müəyyən cəhdlər var. Üstəlik Rusiyanın son dövrlər yeni silahları və texnologiyaları haqqında danışılır. Amma mən Rusiyanın yenidən SSRİ kimi bir imperiyanı bərpa edəcəyini mümkünsüz hesab edirəm. Lakin buna cəhd edilməsi region və dünya üçün kifayət qədər təhdidlər törədir.
Rasim Əliyev“AzPolitika.info”