İran İraq və Şam İslam Dövləti (İŞİD) süni qruplaşması yaraqlılarının Nəcəf və Kərbəla şəhərlərində yerləşən şiə ziyarətgahlarını dağıtmasına imkan verməyəcək və bu məqsədlə İraqa hərbçilər də göndərməyə hazırdır.
Azvision.az-ın məlumatına görə, bu barədə İranın “İntibah” qəzetinə İranın daxili işlər naziri Abdulrza Rəhmani Fəzli bildirib.
“Prezident Həsən Ruhani hökumətin iclasında bəyan edib ki, bu şəhərlərə İŞİD yaraqlılarının yaxınlaşması təhlükəsi yarandıqda, İran qonşu dövlətə elit qoşunları göndərəcək. Bu ölkəyə müdaxilə İraq tərəfi ilə razılaşdırılacaq və İŞİD-in məhv edilməsinə istiqamətlənəcək” – deyə, Fəzli bildirib.
Nəşrin verdiyi məlumata görə, hazırda İran bununla bağlı yaxın vaxtlarda xüsusi hərbi təlimlər keçirməyə hazırlaşır. Təlimlərdə İraq aviasiyasi və pilotsuz təyyarələri də iştirak edəcək
Xatırladaq ki, iyun ayının əvvəlindən etibarən İraqda hökumət qüvvələri ilə “İraq və Şam İslam Dövləti” (İŞİD) silahlıları arasında qanlı döyüşlər davam edir. Mosul və Kərkük şəhərləri də daxil olmaqla bir sıra İraq şəhərləri İŞİD yaraqlıları tərəfindən ələ keçirilib